“Rusiyanın Xankəndidəki separatçı ermənilərlə bağlı qurduğu oyunu faş edildi”

0

Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycan üçün aktuallıq kəsb edən məsələlər barədə tam açıq mətnlə danışması təqdirəlayiq haldır. Şuebel-Əliyev görüşünün əsas müzakirə mövzularından biri də Rusiyanın milyarder Ruben Vardanyan üzərindən Xankəndidəki separatçı ermənilərlə bağlı qurduğu oyunun faş edilməsi oldu.

Prezident bu məsələyə indiyə qədər heç vaxt münasibət bildirməmişdi. Rəsmi Bakının bu məsələyə təmkinlə yanaşması bir tərəfdən ictimai rəydə arxayınçılıq yaradırdısa da, lakin Vardanyanın Xankəndiyə gəlişinin sıradan bir köç hadisəsi olmadığını düşünən, onun birbaşa Kremlin maraqlarına xidmət etdiyini bildirənlər və bununla əlaqədar narahatlığını dilə gətirənlər də vardı. Dövlət başçımızın Dirk Şuebel ilə söhbət zamanı Vardanyan haqda söylədikləri də sözügedən narahatlıqların heç də əbəs olmadığını təsdiqləyir.

Cənab Prezident açıq şəkildə bildirdi ki, rəsmi Bakı Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, amma Moskvanın göndərdiyi Vardanyan kimi insanlarla yox. Niyə Vardanyan kimilərlə yox? Çünki Prezident İlham Əliyev Kremlin divarları arasında cızılan “Vardanyan planı”nın sülhə deyil, separatçılığın daha da körüklənməsinə və son nəticədə Rusiyanın bölgədə mövcudluğunun təmin edilməsinə, eləcə də rus sülhməramlılarının mandatının uzadılmasına xidmət etdiyini çox gözəl anlayır.

İlham Əliyev Vardanyanın Xankəndinə “xüsusi təyinat”la göndərilməsi ilə bağlı bu mənhus planı bir neçə cümlə ilə tamamilə darmadağın etdi: “O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi”.

İlham Əliyevin bu mesajının həm Moskvada, həm də İrəvanda “soyuq duş” effekti yaratması gözlənilən idi. Bu mesajla rəsmi Bakı öz qəti mövqeyini ortaya qoydu və bununla da Vardanyanın Qarabağın erməni əhalisinin rəsmi təmsilçisi kimi masaya əyləşdirilməsi planının Azərbaycan üçün qəbulolunmazlığı birmənalı surətdə bəyan edildi.

Artıq rəsmi Bakı Qarabağda yaşayan erməni vətəndaşları ilə kiminsə məkrli planı əsasında yox, yalnız özünün məqbul hesab etdiyi şərtlər əsasında danışmağa hazır olduğunu əminliklə nümayiş etdirir. Moskva Bakının diplomatik məharət və siyasi uzaqgörənliklə hesablanmış belə bir çevik gediş edəcəyini yəqin ki, gözləmirdi. Azərbaycan Prezidentinin milli maraqlarımıza təhdid yaradan planları vaxtında bloklamasını alqışlayırıq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »