18 noyabr tarixdə BƏƏ səfirliyi Bakı Avrasiya Universiteti ilə əməkdaşlıq çərçivəsində İnsan Qardaşlığı Sənədi mövzusunda onlayn görüş keçirib.
Səfirlikdən İctimairey.az-a verilən məlumata görə, tələbələri salamlayaraq, əlahəzrət səfir Mohammed AlBlooshi qeyd etdi ki, Birləşmiş Ərəb Əmirlikləri, onun rəhbərliyi və xalqı tolerantlığın, harmoniyanın, hörmətin birliyini təmsil edir.
“Əmirliklər sülh və dini tolerantlıq ölkəsidir – burada hər kəs müxtəlif dinlərə və inanclara baxmayaraq, bir-biri ilə harmoniya və dinc yanaşı yaşamaq şəraitində yaşayır,” deyə səfir bildirdi. Səfir vurğuladı ki, gənc nəsil İnsan Qardaşlığı Sənədinin müddəalarını bilməlidir.
4 fevral 2019-cu il tarixdə Əbu-Dabidə Əl-Əzhər Əl-Şərif Şeyxi Böyük İmam Dr. Əhməd Əl-Tayib və Katolik Kilsəsinin Papası Papa Fransisk arasında keçirilən tarixi görüşü xatırladan səfir, BMT səviyyəsində 4 fevral gününün Beynəlxalq İnsan Qardaşlığı Günü kimi qeyd edildiyini diqqətə çatdırdı. Səfir bildirdi ki, məhz həmin tarixdə bu sənəd imzalanmışdır.
Görüşdə filologiya üzrə fəlsəfə doktoru Hüseynova Ülviyyə və tələbələri ərəb dilində mövzuya dair fikirlərini bölüşdülər, şeir oxudular.