Avqustun 2 -də Bakı məhkəməsində iki erməninin hər biri 20 il müddətinə azadlıqdan məhrum edildi, cəzalarını biri 10 ilini ümumi rejimli koloniyada, ikinci isə 10 ilini ciddi rejimli koloniyada çəkəcəkdir.
İctimairey.az xəbər verir ki, Lyudvik Mkrtıçeviç Mkrtıçyan və Alesa Aramaisoviç Xosrovyan “birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı əsirlərə işgəncə verməkdə və başqa cinayətlər törətməkdə” ittiham olunublar. İstintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib. İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib. Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib. Xatırladaq ki, “L. Mkrtyçyan 20 oktyabr 2020 -ci ildə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən saxlanılıb. A. Xosrovyan isə, 3 oktyabr 2020 -ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən cinayət törətdiyi zaman saxlanılıb. Hər ikisi Azərbaycan ərazisində kəşfiyyat işləri aparmaq cəhdinə görə günahlandırılıb. L. Mkrtıçyan və A. Xosrovyana qarşı 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunla nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaq), 318.2 (dövlətin qanunsuz keçidi) maddələri və Azərbaycan Cinayət Məcəlləsinin digər maddələri ittiham edilib.
Esmira ŞÜKÜROVA
İctimairey.Az