Bayramovdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

0

Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.

XİN-dən Axar.az-a bildirilib ki, görüşdə Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, enerji, investisiya, təhsil və digər sahələrdə mövcud əməkdaşlıq gündəliyi, həmçinin bölgədəki cari vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov iqtisadi sahədə, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, enerji təminatının diversifikasiyasında Azərbaycanın rolundan bəhs edib. Bu xüsusda, 18 iyul 2022-ci il tarixində Aİ-yə qaz nəqlinin iki dəfə artırılması, o cümlədən alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti vurğulanıb. İşğaldan azad olunmuş ərazilərdə geniş enerji potensialının mövcudluğu və bu potensialdan səmərəli istifadə üçün Azərbaycan tərəfindən bir sıra layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb.

Azərbaycan və Aİ arasında investisiyalar sahəsində əməkdaşlıqdan bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycanın investisiyaları təşviq edən ilk ölkələrdən biri kimi bu xüsusda imzalanan müqavilələrdə təsbit edilən öhdəliklərinə daim sadiq olduğunu bildirib.

Nazir Azərbaycan və Aİ arasında mövcud ticarət dövriyyəsinin məmnunluq doğurduğunu, habelə dövriyyənin daha da artırılması üçün imkanların mövcud olduğunu ifadə edib.

Ceyhun Bayramov Azərbaycanın Şərq-Qərb Dəhlizində tutduğu yerin, o cümlədən bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. Bu xüsusda, bölgədə kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin işə salınması istiqamətində Azərbaycan tərəfindən atılan addımların Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşdiyi diqqətə çatdırılıb.

XİN başçısı həmçinin post-münaqişə mərhələsində regionda yaranmış yeni reallıqlar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə yaşayan erməni əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, habelə mina təhlükəsi, Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Petr Mixalko Azərbaycan və Aİ arasında əməkdaşlıq imkanlarının, habelə regionda vəziyyətin müzakirəsi üçün yaradılan belə bir şəraitə görə təşəkkür edib. Petr Mixalko əməkdaşlığın inkişafında ali və yüksək səviyyəli təmasların mühüm rol oynadığını bildirib. Bu xüsusda, Azərbaycanla Avropa İttifaqı arasında yeni Saziş layihəsinin tezliklə yekunlaşdırılmasının əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub.

Daha sonra nazir Aİ üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin çoxsaylı suallarını cavablandırıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »