Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri “Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” metro stansiyasında biirgə yanğın-taktiki təlim keçiriblər.
İctimairey.Az FHN-in saytına istinadən xəbər verir ki, təlim-məşqin mövzusu “Dərnəgül” stansiyasının 2-ci baş yolunda dayanan qatarın 1-ci vaqonunda baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi olub. Belə ki, şərti yanğın hadisəsi barədə səsucaldıcıyla məlumat verilib və Metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılmaqla yanaşı, hadisə barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib.
Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi və Nərimanov rayon Yanğından Mühafizə hissələrinin qüvvələri hadisə baş vermiş ünvana gələrək şərti yanğını qısa müddət ərzində söndürüblər.
Təlim başa çatdıqdan sonra FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı davranış, Metropoliten ərazisində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib. İctimairey.Az