Dövlət yaratmaq, cümhuriyyət qurmaq bəyəm bu qədərmi asan işdir? 200-dən çox Azərbaycan ziyalısının bizim tarixi torpaqlarımızda (hazırkı Ermənistan Respublikasının ərazisində) “Göyçə-Zəngəzur Respublikası”nın yaradılması ilə bağlı bəyanat yayması və hətta Türkiyənin paytaxtı Ankara şəhərində bu “respublika”nın nümayəndəliyinin açılması, bayrağının təqdim edilməsi xəbərini eşidəndə ağlıma gələn ilk sual bu oldu. Bu nə təfəkkürdür? Bu cür zərərli ideyanı ortaya atanlar əcaba, nə yeyib-içirlər? Bunlar atdıqları addımın sonrakı nəticələrini yüz ölçüb bir biçiblərmi, mümkün fəsadlarını hesablayıblarmı?
Əslən Göyçədən, Zəngəzurdan, İrəvandan olan bəzi soydaşlarımız son dönəmlərdə bir-birinin ardınca kağız üzərində artıq 3 “respublika” yaradıblar. Biri öz “respublika”sının adını “Göyçə-Zəngəzur Cumhuriyyəti ” qoyub, digəri “İrəvan Türk Cümhuriyyəti” yaradıb. Daha öncə isə “Qərbi Azərbaycan Respublikası” elan edilmişdi. Bu gedişlə hələ başqa “cümhuriyyət”lər də ortaya çıxacaq. Bəs bu cür avantürist təşəbbüslər nədən irəli gəlir?
Məsələ burasındadır ki, bu cür qondarma “layihə”lərin dalınca düşənlərin bəzilərinin dövlətçilik anlayışı yoxdur, bəziləri tarixdən bixəbərdir, bəzilərinin xaraktercə avantürist olması onları bu cür qalmaqallı və ziyanlı addımlar atmağa təhrik edir, digərləri isə sadəcə müasir “xanlıq” eşqinə düşənlərdir. Onlar Bütöv Azərbaycan hədəfimizin işığına toplaşmaqdan və həmrəy olmaqdansa, onsuz da tarixən dəfələrlə bölünmüş məmləkətimizi indi bir daha yenidən parçalamağa xidmət edirlər.
Dayanın, bəylər! Öncə gedin heç olmasa, bir-iki tarix dərsliklərini oxuyun, bir əsr öncəki tariximizlə yaxından maraqlanın. Siz bilməlisiniz ki, hazırkı Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yeganə hüquqi-siyasi varisidir. Bu isə o deməkdir ki, indiki dövlətimiz həm də keçmiş Cümhuriyyət ərazilərinin (o cümlədən Zəngəzurun) tarixi, hüquqi sahibidir. Vəssalam, burda başqa bir söhbət ola bilməz. Hər yerindən duran özünü yuyulmamış qaşıq kimi ortaya atıb xəyali “dövlət” qura bilməz.
Dövlət qurmaq çox ciddi məsələdir. Amma sizlər isə beynəlxalq hüquqa sığmayan bu cür yersiz, təməlsiz, köksüz təşəbbüslərinizlə hətta dövlət yaratmaq kimi taleyüklü bir məsələni də qeyri-ciddiləşdirirsiniz. Üstəlik də gənc nəslin təfəkkürünü yanlış tarixi “həqiqət”lərə doğru yönləndirirsiniz, insanlarımızda çaşqınlıq yaradırsınız. İndi hər fürsətdə və hər kürsüdən yalnız Bütöv Azərbaycan davasını aparmaq lazımdır.
Ziyanlı ideyalara rəvac vermək, düşmənin qondarma “Artsax” iddiasına “yaşıl işıq” yandırmaq, ona legitimlik donu qazandırmaq lazım deyil. Biz Azərbaycanın tarixi torpaqları sayılan hazırkı Ermənistan dövlətinə azərbaycanlıların qayıdışını təmin etmək, onların öz qədim yurdlarında yaşamaq hüquqlarının, milli-mədən və siyasi hüquqlarının bərpa edilməsini istəyiriksə bununçün daha səmərəli və adekvat yollar axtarıb tapmalıyıq. Biz ermənilərin tayı deyilik ki, onlar kimi qondarma “ideya”ların dalınca düşək, miflərlə yaşayaq.
Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri