Parisdə azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb- FOTO

0

Parisdə “Village Suisse” incəsənət şəhərciyində tanınmış rəssam, “Toile d’Or” (Qızıl kətan) mükafatçısı Nigar Nərimanbəyovanın təşkilatçılığı ilə azərbaycanlı rəssamların əsərlərindən ibarət “Xəyal tətili” adlı sərginin açılışı olub.

Ictimairey.az xəbər verir ki, “Village Suisse” incəsənət şəhərciyinin “İnternational Art” qalereyasında təşkil olunmuş sərgidə Nigar Nərimanbəyovanın cari ilin iyul və avqust aylarında Bakıda xalqımızın, qəhrəman hərbçilərimizin və vətənimizin kompozisiya və simvolik obrazının yaradılmasına həsr edilmiş “44 günlük Vətən müharibəsində Qələbə”, “Doğma diyarın peyzajı”, “Azərbaycan qadınlarının portreti” və “Nizami Gəncəvi İli”nə həsr edilmiş ustad dərslərində iştirak etmiş şagirdlərinin əsərləri nümayiş olunub. Mədinə Abbaslı, Mədinə Qarayeva, Məryəm Qarayeva, Tahir Qarayev, Əli Həşimli, Cavad Həşimli, Fərəh Hacızadə, Əfruz Rəhimova kimi azərbaycanlı rəssamların əsərləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Kiçik rəssamlar rəngli dünyalarını və arzularını fırça dili ilə kətan üzərində əks etdiriblər

Nigar Nərimanbəyova bildirib ki, əsərlərinin Parisdə nümayiş olunması kiçik rəssamlar üçün böyük stimuldur.

“Belə istedadlı uşaqların əsərlərini geniş auditoriyaya təqdim etmək, beynəlxalq aləmdə tanıtmaq vacibdir. Burada nümayiş olunan əsərlərdə kiçik rəssamlarımızın duyğularını görürük. Nümayiş olunan əsərlər fərqli və təkrarsızdır. Hər bir əsər uşaqların rənglərə çevirdikləri duyğu və hisslərini təqdim edir. Əsərlərin mövzuları da rəngarəngdir.

Əminəm ki, bu sərgi rəssamlarımız üçün motivasiya mənbəyi olacaq, onları daha da ruhlandıracaq”, – deyə N.Nərimanbəyova bildirib. Qeyd edib ki, bu rəssamların əsərləri sentyabrın ikinci yarısında Luvr muzeyinin Karusel salonunda da nümayiş olunacaqdır

“Business Art Fair” Salonunun komissarı, “La Gazette des Arts & Livre d’art” jurnalının naşiri Jorj Levi azərbaycanlı uşaqların istedadından söz açaraq, onların əsərlərini yüksək qiymətləndirib. Azərbaycanlı rəssamlara sertifikatlar təqdim olunub

“İnternational Art” qalereyasında təşkil olunmuş “Xəyal tətili” sərgisi sentyabrın 12-dək davam edəcək.

Şəhla Ağalarova Azərtac

Leave A Reply

Your email address will not be published.

Tərcümə »