Şirvan şəhərində şəhid anaları ilə görüş keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun şəhid anaları ilə keçirdiyi görüşdə Salyan rayonundan gələn bir qrup şəhid anaları da iştirak edib.
İctimairey.az Şirvan Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə bildirir ki, görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı, müavinləri, şöbə müdirləri və məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə, təşkilat əməkdaşları və din xadimləri iştirak ediblər.
Tədbirdən əvvəl şəhid məzarları, Şirvan şəhərindən olan Milli Qəhrəmanların büstləri ziyarət edilib. Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi önünə gül çələngləri və tər qərənfillər qoyulub, şəhidlərin ruhuna dualar edilib.
Görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov belə qəhrəman övladlar yetişdirən şəhid analarına təşəkkürünü və minnətdarlığını bildirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin erməni təxribatlarına və təcavüzünə qarşı 44 gün davam edən Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqdan, sıldırım qayaları keçərək Şuşanı azad etmələrindən söhbət açılıb. Bildirilib ki, hazırda işğaldan azad edilən tarixi torpaqlarımızda abadlıq, quruculuq işləri aparılır, yol və digər infrastruktur layihələr uğurla həyata keçirilir. Həmçinin şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışılıb. Bu qayğının yerlərdə də, o cümlədən Şirvan şəhərində də davam etdirildiyi bildirilib. Respublikamızda ilk dəfə olaraq şəhər mərkəzində quraşdırılan monitorda Şirvandan olan şəhidlərin fotoşəkilləri və məlumatlarının mütəmadi təbliğindən, Şirvan Şəhidlər Xiyabanında şəhid anaları şərəfinə “Şəhid Anası” memorial abidə kompleksinin ucaldılmasından söhbət açılıb. Vurğulanıb ki, qəhrəman əsgər və zabitlərin şərəfinə “Zəfər” abidəsi qoyulub, qələbəmizin şərəfinə “Zəfər” və “Qarabağ” xiyabanı salınıb, orden və medallara layiq görülən Şirvan şəhidlərinin adlarının küçələrə və məktəblərə verilməsi istiqamətində işlər görülüb. Şəhid ailələrinə və qazilərə dövlət qayğısının bundan sonra da davam etdiriləcəyi bildirilib. Şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa dilənib.
Tədbirdə Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək həyata keçirilən dövlət siyasətinin mühüm məqamlarından, əldə olunan uğurlardan, şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən qayğıdan danışıb, şəhid analarına belə qəhrəman övladlar böyütdükləri üçün minnətdarlıqlarını bildiriblər.