Yeni Dehli xarici diplomatik nümayəndəliklərin hesablarına və Pakistan mediasının Twitter səhifəsinə girişi bloklayıb.
Pakistan Xarici İşlər Nazirliyi bir sıra xarici səfirliklərin Twitter hesablarının bu ölkənin hakimiyyət orqanları tərəfindən bloklanması ilə əlaqədar, Hindistana etiraz notası təqdim edib.
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Yeni Dehli Pakistan, İran, Türkiyə, Misir, Birləşmiş Millətlər Təşkilatının missiyası və dövlət yayımı Radio Pakistana aid olanlar da daxil olmaqla 80 rəsmi Twitter hesabına girişi bloklayıb.
Xarici İşlər Nazirliyi Hindistanın hərəkətlərinin beynəlxalq normalara, standartlara və öhdəliklərə zidd olduğunu bildirib.
Qeyd olunur ki, bu vəziyyət Hindistanda fundamental azadlıqların məhdudlaşdırılması istiqamətində narahatlıq doğuran tendensiyanı əks etdirir.
Pakistan Xarici İşlər Nazirliyi Hindistan hakimiyyətini sözügedən Twitter hesablarına girişi bərpa etməyə çağırıb.