Naxçıvan Dövlət Universiteti ilə İstanbul Yeditepe Universiteti arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb-FOTO
Naxçıvan Dövlət Universiteti ilə İstanbul Yeditepe Universiteti arasında müqavilə
Birinci Beynəlxalq Tibb Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə İstanbul Yeditepe Universiteti arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb.
Ictimairey.az xəbər verir ki, NDU-nun Televiziya, mətbuat, ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, bununla əlaqədar keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu ifadə edib.
Rektor rəhbərlik etdiyi ali təhsil ocağının kadr potensialı, professor-müəllim heyətinin malik olduğu elmi bazası, maddi-texniki imkanları, beynəlxalq əlaqələri, tərəfdaş olduğu xarici ölkə universitetləri haqqında məlumat verib. Bildirib ki, əməkdaşlıq universitetlər arasında bağlanılmış müqavilələr əsasında qurulur, müəllim və tələbələrin mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin ixtisasartırması, informasiya və elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir. Rektor universitetin beynəlxalq əlaqələrində Türkiyə universitetlərinin xüsusi rolu olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, ali təhsil ocağı Türkiyənin 130-dan çox universiteti ilə beynəlxalq əməkdaşlığa malikdir. Elbrus İsayev artıq bu tədris ilindən etibarən Yaponiya universitetləri ilə də beynəlxalq əlaqələrin qurulduğunu bildirib. Qeyd edib ki, universitet elmi-tədqiqat fəaliyyətinə xüsusi diqqət yetirir və professor-müəllim heyətinin beynəlxalq indeksli nəşrlərdə elmi məqalələrinin dərc olunması məqsədilə nüfuzlu jurnallarla əməkdaşlığa üstünlük verilir.
İstanbul Yeditepe Universitetinin rektoru, professor Canan Aykut Bingöl ilk dəfədir NDU-da olmaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, 1996-cı ildə əsası qoyulan universitet bir çox sahədə öncül olmaqla bərabər, ABŞ, Kanada, Rusiya, Cənubi Amerika başda olmaq üzrə dünyanın onlarla ölkəsi ilə beynəlxalq əməkdaşlığa malikdir. 13 fakültə ilə texniki sahədə kadr hazırlığını həyata keçirən universitetdə Tibb, İqtisadiyyat, Mühəndislik, Hüquq, Ədəbiyyat və digər ixtisaslar üzrə müasir akademik proqramlara uyğun ingilis dilində tədris həyata keçirilir. Professor diqqətə çatdırıb ki, universitet Türkiyədə ilk dəfə olaraq günəş enerjisindən istifadə edərək öz enerjisini təmin edən ali təhsil ocağıdır.
Hər iki universitetin nümayəndə heyəti arasında birgə əməkdaşlığa dair müzakirələr aparıldıqdan sonra müqavilə imzalanıb. Müqavilədə akademik məlumat və materialların mübadiləsi, akademik sahədə əməkdaşlıq, professor-müəllim heyətinin, tədqiqatçıların və digər elmi-tədqiqat işçilərinin mübadiləsi, magistr və bakalavr sahələri üzrə mübadilə proqramları, birgə layihələr və tədqiqat əməkdaşlığı həyata keçirmək, simpoziumların təşkili maddələri öz əksini tapıb. Birgə müzakirələrdə sosial elmlərdə NDU təcrübəsindən yararlanmaq məsələsi xüsusi qeyd olunub.
Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra Yeditepe Universitetinin rektoru Canan Aykut Bingöl universitetin xatirə kitabına ürək sözlərini yazıb, xatirə şəkli çəkdirilib. Azətrac