Paşinyan Xankəndi ilə bağlı təxribata hazırlaşır: Rəsmi Bakının savaş elan etməsinə səbəb yaranır

0

Paşinyan Xankəndi ilə bağlı təxribata hazırlaşır

IctimaiRey.az Paşinyan hakimiyyəti Kremlin təzyiqləri altında Azərbaycan və Ermənistan arasında növbəti müharibəyə səbəb ola biləcək addımlar atarsa, regionda yeni silahlı toqquşmalara görə məhz rəsmi İrəvan məsuliyyət daşıyacaq; Ancaq bu dəfə Rusiyanın Ermənistanı Azərbaycan ordusundan xilas etməsi o qədər də asan olmayacaq…
Rusiyadan Ermənistana yönəlik təzyiqlərin artmaqda olduğu müşahidə olunur. Kreml Paşinyan hakimiyyətini Rusiyanın maraqlarını təmsil etmək məcburiyyətində buraxmağa çalışır. Və son vaxtlar buna böyük ölçüdə nail ola bildiyi də qətiyyən diqqətdən yayınmır.
Hazırda Ermənistan baş naziri Nikol Paşinyanın yürütdüyü xarici siyasət xaotik xarakter daşıyır. Belə ki, rəsmi İrəvanın geopolitik mövqeyi qətiyyən davamlı deyil. Qərb siyasi dairələri ilə ünsiyyətdən sonra Rusiyanın maraqlarını gözardı edən addımlar atılır. Kremldən təzyiqlər artan kimi isə dərhal Ermənistanın Rusiyanın for-postu statusunda öz üzərinə götürdüyü öhdəliklər ön plana keçirilir.
Erməni baş nazirin Rusiyaya səfərindən sonra da rəsmi İrəvanın təxminən oxşar xaotik davranışları diqqəti çəkir. Moskvadan İrəvana qayıtdıqdan sonra baş nazir Nikol Paşinyan Brüssel anlaşmaları ilə kəskin ziddiyyət təşkil edən mövqedən çıxış etməyə başladı. Halbuki, ona qədər erməni baş nazir əsas hədəflərinin məhz Azərbaycanla sülh sazişi imzalamaq, Türkiyə ilə münasibətlərin normallaşdırılması olduğunu qətiyyən gizlətmirdi. Və onun səfərdən sonrakı mövqe dəyişikliyində Rusiya prezidenti Vladimir Putinin Kremldə verdiyi təzyiqyüklü təlimatlarının xüsusi təsiri olmamış deyildi.
Paşinyan Xankəndi ilə bağlı təxribata hazırlaşır
Ancaq nə qədər qəribə də olsa, baş nazir N.Paşinyan bütün bunlara parallel olaraq, Azərbaycan və Ermənistan arasında Rusiyanın iştirakı olmadan ikitərəfli təmasların davam etdirilməsinə də cəhd göstərirdi. Bir müddət öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin telefonla məhz Brüssel anlaşmaları üzrə öhdəlikləri müzakirə etmələri də bunu təsdiqləyir. Rəsmi İrəvanın bu ikibaşlı davranışları Rusiyanın “Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanmasına, sərhədlərin delimitasiya və demarkasiya prosesinə hazırıq” reaksiyası ilə cavablandırıldı. Və bu, Kremlin “mənsiz heç bir addım atma” tələbi ilə rəsmi İrəvana növbəti xəbərdarlıq mesajı da sayıla bilər.
Halbuki, Kremlin Paşinyan hakimiyyətinə xəbərdarlıq mesajları yalnız bununla məhdudlaşmır. Belə ki, hazırda paytaxt İrəvan da daxil olmaqla, Ermənistanın bir çox yaşayış məntəqələrində Paşinyan hakimiyyətinə qarşı istefa tələbləri ilə kütləvi etiraz aksiyaları keçirilir. Rusiyaya bağlı olduqları qətiyyən şübhə doğurmayan revanşist müxalifət yalnız istefa tələbləri ilə kifayətlənmir, baş nazir Nikol Paşinyanın həbs edilməsinin vacibliyini də gündəmə gətirir.
Bütün bunlar onu göstərir ki, Kreml Ermənistanda iğtişaşlar törətmək cəhdləri ilə Paşinyan hakimiyyətini çıxılmaz vəziyyətə salmağa çalışır. Rəsmi İrəvanı Rusiyanın Ermənistan üçün cızdığı xətdən kənara çıxmasının qarşısını almağa cəhd göstərir. Paşinyan hakimiyyətinin ictimai dayaqları yetərincə güclü olmadığından rəsmi İrəvan Rusiyanın təzyiqləri və tələbləri ilə hesablaşmaq məcburiyyətndə qalıb. Və son günlər bu, açıq-aşkar nəzərə çarpır.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyanın Ermənistan Təhlükəsizlik Şurası ilə Xankəndi-ki separatçl-terrorçu rejimin qondarma “təhlükəsizlik şurasının” birgə iclasını keçirmək niyyətində olduğu barədə məlumatlar yayılıb. Bu, açıq-aşkar Cənubi Qafqazda hərbi-siyasi vəziyyətin ən yüksək həddə qədər gərginləşdirilmnısinə yönəlik yolverilməz bir addımdır. Və əgər, erməni baş nazir belə bir addım atarsa, Azərbaycanın cavab reaksiyası qaçılmaz ola bilər.
Onu da qeyd etmək lazımdır ki, bu barədə Ermənistanın “Hraparak” nəşri Paşinyan hakimiyyətinə yaxın mənbələrə istinadən məlumat yayıb. Nəşrin iddiasına görə, həmin “birgə iclas”ın məhz bu həftənin cümə günü baş tutacağı gözlənilir. “Hraparak” vurğulayır ki, Paşinyan hakimiyyətinin bu addımın atılmasında əsas məqsədləri baş nazirin əvvəlki bəyanatlarını redaktə etmək, Qarabağın Azərbaycana təslim edilməyəcəyinə Ermənistan cəmiyyətini inandırmaqdır: “Ancaq bu, o demək deyil ki, Paşinyan hakimiyyəti Azərbaycanla sülh sazişi imzalamaq planlarından əl çəkib. Bu görüşün gerçək məqsədi məsuliyyəti bölməkdir”.
Ancaq onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin bölüşmək istədiyi məsuliyyətin nəticələri Ermənistan üçün olduqca ağır ola bilər. Hər halda, Paşinyan hakimiyyətinin “təhlükəsizlik şuralarının birgə iclasını” sonuncu dəfə 44 günlük müharibədən öncə Qarabağda keçirdiyi hələ unudulmayıb. Üstəlik, onun nəticələrini də Ermənistan cəmiyyəti hazırda hamıdan daha yaxşı xatırlayır. Çünki, həmin dövrdə bu addımı atan erməni baş nazir sülh danışıqları prosesinin dayandırılmasına və hərbi-siyasi gərginliyin artmasına səbəb olmuşdu. Yekun nəticədəsə, Ermənistan ordusu savaş meydanında darmadağın edilmişdi.
Təbii ki, bu dəfə baş nazir N.Paşinyan növbəti təxribat iclasını Azərbaycanın Xankəndi və ətraf bölgəsində keçirtməyə cəsarət etməz. Çünki bu halda, rəsmi Bakı dərhal Azərbaycan ordusunu hərəkətə gətirmək üçün inkaredilməz səbəb qazanmış olacaq. Və belə olacağı təqdirdə, rəsmi İrəvana təzyiqlərini gücləndirən Rusiya belə, Ermənistanı xilas edə bilməz.
Ona görə də, Azərbaycan ərazisinə ayaq basmaq şansı olmayan baş nazir N.Paşinyanın təxribat iclasının məhz Ermənistan ərazisində keçirə biləcəyi ehtimal olunur. Halbuki, istənilən halda, belə bir təxribatçı addımın rəsmi Bakının sərt reaksiyasına səbəb olacağı da qətiyyən şübhə doğurmur. Çünki rəsmi İrəvanın təxribatı Paşinyan hakimiyyətinin Brüssel anlaşmalarından imtina etməsi, sülh sazişi hazırlığının arxa plana keçirilməsi, Azərbaycana qarşı ərazi iddialarının davam etməsi kimi dəyərləndirilə bilər. Və bütün bunlar Cənubi Qafqazda hərbi-siyasi gərginliyin ən yüksək həddə qədər yüksəlməsi üçün tamamilə yetərlidir.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Kremlin təzyiqləri altında Azərbaycan və Ermənistan arasında növbəti müharibəyə səbəb ola biləcək addımlar atmağa hazırlaşır. Bu baxımdan, rəsmi Bakı qəzəblənib, adekvat addımlarla cavab verərsə, regionda yeni savaşa görə məhz Ermənistan məsuliyyət daşıyacaq. Yeni silahlı toqquşmalar qaçılmaz olacağı təqdirdə, Rusiyanın Ermənistana verə biləcəyi dəstək isə hələlik sadəcə, mübahisə doğura bilər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »