“Qarabağda biznes qurmaq üçün 100-ə yaxın müraciət daxil olub, 390-a yaxını xarici şirkətlərdəndir”

0

“Sahibkarlar Günü”nün qeyd edilməsilə əlaqədar “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfrans keçirilib.

konfransda KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edib.

Konfransda KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təsis edilən “Sahibkarlar Günü”nün qeyd edilməsi sahibkarlığın inkişafına dövlət qayğısının real nümunələrindən biri olmaqla, artıq ənənə halını almışdır:

“Ölkəmizin sosial-iqtisadi inkişafında xüsusi payı olan sahibkarlarımızı bu gün münasibətilə KOBİA adından təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayıram”.

Məmmədov bildirib ki, sahibkarlar sənayeləşmə və iqtisadi artım proseslərinin katalizatoru rolunu oynamaqla dövlətin güclənməsinə və bütün ölkə vətəndaşlarının sosial rifah səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verirlər. Ölkəmizdə də özəl sektorun dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində hər il “Sahibkarlar Günü” biznes mühitinin effektivliyinin daha da artırılması, yeni idarəetmə modellərinin tətbiqi və yeni dəstək mexanizmlərinin yaranması ilə müşayət edilməkdədir.

“Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti də məhz sahibkarlıq sahəsində müasir dövrün çagırışlarına uyğun yeni təşkilati modellərin yaradılmasına və sahibkarlığın təşviqinə yönəldilmişdir. Nəzərə alsaq ki, ölkəmizdə fəaliyyət göstərən biznes subyektlərinin 99.6%-ni KOB subyektləri təşkil edir, o zaman, şübhəsiz ki, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır.

KOBİA özünün hədəf seqmentləri olan startap, mikro, kiçik və orta sahibkarlıq üzrə biznesin yaradılmasından başlayaraq, onun fəaliyyətinin bütün mərhələlərində müxtəlif vasitələrlə onlara dəstək göstərməklə, dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynamaqdadır”.

Orxan Məmmədov,“Biz strateji fəaliyyət gündəliyimizi sahibkarlar ilə qarşılıqlı əlaqə şəklində, onların ehtiyac və inkişaf meyllərini öyrənməklə müəyyən edirik” deyərək çıxışına belə davam edib:

“Bu məqsədlə, həm daxili resurslar, həm də peşəkar şirkətlər cəlb olunmaqla mütəmadi sorğular keçirilir, sahibkarlardan daxil olan müraciətlər təhlil olunur, sahəvi görüşlər və dəyirmi masalar təşkil olunur. Bu baxımdan, əlverişli biznes mühitinin inkişaf etdirilməsi, KOB subyektlərinin maliyyə resurslarına, bazarlara, bilik və innovasiyalara çıxışının yaxşılaşdırılması, eləcə də dövlət və özəl sektorun xidmətlərinə çıxış imkanlarının artırılması KOBİA-nın əsas fəaliyyət istiqamətlərini təşkil edir.  

Ötən dövrdə qeyd edilən istiqamətlər üzrə bir sıra dəstək mexanizmləri yaradılmış və istifadəyə verilmişdir. Onların sırasında daxili bazar araşdırmalarına dəstək, elm, tədqiqat, dəstək və innovativ proqramlar üzrə qrantların verilməsi və digərlərini qeyd etmək olar. Ölkəmizin 2 fərqli regionunda fəaliyyət göstərən KOB Evlərimiz “one-stop shop” formatında “G2B” və “B2B” xidmətlər göstərməkdədir və yaxın zamanda Bakı şəhərində də növbəti KOB evinin sahibkarların istifadəsinə verməklə onların əhatə dairəsini genişləndirəcəyik. Rəqəmsal e-KOB evi platforması istifadəyə verildikdən sonra isə bu xidmətlərin “non-stop-shop” rejimində  onlayn formada göstərilməsi də təmin olunacaqdır. Hazırda ölkənin 31 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edir. Bilik və bacarıqlara çıxışın təşviqi məqsədilə Bakıda və regionlarımızda 21 KOB İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Bu mərkəzlərdə təlimlər, məsləhət və şəbəkələşmə üzrə xidmətlər ödənişsiz əsasda həyata keçirilir. Agentliyimiz tərəfindən verilən startap sertifikatları vasitəsilə innovativ sahibkarlar vergi güzəştlərini əldə etmiş olurlar.

Əlbəttə ki, sadaladıqlarım KOBİA tərəfindən təmin edilən dəstək və xidmətlərin bir hissəsini təşkil edir. Əsas məqsədimiz KOB-ların iqtisadiyyatda rolunun artırılması, onların iştirakı ilə daha çox əlavə dəyərin yaradılması, KOB-ların məşğulluqda və ixracda payının daha da yüksəlməsinə nail olmaqdır.

Lakin bu gün olduqca dinamik bir mühitdə yaşayırıq və baş verən dəyişiklərə, yaranmış yeni iqtisadi reallıqlara çevik reaksiyanın verilməsi və strateji fəaliyyət gündəliyimizə yeni elementlərin daxil edilməsi olduqca vacibdir. Belə ki, bizneslərin rəqəmsal və yaşıl transformasiyası yaxın gələcəkdə qlobal iqtisadi landşaftı və investisiya axınını müəyyənləşdirəcək meyllər olacaqdır.

Qeyd edilən məsələlər sahibkarlıq subyektlərinin dayanıqlığının və rəqabət qabiliyyətinin artırılması, eləcə də qlobal dəyər zənciri sisteminə daha geniş inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir”.

KOBİA-nın sədri əlavə edib ki, alobal iqtisadiyyatlara böyük təsir edən COVİD-19 pandemiyası da müasir və mütərəqqi texnologiyalara əsaslanan biznes proseslərinə malik müəssisələrin gözlənilməz şoklara daha davamlı olduğunu bir daha nümayiş etdirdi. Ümumilikdə, KOB subyektləri, xüsusilə mövcud resurslar nəzərə alınmaqla, mikro və kiçik bizneslər pandemiyanın təsirlərinə daha ciddi məruz qalmışdı. Bu çətin dövrlərdə KOBİA sahibkarlarla davamlı şəkildə təmasda oldu, pandemiyanın ölkədə biznesin inkişafına təsirini müəyyən etmək üçün müxtəlif sektorlardan olan sahibkarlarla üzbəüz və onlayn formatlarda sahəvi görüşlər, sorğular keçirərək sahibkarların çətinlikləri, gözlənti və təkliflərini öyrəndi. Bütün bunlar isə, əlbəttə, adekvat iqtisadi dəstək paketlərinin formalaşdırılmasında istinad mənbəyi kimi əhəmiyyətli oldu.

“Azərbaycan Hökuməti pandemiyanın neqativ təsirlərinin minimallaşdırılması və iqtisadi artımın stimullaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirdi və keçirməkdə davam edir. Məhz məqsədyönlü fəaliyyətin nəticəsi olaraq 2021-ci ildə mikro sahibkarlıq subyektlərinin ümumi dövriyyəsi üzrə 31%, kiçik sahibkarlıq üzrə 79%, orta sahibkarlıq  üzrə isə 139% artım qeydə alınmışdır.

Əminliklə söyləmək olar ki, 2022-2026-cı illəri əhatə edəcək yeni sosial-iqtisadi inkişaf strategiyası post-pandemiya dövrü üçün bizneslərin daha da inkişafı baxımından yeni imkanlar yaradacaqdır. Şübhəsiz ki, Vətən Müharibəsi nəticəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbə və Qarabağ bölgəsinin işğaldan azad edilməsi də ölkəmizdə bizneslərin inkişaf üçün əlavə mənbələr açmış oldu. Hamımız üçün bəllidir ki, Qarabağ ərazisi zəngin təbii və faydalı resurslara malik bir yerdir. Regionun turizm, kənd təsərrüfatı, aqrar-emal, xalq sənətkarlığı və s. kimi ənənəvi iqtisadi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxarılması böyük perspektivlər vəd edir. KOBİA tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir. Bu günədək KOBİA-ya təqribən 1100-ə yaxın müraciət daxil olub ki, onların 390-a yaxını xarici şirkətlərdən olan müraciətlərdir.

Sadalanan bu rəqəmlər həm yerli, həm də xarici sahibkarların Qarabağda biznes fəaliyyətinə olan marağını göstərir. Əlbəttə ki, sahibkarların bu sahədə fəallığı bölgənin qısa müddət ərzində bərpasına və inkişafına öz töhfəsini verəcəkdir

Leave A Reply

Your email address will not be published.

Tərcümə »