Universitetlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi real deyil

0

Həm paytaxtın, hən də paytaxtımızdakı bir sıra ali təhsil ocaqlarının paytaxtdan bölgələrə köçürülməsi təklifi zaman-zaman müxtəlif ictimai-siyasi xadimlərimiz, ziyalılarımız, mütəxəssislərimiz tərəfindən gündəmə gətirilib. Hazırda bu məsələ yenidən aktuallaşıb. Ancaq indi paytaxtın və universitetlərin bu və ya digər bölgəyə deyil, məhz işğaldan azad olunan ərazilərə – Qarabağa, Şərqi Zəngəzura köçürülməsi təklif olunur.

Belə ki, bəzi siyasilərimiz hesab edir ki, Bakı həddindən artıq yükləndiyinə və şəhərin problemləri çoxaldığına görə paytaxtı Qarabağa köçürmək məqsədəuyğundur. Yəni ki, işğaldan azad olunan ərazilərin bərpası və yenidənqurulması prosesinə start verilməsi də onların fikrincə, paytaxtın sözügedən ərazilərə köçürülməsi işini xeyli dərəcədə asanlaşdıra bilər. Eyni zamanda hazırkı şəraitin universitetlərin də Qarabağa köçürülməsinə və yaxud da ki, ən azından onların Qarabağda filialının açılmasına imkan verdiyini bildirirlər.

Ancaq bu gün çeşidli səbəblər üzündən nə paytaxtın, nədəki universitetlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi real deyil. İlk növbədə isə söhbət zaman amilindən gedir. Çünki universitetlərin köçürülməsi və normal fəaliyyətə başlaması üçün əvvəlcə həmin ərazilərin minalardan təmizlənməsi və bərpası işləri, daha sonra isə məskunlaşdırılması, məcburi köçkünlərin öz yurdlarına qaytarılması prosesi həyata keçirilməlidir. Bütün bunlar isə ən yaxşı halda minimum beş il vaxt tələb edir.

Yəni ki, qarşıdakı 5 il ərzində Ağdamda, Füzulidə və ya Qubadlıda hər hansı bir universitetin normal fəaliyyətə başlaması inandırıcı deyil. Ancaq gələcəkdə isə Bakı Musiqi Akademiyası Şuşaya, Azərbaycan Dövlət Pedaqoji Universiteti isə tutaq ki, Ağdama köçürülə bilər. Yəni ola bilsin ki, perspektivdə bəzi ali təhsil ocaqlarının, eləcə də kolleclərin işğaldan azad edilmiş rayonlarımızdan hər hansı birinə köçürülməsi üçün hansısa zərurət və ya münbit şərait yaranacaq.

O ki qaldı paytaxtın Qarabağa (misal üçün Ağdama, Şuşaya) köçürülməsi məsələsinə, hesab edirəm ki, biz bu məsələyə münasibət bildirərkən tarixi təcrübəmizdən çıxış etməliyik. 20-ci əsrin əvvəlində də, sonlarında da Qarabağ ermənilər tərəfindən talanlara, terrora, işğala məruz qalıbsa, deməli, biz bu təhlükə ilə – erməni təcavüzkarlığı ilə gələcəkdə yenə də üzləşə bilərik. Odur ki, paytaxtı düşmən ölkə ilə sərhədlərimizə yaxın əraziyə köçürmək gələcəkdə milli təhlükəsizliyimiz üçün potensial risk ehtimalını artıra bilər. Ümumiyyətlə, dünyanın əksər ölkələri bu və ya digər səbəblər üzündən paytaxtı qonşu ölkələrlə həmsərhəd ərazilərdəki şəhərlərdə yerləşdirməkdən çəkinir. Zənnimcə, biz də bu ənənədən çıxış etməliyik. İstisnalar isə əlbəttə, ənənəni dəyişmir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »