Mətbuat Şurası jurnalistin vəfatı ilə bağlı nekroloq yaydı

0

Azərbaycan Mətbuat Şurası jurnalist Şamil Şahməmmədovun vəfatı ilə bağlı nekroloq yayıb.

İctimai Rəy xəbər verir ki, nekroloqda deyilir:

“Azərbaycan jurnalistikasına ağır itki üz verib. Ömrünü-gününü söz sənətinə həsr etmiş qocaman həmkarımız – ustad Şamil Şahməmmədov 87 yaşında dünyasını dəyişib. Azərbaycan Mətbuat Şurası mərhumun doğmalarına, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Şamil Məmməd oğlu Şahməmmədov 1934-cü ildə Gəncədə anadan olub. Jurnalist fəaliyyətinə Bakı Dövlət Universitetinin filalogiya fakultəsinin jurnalistika şöbəsinin tələbəsi olduğu illərdən başlayıb. Əvvəl Azərbaycan radiosu ilə əməkdaşlıq edib. Hələ ali təhsili başa vurmamış yeni yaradılmış “Bakı” qəzetinə işə götürülüb.

Milli jurnalistikamızın görkəmli simalarından olan Nəsir İmanquliyevin rəhbərliyi ilə işıq üzü görmüş “Bakı” Ş.Şahməmmədovun formalaşmasında və zəngin təcrübə toplamasında məktəb rolunu oynayıb. 32 il ərzində burada müxbir, şöbə müdiri, məsul katib və baş redaktor kimi çalışıb.

Ş.Şahməmmədov həmçinin “Xalq qəzeti”nin baş redaktor müavini və nəhayət 2002-ci ilə – pensiyaya çıxana qədər Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru olub. AZƏRTAC-ın dünya miqyaslı media təşkilatına çevrilməsində müstəsna xidmətlər göstərib.

Ötən əsrin 60-70-ci illərinin ən möhtəşəm tikililərinin inşası barədə ilk reportajları məhz Şamil Şahməmmədov yazıb. Onun müxtəlif peşə sahiblərinin fəaliyyətindən bəhs edən çoxsaylı oçerkləri cəmiyyətdə böyük maraqla qarşılanıb. İdman jurnalisti kimi də futbol icmalları ilə populyarlıq qazanmış Ş.Şahməmmədovun ədəbi-bədii tərcümələri oxucularda dərin rəğbət hissi doğurub.

Ustad jurnalistin əməyi dövlət səviyyəsində yüksək qiymətləndirilib. Prezident təqaüdçüsü Ş.Şahməmmədov Əməkdar mədəniyyət işçisi fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib.

Ş.Şahməmmədov peşəkarlığı, dərin publisistik duyumu ilə yanaşı, həm də cəsarət və prinsipiallığı ilə də yaddaşlarda qalacaq ziyalı obrazıdır. Həmkarlarına, xüsusən gənclərə diqqət və qayğısı, dəstəyi onu daim uca tutacaq.

Nəcib xüsusiyyətlərə malik, fəaliyyəti ilə məktəbləşmiş, zirvəyə çevrilmiş söz sənəti fədaisinin yoxluğu media ictimaiyyətimiz, ümumilikdə cəmiyyətimiz üçün son dərəcə böyük itkidir. Bir daha mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini, kədərlərini bölüşürük.
Allah rəhmət eləsin!”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »