1994- cü il Mərhum atam bir gün məni özü ilə hazırda Rusiya səfirliyi yerləşən ərazidə bir çay evinə apardı.
Burada əfsanəvi komandir Fred Asif dostları ilə oturmuş idi. Atamla görüşdülər və məni yaxına çağırıb yanında oturdan Fred Asif mənimlə söhbət etməyə başladı “
“Zaur Ağdam daha yoxdur, Qarabağ daha yoxdur. Döyüşləri də görmüsən, bizi də görmüsən. Amma bu barədə danışmayacam. Səninlə bir məsələ barədə söhbət etmək istəyirəm. Ali məktəbə sənəd ver, daxil ol universitetə, oxu. Oxuyub elm sahəsini seç. Xudu müəllimin yolu ilə get. Ağdam və Qarabağ haqqında yaz. Dayanma. Yaz. Tarixi yaz, döyüşçüləri yaz. Gördüklərini və eşitdiklərini topla. Biz ölüb gedəcik, mənim haqqımda heç nə yazma amma Qarabağ uğrunda şəhid olan Allahverdidən yaz, Cəfərdən yaz, HacıƏkbər Rüstəmov əmidən yaz, Yaqubdan yaz, Şirindən yaz…hamı haqqında yaz. Qoyma unudulsunlar. Ağdamı hər cümlədə yaşat. Üç sözündən biri Ağdam olsun. Qarabağ olsun. Yaz oğlum dayanma. Bizə indi döyüşçülərlə yanaşı alimlər də lazımdır..elm lazımdır. Qələm lazımdır. Yaz.”
Bu sözləri deyən zaman Fred Asif həyəcanlı idi. O, üzərimdə böyük bir iş qoydu. O, mənim alim olmağım üçün həyatımın məqsədini qoydu. O , mənim Qarabağ haqqında, Ağdam haqqında yazdığım kitabların əsas xəttini verdi. O, bir insanın ömür yolunun bünövrəsini qoydu. Qarabağ bu gün azaddır. Ağdam bu gün azaddır. Əziz komandir Fred Asif. Amma mən dediklərini elədim. Yazdım, dayanmdan yazdım . Tapşırdığın kimi alim oldum. Bundan sonra da yazacam. Qarabağ və Ağdamın tarixlərdə qalması üçün kitablar yazmışam və yazacam da.
Ruhun şad olsun Komandir. .
Sən bizim baş tacımızsan!
Dosent, Zaur Əliyev
İctimairey.Az