Rusiya prezidenti Vladimir Putinin ağır xəstə olduğu haqda əvvəllər də iddialar səsləndirilib. Lakin bugünlərdə Böyük Britaniyanın Putinin düçar olduğu xəstəkiklərlə bağlı “Daily Mail” nəşrində dərc olunan yazı Rusiyanın Ukraynaya qarşı hərbi hücumunu davam etdirdiyi bir vaxtda daha çox səs-küyə səbəb oldu.
Məqalədə Putinin demans, Parkinson xəstəliyi və ya xərçəng steroid müalicəsi nəticəsində yaranan beyin pozğunluğundan əziyyət çəkdiyi qeyd olunub.
İctimaiRəy.az- Putinin əziyyət çəkdiyi iddia edilən xəstəliklərin əlamətləri və mümkün fəsadları haqda araşdırmanı təqdim edir.
Demans – Beyinə mənfi təsir göstərən xəstəlik növlərindəndir. “Alzhemer” xəstəliyi ilə qarışdırılır, ancaq tamamilə fərqlidir. Bu xəstəlik adətən 50-60 yaş arasındakı kişilərdə müşahidə edilir – dil qabiliyyətinin zəifləməsi, mücərrəd düşünmə, mühakimə kimi zehni funksiyaların axsaması və zamanla itirilməsi vəziyyətidir. İnsan ömrü uzandıqca bu xəstəlik riski də yüksəlir.
Yaşlı insanlarda unutqanlığın səbəbi olaraq bilinsə də, əksər zaman fərqli əlamətlərlə üzə çıxır. Ailədə olan xroniki psixoloji problemlər, beyin damar xəstəlikləri, demans xəstəliyinin olması, beyin travmaları bu xəstəliyin inkişafına səbəb ola biləcək əsas səbəblərdən biridir.
Xəstəliyin əlamətləri – danışarkən çətinlik çəkmək, yaddaşsızlıq, kefsizlik – insanlara qarşı güvənsizlik, xoşbəxtkən qəfil yaranan kefsizlik, təkrarlanan eyni davranışlar, davranışın edilmə səbəbini unutmaq, günlük işləri etməkdə yaranan çətinlik, birdən-birə yaranan yorğunluq hissi…
Bu xəstəliyin erkən diaqnoz zamanı müalicəsi mümkündür. Ancaq xəstəlikdən tamamilə xilas olmaq çətindir. Dərman, vitaminlər xəstəliyin ağır formasına tutulmaqdan qoruyur.
Parkinson xəstəliyi – “Alzheimer” xəstəliyindən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir. Diaqnozu qoyulduqdan sonra insan 20 il və daha çox yaşaya bilir. Bu xəstəliyin xarakterik cəhəti neyronların itkisi və hüceyrə sitoplazmasında Lewy cisimlərinin (içində protein aqreqatlarıdır) tapılmasıdır.
Adətən bu xəstəliyə meyillik 65 yaşdan sonra artır, lakin 35-50 arasında da rast gəlinə bilər. Daha çox kişilərdə müşahidə olunur – 85% sporadik, 10-15% ailəvi, 5% genetikdir.
Təhlükəli xəstəliklər qrupuna aiddir. Təxminən hər 100000 insanın 300 –də müşahidə edilir. İlk vaxtlar xəstəliyin əlamətləri demək olar ki, hiss olunmur, gizli başlayır, nevroloji əlamətlər asimmetrik olur, adətən bir əlin, daha az hallarda isə ayağın əsməsi nəzərə çarpır. Bəzən yerişin çətinləşməsi və orqanizmin bütün əzələlərində sıxılma olur. Əl və ya ayaqda əmələ gələn tremorun dərəcəsi və amplitudu dəyişir, məsələn, stress zamanı artır, yuxudan sonra isə azalır. Diqqətli xəstələr zədələnmiş tərəfdə əldə hərəkət məhdudiyyəti hiss edir, yeriyərkən ayağının döşəməyə sürtülməsindən şikayətlənir.
Müəyyən vaxtdan sonra xəstənin duruşu dəyişir, beli bükülür, qozbellik əmələ gəlir, addımın uzunluğu qısalır. Xəstələrin ilk şikayətlərindən biri ətraf və beldə ağrılar, əzələlərin qıcolması olur. Bəzən qeyri-spesifik əlamətlər – yorğunluq, depressiya, yuxunun pozulması, vegetativ dəyişikliklər – qəbizlik, ortostatik hipotenziya, impotensiya, seboreya dermatiti, sidik və tər ifrazının pozulması ilə başlayır.
Xərçəng steroid müalicəsi nəticəsində yaranan beyin pozğunluğu – Steroidlər, normal olaraq bədən funksiyalarının tənzimlənməsində əhəmiyyətli rol oynayan endokrin bezlər tərəfindən bədənimizdə əmələ gələn kimyəvi maddələrdir. Xərçəng xəstələrində kortikosteroidlər və ya steroidlər xərçəng müalicəsinin bir hissəsi ola bilər və ya müalicənin yan təsirlərinə kömək etmək üçün və ya ağrı idarəetmə proqramının bir hissəsi olaraq da istifadə edilə bilər. Lakin steroidlərin yan təsirlərinə daha yüksək dozalarda və uzun müddət qəbul edildikdə rast gəlmək olur.
Qısa müddətli yan təsirlərlə yanaşı (yuxusuzluq, allergik reaksiyalar, delirium), uzunmüddət müşahidə olunan təsirlər də var (immun immunitet və infeksiyalar, kökəlmək, zəifləmək, yüksək qan təzyiqi, mədə xoraları və.s) – Bunlardan biri də beyin pozğunluğu, psixoz və ya əhval dəyişikliyidir.