Azərbaycanda hər 1 milyon əhalinin 700-800 nəfəri böyrəklərin xroniki xəstəliyindən əziyyət çəkir

0

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Fariz Babayev böyrəklərin xroniki xəstəliyi, xəstəliyin əlamətləri, yaranma səbəbləri və xəstəliyin gizli inkişafı zamanı patoloji hallarla əlaqədar sualları cavablandırıb. İctimairey.az  həmin müsahibəni təqdim edir.

– Fariz müəllim, böyrəklərin xroniki xəstəliyinin yaranma səbəbləri hansılardır?

– Böyrəklərin xroniki xəstəliyinin yaranma səbəblərinin 26-28 faizi qlomerulonefrit (böyrək glomeruli (glomerulus) zədələnməsi ilə xarakterizə olunan böyrək xəstəliyi), 23-27 faizi şəkərli diabet , 15-16 faizi arterial hipertoniya xəstəliyi (sistolik qan təzyiqinin artması sindromu), 13-15 faizi xroniki pielonefrit (süst gedişli, arabir kəskinləşmə verən böyrək parenximasının və böyrək ləyəninin bakterial iltihabi xəstəliyi), 4-6 faizi polikistoz xəstəliyi (yumurtalıq funksiyasının pozulması ilə müşayiət olunan poliendokrin sindrom), 4-5 faizi uroloji səbəblər, 2-3 faizi isə digər səbəblərlə əlaqədardır.

– Azərbaycanda neçə nəfər bu xəstəlikdən əziyyət çəkir?

– Xroniki böyrək xəstəliklərinin statistikası bir milyon əhaliyə nəzərən hesablanır. İnkişaf etmiş ölkələrdən – Yaponiya, Almaniya kimi ölkələrdə bir milyon əhaliyə 1000-1200, hətta 1800 böyrək çatışmazlığı olan xəstə düşür.

Azərbaycanda isə bu rəqəm 700-800 nəfər civarındadır. Onlardan 40-45 faizi (təxminən 3700 xəstə) böyrəklərin xroniki xəstəliyi səbəbindən hazırda aktiv formada böyrək əvəzedici terapiyanın (BƏT) bir növü olan proqram hemodializ müalicəsi qəbul edirlər. Həmin xəstələr vaxtında həkimə müraciət edərək narahatlıqlarının qarşısını ala bilərlər. Xroniki xəstələr mütəmadi həkim nəzarəti altında qalırlar.

Qeyd edim ki, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 43 hemodializ mərkəzi 800 “süni böyrək” cihazı ilə təchiz olunub. Xəstələrə 256 həkim-nefroloq və 458 tibb bacısı xidmət göstərir.

– Xəstəliyin əlamətləri hansılardır?

– Xroniki böyrək xəstəliyinin subyektiv və obyektiv əlamətləri var. Subyektiv simptomlara ümumi zəiflik, halsızlıq, iştahasızlıq, yuxunun pozulması, dəri qaşınması, sidiyin miqdarının azalması, aşağı ətraflarda ödemlər, ürəkbulanma, qusma, əzələ qıcolmaları, oynaqlarda ağrı, periodik olaraq arterial təzyiqin artması və s. daxildir. Obyektiv simptomlara anamnez, instrumental, laborator müayinələrin nəticələrinə əsasən qanda kreatininin, sidik cövhəri, qalıq azotu, sidik turşusunun səviyyəsinin artması, elektrolit (K, Na, Ca, F) və turşu-qələvi balansının pozulması, anemiyanın yaranması halları daxildir.

– Bəs xəstəliyin yaranmasına nə səbəb olur?

– Böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır. Anadangəlmə böyrək qüsurları, böyrəklərin iltihabi xəstəlikləri, immun xəstəlikləri, hər hansı maddələrlə zəhərlənmələr, anadangəlmə uroloji patologiya, böyrək daşı xəstəliyinin müalicəsinin uzun müddət düzgün aparılmaması və s. böyrək çatışmazlığına səbəb olan amillərdir. Ona görə də hansısa böyrək xəstəliyi olan xəstə hətta böyrək çatışmazlığı olmazsa da, ildə heç olmasa iki dəfə yoxlanılmalıdır.

Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur.

– Böyrəklərin xroniki xəstəliyinin gizli inkişafı zamanı hansı ağır patoloji hallar ola bilər?

– Böyrəklərin xroniki xəstəliyinin ilkin mərhələlərində konservativ müalicə təyin edilir. Böyrəklərin xroniki xəstəliyi aşkar olunan xəstələrdə ürək-damar çatışmazlığı, beyin qan-dövranı pozulmaları (ensefalopatiya), mədə-bağırsaq pozulmaları və intoksikasiya halları yaranır. Eyni zamanda, bütün xəstələrdə qanda kreatininin səviyyəsi yüksək olduğu qeyd edilir. Şəkərli diabeti olan böyrəklərin xroniki xəstəliyi xəstələrdə qanda kreatinin səviyyəsi 5 mg/dl, digər xəstələrdə isə 6 mg/dl-dən yüksək olduğu halda böyrək əvəzedici terapiya müalicə növü seçilir. Azərtac

Leave A Reply

Your email address will not be published.

Tərcümə »