2020-ci ilin İyul hadisələri zamanı erməni təxribatı nəticəsində Tovuzda düşmən iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan vurmuşdu. Ölkə başçısının müvafiq sərəncamı ilə əhaliyə dəyən ziyanın aradan qaldırılması məqsədilə qısa müddətdə bərpa işlərinə başlanılmış və yeni evlər inşa edilmişdi. Düşmənin dağıtdığı evlərin yerində yenisi tikilmiş, bəzi evlər təmir edilmişdi. İyul hadisələri zamanı düşmən təxribatları nəticəsində ziyan dəyən evlərdən biri də Biranə və Roza Abdullayeva bacılarına məxsus ev idi.
İctimairey.az Azərtaca-a istinadən xəbər verir ki, İyul döyüşləri zamanı kənd sakinləri kimi bacılar da Dondar Quşçuda idilər, dayısıgildə gecələyən bacılar səhər erkən evlərinin mərmi nəticəsində dağıldığı xəbərini eşidiblər. Bacılar uşaq ikən atalarını, 7 il əvvəl isə analarını itiriblər. Valideynsiz qalsalar da, onlara dayıları himayədarlıq edib. Böyük bacı Biranə kəndin həkim məntəqəsində işləyir. O, 2 nömrəli Bakı tibb kollecinin məzunudur. “İyulun 16-da kəndimiz atəşə tutuldu. Səhər saatlarında xəbər aldıq ki, evimizə mərmi düşüb. Yaşadığımız ev dağılsa da, biz kəndimizi tərk etmədik. Sağ olsun dövlətimiz və ordumuz, onların sayəsində Vətən müharibəsində qələbə qazandıq. Yeni evimizə köçəndə artıq qələbə əhval-ruhiyyəsində idik”, – deyə Biranə Abdullayeva bildirib.
Biranənin bacısı Roza isə BDU-nun İnformatika-kibernetika fakültəsini bitirib, hazırda isə biznesin idarə olunması üzrə magistr təhsili alır. Evsiz qalan müddətdə isə xalası ilə dayısı bacılara himayədarlıq edib. “Mənfur düşmənin atdığı top mərmisi mənim bacım uşaqlarına aid olan evə düşdü. Demək olar ki, ev tamamilə dağıldı. Tez bir müddətə onlara dövlət tərəfindən daha şəraitli, müasir ev tikilib təhvil verildi. İndi tez-tez uşaqlara qonaq gəlirik. Biz də bacardığımız qədər onlara köməkliyimizi göstəririk”, – deyə qızların dayısı, Dondar Quşçu kəndinin sakini Bəhruz Abdullayev söyləyib.
Kənddə digər dağılan evlər də yenidən, daha müasir formada inşa edilərək sakinlərin istifadəsinə verilib. Zəhmətsevər əhalisi olan Dondar Quşçu kəndinin sakinləri bu gün özlərinin gündəlik işləri ilə – kənd təsərrüfatı ilə məşğuldurlar.
Qeyd edək ki, 2020-ci ilin iyulunda ermənilərin dövlət sərhədinin Tovuz istiqamətində silahlı təxribatı zamanı sərhədboyu yaşayış məntəqəsində 60-dan çox evə ziyan dəymişdi. Bunlardan 6 ev tamamilə yenidən tikilərək sakinlərin istifadəsinə verilib, 36 evdə isə təmir işləri aparılıb.