“Azərsu” ötən il xidmət haqlarının 7%-ni yığa bilməyib

0

2021-ci ildə “Azərsu” ASC-də xidmət haqlarının yığım səviyyəsi 2020-ci ilə nisbətən 1,8 faiz bəndi artaraq 92,8% təşkil edib.

Bu barədə qurumdan bildirilib.

Məlumatda deyilir ki, əhali istehlakçı qrupu üzrə yığın səviyyəsi 3,1 faiz bəndi artımla 90,3%, qeyri-əhali üzrə 2 faiz bəndi artımla 92,9%, sudan xammal kimi istifadə edənlər üzrə isə yenə də 100% olub.

Yığım səviyyəsi Bakıda 93,9%, digər regionlarda isə 90,6% təşkil edib.

“Abunəçilərimizin 70 %-i Abşeron yarımadasındadır”

Bu il yanvarın 1-nə “Azərsu” ASC-nin 1,682 milyon abunəçisi olub ki, bunun da 1,166 milyonu və yaxud 69,3 %-i Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, 516 min isə regionların payına düşüb.

Hazırda səhmdar cəmiyyəti ölkənin şəhər və rayon mərkəzləri ilə yanaşı 1 100-dən çox kənd və qəsəbəyə xidmət göstərir.

Ötən il qurumun abunəçilərinin sayı 4,6 % artıb. O cümlədən əhali abunəçilərinin sayı 4,6 % və yaxud 71 min artaraq 1,617 milyona, qeyri-əhali abunəçilərinin sayı isə 4,9 % və yaxud 3 min artaraq 65 minə çatıb.

Xatırladaq ki, “Azərsu” ölkə prezidentinin 11 iyun 2004-cü il tarixli sərəncamı ilə yaradılıb. Səhmdar cəmiyyəti istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara tullantı sularının axıdılması xidmətləri göstərən dövlət qurumudur.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »