Arılar hava isti olduqda özləri də qışa tədarüklərini görür. Qarşıda isə onları uzun, sərt, şaxtalı və yağıntılı qış günləri gözləyir. Arının təkcə özü deyil, arıçı da onlara yem tədarükündə yardım etməli, payızda lazım gəldikdə şərbətini verməlidir.
Bunu qazaxlı arıçı Əhməd Salmanov deyib. O qeyd edib ki, arını xəstəliklərdən qorumaq üçün vaxtında tədbirlər görülməlidir. Əks təqdirdə arılar yaza sağlam çıxmayacaq.
Arıçı Əhməd xəstəliklə və ya qışlama ilə bağlı müəyyən çətinə düşəndə illərin təcrübəli arıçılarından məsləhət alır. Elə bu məqsədlə uzun illərdir arıçılıqla məşğul olan İlqar Həsənovun yanına gəlib. İlqar Həsənov bildirib ki, ümumiyyətlə arı xəstəliklərinin əksəriyyəti ya gənələrdən, ya da nəmlikdən yaranır: “Hazırda Avropada nəmlik olmasın deyə, döşəməsi açıq pətəklərdən istifadə edilir. Bizdə arıxanada havalanma sistemi var, döşəməsi açıqdır və nəm də olmur”.
İynəsi zəhərli, özləri isə zəhmətkeş, bal istehsalçısı olan arıların pətəklərinə ilin dörd fəslində nəzarət, qulluq edilməlidir. Arıçılar deyirlər ki, arıxanada ilboyu iş olur. Yanvarın sonlarında isə arılara xüsusi yem verilir ki, yuxudan erkən oyansın.
Təbii vasitələrlə arı xəstəliklərinə qarşı mübarizə hazırda ən qəbuledilən variantdır. Arının balına çöküntü verməyən preparatlardan istifadə edilməsi daha məsləhətlidir.