Köçəryan Paşinyanın öldürücü sarkazmına tutarlı cavab verə bilmədi

Qarşıdakı seçkilər ermənilər üçün 35-40 illik kütləvi şizofreniya və millətçilik dövrünün sonu və normal Ermənistan (adekvat Ermənistan) dövrünün başlanğıcı olacaq. 35-40 illik millətçilik dövrü həm də levon ter-petrosyanların, robert köçəryanların, serj sərkisyanların, 2-ci qareginlərin siyasi səhnədən tamamilə silinməsi, tarixin zibilliyinə atılması ilə qapanacaq, bitəcək. Bunu Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın son açıqlamalarından da görmək mümkündür. Belə ki, görünən budur ki, Paşinyanın seçkiöncəsi açıqlamaları həm də az öncə adlarını qeyd etdiyimiz müharibə canilərinin bitirilməsinə, “canlı meyit”lərə çevrilməsinə hesablanıb.

Paşinyanın öz sələfləri – Ermənistanın keçmiş prezidentləri haqqında açıqlamaları öldürücü təsirə, dərin ifşa gücünə malikdir. Xatırlayırsınızsa, bir müddət öncə Ermənistan Baş naziri qarşıdan gələn parlament seçkilərində əsas rəqiblərindən biri – sabiq prezident Robert Köçəryanla bağlı olduqca sərt açıqlama vermiş və özünün sosial media hesabından Köçəryana müraciət edərək ona eşşək kimi anqırmağı təklif etmişdi: “Robert Köçəryan bəyan etdi ki, “əgər hər hansı bir siyasətçi eşşək kimi anqırırsa, düşünürəm ki, bu, milyonlarla baxış qazanar”. Mən cənab Köçəryanın özünün eşşək kimi anqırmasını təklif edirəm – amma həvəslə”. Təbii ki, Köçəryan Paşinyanın bu cür öldürücü sarkazmına tutarlı cavab verə bilmədi.

Buyurun, baş nazir ötən gün jurnalistlərlə söhbətində sabiq prezident Levon Ter-Petrosyan haqqında da danışıb və onun əsl daşnak olduğunu bildirib: “Levon Ter-Petrosyan təmizqanlı daşnakdır. Üstəlik, ən uğursuz və ən nəticəsiz daşnakdır”. Bəli, bəli, bunu biz demirik, Ermənistanın hazırkı birinci şəxsi deyir. Və bu, ən yüksək səviyyədə etirafdır. Azərbaycanın rəsmi şəxslərindən və ya siyasi şərhçilərindən kimsə durub eyni sözü desəydi, şübhəsiz ki, bəzi ermənilər (xüsusən də sosial mediada Azərbaycanın əleyhinə fəal təbliğat aparan erməni revanşistləri) həmişə olduğu kimi bu həqiqəti də “əsassız uydurma” kimi qiymətləndirməyə cəhd göstərəcəkdilər. Lakin bu gerçəyi bu gün Ermənistanın baş naziri şəxsən özü səsləndirdiyinə görə, sanki “qurbağa gölünə daş atılıb”.

Yəni ki, Ermənistanın revanşist dairələri belə bir danılmaz həqiqətin qarşısında susmaq məcburiyyətində qalıblar. Və maraqlıdır ki, hələlik Levon Ter-Petrosyan da susur. Bəlkə də o, Paşinyana qarşı təsirli əks-zərbəyə hazırlaşmaq məqsədilə susur. Yadaki prosesləri müşahidə etmək, pusquda dayanmaq mövqeyinə keçib. Lakin görünən budur ki, Paşinyanın da dayanmaq fikri yoxdur. O, siyasi mühiti daşnaklardan, radikal millətçilərdən və revanşist kilsə tərəfdarlarından təmizləmək üçün qollarını çırmalayıb. Belə ki, Paşinyan qeyd edib ki, bu seçkilər erməni xalqı üçün “sabiqləri siyasi meydandan kənarlaşdırmaq” baxımından müstəsna bir fürsətdir. Sabiq prezident Levon Ter-Petrosyan isə şübhəsiz ki, Paşinyanın siyahısında birincilər sırasındadır. Erməni xalqının qarşıdakı parlament seçkilərində Paşinyanın kursuna səs verməsi “müharibə bayquşları”nın sonunu gətirəcək.

Proseslər bütövlükdə məntiqi sonluğa doğru yaxınlaşır. Bu gün bir erməni siyasi liderin digər siyasi liderə “daşnak” deməsi sıradan bir hadisə deyil. Bu, əsl inqilabi hadisədir. Başqa sözlə desək, bu gün gözlərimizin önündə Ermənistanın siyasi mühitində həqiqətən də dərin inqilabi dəyişiklik, köklü transformasya baş verir, Ermənistanın siyasi liderlərindən birinin üzünə çox rahatlıqla “sən daşnaksan” deyilir. Çox yox, cəmi 6 il bundan öncə bu, həqiqətən də ağılasığacaq bir məsələ deyildi. Əvvəllər bunu təsəvvürə belə gətirmək mümkün deyildi. Deməli, Dəmir Yumruğumuz, Zəfərimiz həqiqətən də öz işini görür. 44 günlük İkinci Qarabağ müharibəsi həqiqətən də regionun siyasi simasını kökündən dəyişir, yeni reallıqlar yaradır, yeni konfiqurasiyanın formalaşmasına zəmin yaradır.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »