İsrailin xarici işlər naziri Yair Lapid deyib ki, İsrail İranın nüvə proqramının qarşısını almaq üçün, təkbaşına hərəkət etməyə hazırdır.
İran və Fransa, Rusiya, Çin, İngiltərə və Almaniyanın iştirakı ilə Avstriyanın paytaxtı Vyanada İranın 2015-ci il nüvə sazişinə qayıtması ilə bağlı danışıqların səkkizinci raundu davam edir.
İsrailin xarici işlər naziri Yair Lapid İsrail parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsində deyib ki, İsrail İranın nüvə proqramının canlanmasının qarşısını almaq üçün, təkbaşına hərəkət etməyə hazırdır.
İsrailin əsas təhlükəsizlik məsələsinin İranın nüvə proqramı olduğunu və əsas xarici siyasətinin bunun qarşısını almaq olduğunu bildirən Lapid, “Son aylarda bu danışıqlarda iştirak edən bütün ölkələrlə və hər şeydən əvvəl ABŞ ilə sıx dialoq apardıq. Biz Moskvada, Parisdə, Londonda və Vaşinqtonda hamıya açıq şəkildə bildirdik ki, İsrail İranın nüvə dövlətinə çevrilməsinə imkan verməyəcək. Təbii ki, biz beynəlxalq əməkdaşlıqda fəaliyyət göstərməyə üstünlük veririk, lakin lazım gələrsə, təhlükəsizliyimiz üçün təkbaşına hərəkət edəcəyik”, – deyə o bildirib.
İsrail bu danışıqlarda İranın nüvə proqramının monitorinqinə imkan verən razılaşma gözləyir. Noyabrın 29-dan dekabrın 17-dək İranın nüvə sazişinə qaytarılması və ABŞ sanksiyalarının ləğvi ilə bağlı Vyana danışıqlarının yeddinci raundu keçirilib və tərəflər İranın maraqlarını əhatə edən müddəaların yer aldığı iki saziş layihəsi üzərində razılaşıblar.