Dünən sosial şəbəkələrdə şəhid Orxan Şıxıyevin anası Sevda Şıxıyevanın Daşkəsən rayon Dəstafur kəndi ərazisində çəkilən videomüraciəti yayımlanıb.
Videoda S.Şıxıyeva kəndin icra nümayəndəsi Lalə Cəfərova və onun müavini Anar Abbasov tərəfindən döyüldüyünü bildirib. Polis əməkdaşlarının isə L.Cəfərovanın tərəfini saxladığını iddia edib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Sevda Şıxıyevanın Daşkəsən RPŞ əməkdaşları barədə səsləndirdiyi fikirlər həqiqətəuyğun deyil: “Dekabrın 17-də Daşkəsən rayon İcra hakimiyyətinin Dəstafur kənd icra nümayəndəsi Lalə Cəfərova DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək münaqişə olması, özünün və müavininin döyülməsi barədə məlumat verib. Daha sonra Sevda Şıxıyeva müraciət edərək Daşqın Cəfərov adlı şəxsin sərxoş halda ona hücum edərək şəhid ailəsini təhqir etdiyini bildirib.
Hər iki tərəf Daşkəsən RPŞ-yə ərizə ilə müraciət edib.
Həmin videogörüntüdə polis əməkdaşları hadisə yerinə ictimai asayişi təmin etmək və tərəfləri sakitləşdirmək üçün gəlib və hər hansı bir qanunazidd addım atılmayıb”.
Daşkəsən rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, hadisə dekabrın 17-si saat 17:00 radələrində Dəstafur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında baş verib: “Sevda Şıxıyeva, əri Raqif Şıxıyev, oğlu Sərxan Şıxıyev, bacısı oğlu Asif Məmmədov və yaxınları olan bir qrup şəxs küt alətlərlə nümayəndəliyə basqın ediblər. Vəzifə səlahiyyətlərini icra edən Lalə Cəfərovanı xidməti otağında döyərək ona ağır bədən və kəllə-beyin xəsarətləri yetiriblər.
Lalə Cəfərova hazırda Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın travmatologiya şöbəsindədir, vəziyyəti ağır olaraq qalır.
Həmçinin Sevda Şıxıyeva və onun yaxınları nümayəndənin müavini Anar Abbasova da xəsarət yetiriblər. Anar Abbasov oradan qaçaraq kənd sakinlərini köməyə çağırıb. Binaya gələn kənd sakini Daşqın Cəfərov görüb ki, onlar huşsuz vəziyyətdə olan Lalə Cəfərovanı kəndirlə bağlayıb maşına qoşub sürümək istəyirlər. Buna mane olmaq istəyərkən Daşqın Cəfərovun başından küt alətlə vurublar. Hazırda onun vəziyyəti ağırdır, sol gözü görmə qabiliyyətini tamamilə itirib”.
Daşkəsən RİH şöbə müdirinin müavini Elmar Əliyev qeyd edib ki, Sevda Şıxıyevanın Lalə Cəfərova ilə insidenti bir neçə il əvvəldən başlayıb: “Lalə Cəfərovanın qayınatası Səməndər Həsənov icra nümayəndəsi olarkən Sevda Şıxıyevanın bacısı oğlu Asif Məmmədov həbs edilərək 13 il müddətinə azadlıqdan məhrum edilib. Sevda Şıxıyeva onun həbsində Səməndər Həsənovu günahkar bilib. Sevda Şıxıyeva şəhid anası statusu alandan sonra bacısı oğlu Asif Məmmədovla birgə bu köhnə ədavəti təzələyərək hədə-qorxu vasitəsi ilə Lalə Cəfərovanı işdən çıxmağa məcbur edir, yerinə öz namizədlərini təyin etdirməklə qisas almağa çalışırlar.
Artıq bir ilə yaxındır ki, onlar Lalə Cəfərovanın və onun bütün qohumlarının işdən azad olunmasını tələb edirlər”.
İcra nümayəndəsi Lalə Cəfərova Baku TV-yə açıqlamasında bildirib ki, dörd nəfər qapını sındıraraq inzibati binaya daxil olub: “İçəri girən kimi mənim saçımdan tutub yerə yıxdılar, döyməyə başladılar. Sonra Sevda Şıxıyevanın bacısı oğlu Asif Məmmədov içəri girib dedi “kəndiri gətirin onun başına salın “Niva”ya qoşub aparacam, onu öldürəcəyəm”. Bu vaxt mən qorxudan huşumu itirdim, telefonu da əlimdən aldı.
Onlar səbəb kimi bunu göstərirlər ki, Vətən Müharibəsi vaxtı hərbi komissarlıq tərəfindən təqdim edilən çağırış vərəqəsini şəhid Orxan Şıxıyevə vermişəm. Sevda Şıxıyeva deyir ki, sən niyə mənim oğlumu apardın”.
Hazırda tibbi ekspertiza təyin olunub, faktla bağlı Daşkəsən RPŞ-də araşdırmalar aparılır.