Jalə Əhmədova: Azərbaycan Prezidentinin Brüssel səfərində əldə olunmuş razılaşmalar postmünaqişə dövründə ölkəmizin böyük uğurlarındandır

0

Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir.

Bu baxımdan Prezident İlham Əliyevin Brüssel səfəri Soçi görüşündə əldə edilmiş diplomatik uğurlarımızın daha da möhkəmləndirilməsi ilə yadda qaldı.

Deputat qeyd edib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti NATO-nun Şimali Atlantika Şurasının iclasında və Avropa İttifaqının Şərq Tərəfdaşlığının Altıncı Sammitində iştirak etdi və bir sıra mühüm görüşlər keçirdi.

NATO-nun Baş katibinin dəvəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Alyansın Baş katibi Yens Stoltenberq arasında görüşdə ölkəmizin NATO ilə münasibətlərinə dair fikir mübadiləsi aparıldı.

Görüşdə bildirildi ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Silahlı Qüvvələrimizin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidməti beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyasına 2002-ci ildə başladı və cari ilin avqustun sonunda missiya başa çatdı. Azərbaycan hərbçiləri Kabil hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində müstəsna rol oynadı və Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. Qeyd olundu ki, Azərbaycan NATO-nun hərbi təlimlərində mütəmadi iştirak edir. NATO-nun aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız cari ildə yeddi birgə hərbi təlim keçirilib. Bu təlimlər regionda sülh və sabitliyin qorunması məqsədi daşıyır.

  Görüşdə Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın müstəsna rolu diqqətə çatdırıldı. Qeyd olundu ki, NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Alyansın 4 ölkəsi Azərbaycandan qaz idxal edir və gələcəkdə bu ölkələrin coğrafiyası genişlənə bilər. O da vurğulandı ki, Azərbaycan enerji təchizatı sahəsində etibarlı tərəfdaşdır.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşündə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olundu, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə üçtərəfli görüşü isə Azərbaycanın milli maraqlarına xidmət edən razılaşmaların əldə olunması ilə yadda qaldı. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Aİ tərəfindən texniki yardımın göstərilməsi gündəmə gətirildi. Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəldilər. Qeyd edildi ki, kommunikasiya və nəqliyyat xətlərinin açılması, o cümlədən Ermənistan ərazisindən dəmir yolu xəttinin çəkilməsi, gömrük, sərhəd nəzarəti məsələlərinin və avtomobil yolunun marşrutu qarşılıqlı prinsip əsasında təmin olunmalıdır.

Aİ-nin təşəbbüsü ilə keçirilmiş görüşün nəticələrinə dair verilmiş Bəyanat Azərbaycanın haqlı mövqeyini bir daha təsdiq edən məqamlarla zəngindir. Bu məqamlar ondan ibarətdir ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılması və Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsi imzalanmalıdır. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Təqdirəlayiqdir ki, Aİ predmetli danışıqların tərəfdarı kimi minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə öz dəstəyini ifadə edir. Sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində də Aİ tərəfindən məşvərətçi statusda dəstək göstərilə bilər. Aİ Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir və yeni birgə iqtisadi əməkdaşlıq platformasının yaradılmasını təklif edir. Bundan başqa, Aİ regionda kommunikasiya infrastrukturunun yaradılması, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılması və inkişaf etdirilməsinin tərəfdarı olmaqla yanaşı, iqtisadi və investisiya resursları vasitəsilə icra olunacaq layihələri də dəstəkləyəcəkdir. Eyni zamanda, Aİ dəmir yolu xəttinin çəkilməsi, gömrük və sərhəd nəzarətinin qarşılıqlı prinsipi əsasında təşkil olunmasının tərəfdarı kimi çıxış edir.

Brüssel səfərində əldə olunmuş razılaşmalar diplomatiyamızın yeni uğuru olmaqla yanaşı, bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsinə yeni bir dəyərli töhfədir. Sülhə və sabitliyə sadiq, növbəti addımlarını proqnozlaşdıran ölkə olan Azərbaycanın səyləri regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Ermənistan üçün isə, ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənmək, sülh razılaşması üzərində iş aparmaq və düşmənçiliyə son qoymaqdır.

İctimirey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »