Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə görüşünün keçirilməsinin planlaşdırılmasını təbii və normal qarşılamaq lazımdır.
Rusiya dövlət başçısının təşəbbüsü ilə aparılacaq bu danışıqları bəzi siyasilərin və ekspertlərin dekabrın 15-nə nəzərdə tutulan Brüssel görüşünə qarşı qoyması hesab edirəm ki, qətiyyən düzgün yanaşma deyil. Bu görüşlərin biri digərini istisna və ləğv etmir. Bu görüşlərin hər birinin öz siyasi əhəmiyyəti və tarixi rolu var. Putinin tələsərək və prosesləri qabaqlayaraq Soçi görüşünü qəsdən Brüssel görüşündən önə çəkməsi fikri də absurd fikir təəssüratı bağışlayır. Zatən üç ölkə liderinin onsuz da 10 noyabr Bəyanatının imzalanmasının bir illiyi ərəfəsində növbəti görüşünün keçirilməsi və sözügedən Bəyanatın icrasına baxılması, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılırdı.
Lakin Kremlin mətbuat katibi Dmitri Peskovun öncədən anons etdiyi bu görüş məhz Ermənistanın avantürist baş naziri Nikol Paşinyanın ikibaşlı oyunları, Qərblə sövdələşmələri nəticəsində təxirə salındı. Daha sonra isə yenə də Ermənistanın təxribatı nəticəsində noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində qısamüddətli döyüşlər baş verdi və bu döyüşlərin nəticələri Paşinyanı yenidən Rusiya prezidentinə yalvarmağa məcbur etdi. Beləliklə, Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması əldə edildi. Eyni zamanda bu döyüşlər üçtərəfli görüşün təcili olaraq keçirilməsinin nə qədər zəruri olduğunu bir daha Ermənistan rəhbərliyinə başa salmış oldu. Bu arada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə sammiti çərçivəsində Əliyev-Paşinyan görüşünün keçirilməsi təklifi ilə çıxış etdi. Həm Azərbaycan, həm də Ermənistan tərəfi həmin görüşə artıq birmənalı şəkildə razılıq verib. Tərəflər həmçinin Soçi görüşünə də razılıb veriblər.
Bu görüşlər hər iki tərəf üçün faydalıdır. Ermənistan tərəfinin bu görüşlərdən sonra ənənəvi davakar, təxribatçı mövqeyindən bir xeyli dərəcədə əl çəkəcəyi ehtimalı yüksəkdir. Soçi və Brüssel görüşlərinin nəticəsində İrəvanın sərhədlərin delimitasiyası və böyük sülh sazişinin imzalanmasından boyun qaçırmaq imkanları da əhəmiyyətli dərəcədə tükənəcək. Ermənistanın 10 noyabr və 11 yanvar Bəyanatlarından irəli gələn öhdəliklərini yerinə yetirməkdən başqa bir yolu qalmayacaq. Odur ki, yenə də deyirəm, Soçi görüşü ilə Brüssel görüşünü üz-üzə qoymaq lazım deyil. Biz hər iki vasitəçinin – Putinin və Şarl Mişelin yaratdığı bu fürsətdən səmərəli şəkildə istifadə etməyə, Ermənistanın bütün bəhanələrini əlindən almağa və onu sülhə məcbur etməyə çalışmalıyıq. Gerisi təfərrüatdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partriyasının sədri