Bəyənib-bəyənməyimizdən asılı olmayaraq dünyada müşahidə olunan qlobal tendensiyalar mütləq bu və ya digər dərəcədə Azərbaycanda da yaşanır və yaşanacaqdır. Bu mənada dövlət və millət olaraq vəzifəmiz ondan ibarətdir ki, qaçılmaz hesab olunan bəzi tendensiyaların qarşısını alaq, yaxud ən azından onların neqativ fəsadlarını minimuma endirək. Dağıdıcı tendensiyaların ən sevimli sahəsinin məhz ictimai münasibətlərin siyasi və ideoloji müstəviləri olduğunu dünya ölkələrinin təcrübəsindən yaxşı bilirik. Həssas hesab olunan bu sahələr rahatlıqla müxtəlif ziyanverici meyllərə yoluxa bilir.
Bəşəri dəyərləri yaşadan, onlara müasir nəfəs verən klassik ədəbiyyatı oxumaqla və maraqlı mövzular ətrafında fikir mübadiləsi aparmaqla yox, məhz sosial şəbəkələr sayəsində qeybətə alışmış, habelə komikslərdən zövq alan və onların əlvan şəkillərinə baxmaqla böyüyən nəsil əlbəttə, gündəlik həyatında və “peşəkar” fəaliyyətində süni zəkaya üstünlük verəcəkdir. Müasir dünyanı bürüyən bu cür tendensiyaların təsadüfi olmasını sübut etməyə heç kim heç cəhd etməsin. İctimai münasibətlərin ideoloji qatında da yaşanan analoji proseslər birmənalı olaraq yönəldilən və idarəolunandır. Odur ki, bu gün müəyyən sahələrdə müşahidə etdiyimiz xoşagəlməz tendensiyalar gözlənilən idi və onları proqnoz etmək asan iş idi.
Obyektivlik naminə mövzunun inkişafında hər kəs etiraf edə bilər ki, “fikir” və “təhlil” uzun müddət ərzində ardıcıl olaraq idarəetmə sistemindən müxtəlif bəhanələrlə uzaqlaşdırılırdı. Xüsusən “bu praktikaya heç bir aidiyyəti olmayan nəzəriyyədir” kimi fikirlər dolaşan dövlət müəssisələrində zamanla “lüt” icraçılıq təfəkkürü hökm sürməyə başlayır və fəaliyyət əsasən hazır standart modullar əsasında təşkil olunur. Bəli, ola bilsin, mövcud model gündəlik iş fəaliyyəti rahatlaşdıra bilər, ancaq burada dayanıqlı inkişaf və rəqabətə dözümlülüyün artmasından əsla söhbət aparıla bilməz.
Hazır modullara üstünlük verildiyi idarəetmə sistemlərində əməkdaşların məsuliyyət hissi də zamanla qaçılmaz olaraq “boğulur”. Bu gün gündəlik iş rejimində əməkdaş adi xidməti arayışı məhz süni zəkanın köməyi ilə hazırlayırsa, müəllim isə tələbələrlə açıq fikir mübadiləsi aparmadan onlara sadəcə hansısa mətninin öyrənilməsini tapşırırsa, o zaman sabah ictimai təfəkkürümüzün formalaşmasında və gündəlik qərarlarımızın qəbul olunmasında əsas amilin məhz sosial şəbəkələr olacağına gərək təəccüblənməyək.
Müasir cəmiyyət müxtəlif səbəblərdən uzun müddət ərzində peşəkar diskussiyaları eşitməyə və bu cür diskussiyalardan zövq almağa yadırğayıb. Əlbəttə ki, sosial şəbəkələrin kosmik sürətlə inkişaf etməsi fonunda analoji tendensiyalar cəmiyyət üçün yaxşı heç nə vəd edə bilməz. Aşılanan “komiks təfəkkürü” bizə düşünməyi yox, düşünmədən təqlid etməyi öyrədir. Eyniliklə, süni zəka kimi.
Bu cür obyektiv tendensiyalar siyasətdən yan keçə bilməz. Fikir və mütaliəyə yer azaldıqca siyasətdə emosiyaların payı artır. Fikir olmayan yerdə isə sağlam və konstruktiv dialoqu təhqir və şantaj rahatlıqla əvəzləyir. Eyniliklə, komikslərdə olduğu kimi, “əkşın” məzmun və mənanı əvəzləyir. İnternetin sayəsində siyasi şoumen, habelə xəstə ambisiyalı və radikal təfəkkürlü fəallar özlərini daha çox komikslərin qəhrəmanlarına bənzədirlər. Reallıqdan qopmuş bu fəallar uzun illər ərzində əhalinin ictimai təfəkküründə təşviq olunan komiks təfəkkürünün bilavasitə məhsuludur. Ona görə də başqaların oyunlarında sadəcə alətə çevrilməmək üçün məsuliyyətli vətəndaş bu cür sadə siyasi həqiqətləri mütləq bilməlidir.
Asif Adil
Comments are closed.