“225 saylı orta məktəbdə azyaşlı şagirdin həyatını itirdiyi faciəvi hadisə və jurnalistlərin linç edilməsi ilə bağlı qızğın müzakirələr çox təəssüf ki, cəmiyyətimizdə yenə parçalanma, ikitirəlik yaradıb. Dünəndən bəri sosial şəbəkələrdə bu insidentlə bağlı yazılan şərhləri izləyrəm, müəllimlər məktəbdə baş verən ölüm hadisəsinin üzərindən keçir və jurnalisti döyən məktəbliləri müdafiə etməyə çalışırlar, media nümayəndələri isə təbii ki, hücuma məruz qalan çəkiliş qrupunu müdafiə edirlər”.
İctimairəy.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, əsl həqiqətdə isə hadisə yerinə gələn çəkiliş qrupunun döyülməsinə heç kim və heçnə haqq qazandıra bilməz:
“Çünki onlar o məktəbə öz peşə borclarını yerinə yetirməyə gəlmişdilər. Və bəlkə də ən doğru cavabı da elə həmin an o uşaqlar isti-isti kamera önündə verəcəkdilər, ancaq qarovulçunun təhriki ilə jurnalisti döyüb gerçəklərin mətbuata sızmasını istəməyən məktəb rəhbərliyi isə bunun qarşısını qəsdən almış oldu.
Bütün hallarda, jurnalistə hücum edən o uşaqların aqressiyası və qəddarlığı əsla və əsla məktəbli davranışı deyil. Bu, əsl cinayətkar və azğın bir hərəkətdir. Bu cür cinayətkar, quldur davranışın təhsil müəssisəsində baş verməsi həqiqətən də çox təhlükəlidir. Mən o görüntülərdən hələ də şokdayam”.
Komitə sədri sual edir ki, elm, təhsil mühitində yaradılışa sevgi, insana hörmət ruhunda formalaşmalı olan şagirdlərdə bunca amansızlıq haradan əmələ gəlib? “Z nəsli” və “Alfa nəsli” dediyimiz uşaqlarda insanı linç etməyə bu qədər hədsiz meyllilik nədən qaynaqlanır?
“Birdəki, o kriminal davranışlı uşaqlar niyə vahid məktəbli formasında deyildilər? Məktəb rəhbərliyi hara baxır? Məncə, bu gün bir-birimizin ətini didib əks düşərgələrə bölünməkdənsə, daha çox məhz bu suallar üzərində düşündürməliyik.
Çünki hamımız valideyinik və hər birimiz övladlarımızı bilik almaq məqsədilə hər gün məktəbə göndəririk. Belə bir aqressiv məktəb mühitində övladlarımızın gələcəyin həkimi, hüquqşünası, dizayneri, iqtisadçısı, alimi kimi yox, kriminal ünsürlər kimi yetişməsi təhlükəsi hamımızı ciddi şəkildə narahat etməlidir. Televiziya çəkiliş qrupuna aqressiv hücum məktəblilərin real psixoloji durumunu ortaya qoydu. Məktəb rəhbərliyi jurnalistlərin döyülməsini təşkil etməklə bu acı həqiqətin üstünü ört-basdır edə bilməz”.
Əıisahib Hüseynov, “Mən dərs zamanı pəncərədən yıxılaraq həyatını itirən 7-ci sinif şagirdinə Allahdan rəhmət, insident zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan jurnalistə isə şəfa diləyirəm. Qarşıdurmalardan çəkinmək, birlik və həmrəyliyimizi qorumaq vaxtıdır!”,-deyə vurğulayıb.
Comments are closed.