Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçıları ilə Məşvərət Görüşü Bakının xarici siyasət kursunun yeni mərhələyə daxil olduğunu nümayiş etdirir

Türkmənistan ötən gün Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə (C6) ev sahibliyi edirdi, bu gün isə Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının sammitinə, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə və geniş tərkibdə iclaslarına və eləcə də Xəzər Ekoloji Sammitinə ev sahibliyi edir. Azərbaycan Prezidenti İlham Əliyev hər üç formatda keçirilən zirvə toplantılarında fəal iştirak edib və eyni zamanda, bir sıra liderlərlə ikitərəfli görüşlər keçirib.

MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev bu il Müstəqil Dövlətlər Birliyinin 35 illiyinin tamam olduğunu bildirib və son illər ərzində MDB-nin siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqlədiyini vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədikləri üçün həmkarlarına minnətdarlığımı bildirib və bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndirib. Prezident İlham Əliyev, həmçinin ortaq məqsədlərin həyata keçirilməsi üçün Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi etməyə hazır olduğunu bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko isə öz çıxışında Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi üzərinə götürmək qərarını tarixi məqam kimi qiymətləndirib.

Bütün bunlar nədən xəbər verir? Azərbaycanın yeni geosiyasi missiyasını necə xarakterizə etmək olar? Qeyd etdiyimiz bu məqamlar sözsüz ki, Azərbaycanın regiondakı rolunun sırf iştirakçıdan daha çox, format yaradan, körpü quran və gündəm müəyyən edən aktora çevrildiyini göstərir. Azərbaycan artıq “idarə olunan prosesin iştirakçısı” yox, “proses quran aktor” mövqeyinə keçir. Əgər bir ölkə eyni vaxtda həm C6 formatında, həm də MDB çərçivəsində aktiv, təşəbbüskar və yüksək səviyyədə görünürsə, bu, onun sadəcə tədbirə qatıldığını yox, regional arxitekturanın formalaşmasında yaxından iştirak etdiyini göstərir. Bu, Azərbaycanın xarici siyasətində passiv uyğunlaşmadan aktiv təşəbbüskarlığa keçidinin göstəricisidir.

Eyni zamanda, Bakı regional dialoq üçün etibarlı platforma kimi, əlverişli məkan qəbul olunur. Bu baxımdan, Azərbaycan liderinin ölkəmizin MDB-yə 2028-ci ildə sədrliyə hazır olduğunu bildirməsi təkcə texniki və ya protokol xarakterli xəbər deyil. Bu, ölkənin etimad kapitalının böyük ölçüdə artdığını göstərir. MDB-nin siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq üçün hələ də aktual platforma kimi qalması barədə mesajlar Azərbaycanın bu təşkilata praqmatik yanaşmasının təzahürüdür. Bakı üçün əsas məsələ formal üzvlükdən daha çox, bu formatın real siyasi və iqtisadi fayda yaratmasıdır. Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazır olduğunu bildirməsi də məhz bu praqmatik xəttin davamıdır. Bu qərar ölkəmizin üzərinə əlavə məsuliyyət qoymaqla yanaşı, onun regional etimad kapitalının artdığını da təsdiqləyir. Yəni Azərbaycan yalnız öz maraqlarını müdafiə edən dövlət deyil, həm də müxtəlif tərəflər arasında razılaşdırıcı, uzlaşdırıcı rol oynaya bilən tərəf kimi, moderator kimi görünür.

Bəli, hazırkı zaman kəsiyində Azərbaycanın geosiyasi missiyası balans yaratmaq, müxtəlif geosiyasi qütblər və mövqelər arasında uzlaşmaya nail olmaqdır. Bunun üçün Azərbaycanın coğrafiyası və siyasi xətti də onu bir neçə qlobal məkanın kəsişməsinə gətirir:

Cənubi Qafqaz,
Mərkəzi Asiya,
MDB məkanı,
Türk dünyası,
Avrasiya nəqliyyat və enerji xətləri və s.

Bu baxımdan, yeni geosiyasi missiyanı belə xarakterizə etmək olar ki, Azərbaycan artıq Şərq ilə Qərb, Şimal ilə Cənub, eləcə də müxtəlif siyasi bloklar arasında balanslaşdırıcı və birləşdirici rol oynayan dövlətə çevrilir. Sözümüzün çəkisi artır, mənəvi-siyasi kapitalımız daha da güclənir. Ona görə də dövlət başçısının çıxışlarında tez-tez “etimad”, “əməkdaşlıq”, “ortaq məqsədlər”, “platforma” kimi anlayışların ön plana çıxması təsadüfi deyil. Bu dil, bu ritorika Azərbaycanın sərt qarşıdurma deyil, institusional əməkdaşlıq, praqmatik diplomatiya, uzunmüddətli sabitlik xəttini seçdiyini göstərir.

Ona görə də Prezident İlham Əliyevin həm Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, həm də MDB dövlət başçılarının sammiti çərçivəsində fəal iştirakı Bakının xarici siyasət kursunun yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Əslində, baş verənlər təkcə diplomatik protokol hadisəsi deyil. Bu, Azərbaycanın son illərdə formalaşdırdığı yeni geosiyasi statusun açıq ifadəsidir. Ölkə artıq özünü yalnız Cənubi Qafqazın dövlətlərindən biri kimi deyil, daha geniş Avrasiya məkanında dialoq yaradan, etimad doğuran və əməkdaşlıq üçün platforma təqdim edən güc kimi təqdim edir.

Ölkəmizin geosiyasi rolu və mövqeyi dəyişib. Azərbaycan artıq təkcə nəqliyyat dəhlizlərinin üzərində yerləşən ölkə kimi çıxış etmir. O, bu dəhlizləri qlobal idarəetmə, koordinasiya və legitimlik mərkəzinə çevirməyə çalışır. Yəni məqsəd yalnız yol olmaq deyil, yolları bir-birinə bağlayan siyasi və diplomatik düyün olmaq, haba çevrilməkdir. Bir sözlə, yeni missiyamız tranzit ölkədən strateji mərkəzə transformasiya olmaqdır. Bu da Orta Güc statusumuzun parametrlərinə tam uyğun gəlir. Beləliklə, Azərbaycanın yeni geosiyasi missiyası onu göstərir ki, ölkəmiz regional sabitliyin təminatında, çoxtərəfli əməkdaşlığın qurulmasında və müxtəlif geosiyasi məkanlar arasında əlaqələndirici rolun icrasında strateji mərkəz kimi möhkəmlənir.

Əlisahib Hüseynov

Azərbaycan Hərməylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »