Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşməsinin nəticələri sülh prosesinə necə təsir göstərəcək? Bu görüşü simvolik baxımdan mühüm, amma praktik baxımdan isə faydalı işgüzar və cari görüş kimi dəyərləndirmək olar. Əliyev–Paşinyan təması, xüsusən də ŞƏT sammiti kimi çoxtərəfli bir platformada baş verirsə, bu, bir neçə mesaj verir: tərəflər dialoqu genişləndirmək üçün bütün platformalardan istifadə edir, regiondakı nizamlanmanı beynəlxalq proseslər kontekstində davam etdirir və eyni zamanda, sülh prosesinin inkişafı üçün ŞƏT-in də imkanlarından istifadə etməyə çalışırlar.
Görüşün rəsmi gündəliyi tam açıqlanmasa da, amma bu görüş üçün ən önəmli məsələlər sırasına delimitasiya (sərhədlərin dəqiq müəyyənləşdirilməsi) və kommunikasiya məsələləri (nəqliyyat əlaqələrinin tam açılması, tranzit və logistika marşrutları), qarşılıqlı etimad tədbirlərinin davam etdirilməsi də daxildir. Tərəflər Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edib, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, öz işlərini davam etdirməsinin vacibliyini vurğulayıblar. Eləcə də Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşün ŞƏT çərçivəsində baş tutması, tərəflərin problemi yalnız ikitərəfli deyil, regional diplomatiya müstəvisində də təqdim etməyə çalışdığını göstərir. Bu görüşün nəticələrinin sülh prosesinə necə təsir göstərə biləcəyi ilə bağlı isə ilk növbədə onu deyə bilərik ki, belə görüşlər adətən iki istiqamətdə – etimadın saxlanması və texniki məsələlərin sürətlənməsi işinə mühüm fayda verir. Münaqişədən sonrakı mərhələdə liderlər arasında əlaqənin bu cür görüşlər, təmaslar vasitəsilə davam etməsi səhv hesablamaların və gərginliyin artmasının qarşısını alır. Eyni zamanda, siyasi siqnal verildikdən sonra ekspertlər və işçi qruplar sərhəd, kommunikasiya, hüquqi mətn üzərində daha sürətli işləyə bilirlər. Bu gün Bişkekdə baş tutan Əliyev-Paşinyan görüşünün ictimai və beynəlxalq mesajı da budur ki, hər iki tərəf göstərir ki, sülh yolu açıqdır və bu yolu davam etdirmək əzmindəyik. Bu, xüsusən də üçüncü tərəflərə — region dövlətlərinə, böyük güclərə və beynəlxalq təşkilatlara — önəmli siqnaldır.
Ümumən baxsaq, Azərbaycan-Ermənistan liderlərinin Bişkek görüşü müsbət və zəruri addım kimi qiymətləndirilməlidir. Çünki hazırkı mərhələdə bu cür görüşlərin keçirilməsi sülh üçün çox vacibdir. Bu görüşlər tərəflər arasında dialoqun davam etdirilməsinə xidmət edir. Görüşlərin keçirilməməsi ən pis ssenari və dialoqun dayanması demək olardı. Ən yaxşı ssenari isə bu cür təmasların sülh sazişinin qalan texniki-siyasi hissələrini tədricən yekunlaşdırması, bağlamasıdır. Yəni görüşün özü final deyil, amma finala gedən yolun mühüm hissəsi ola bilər.
Bugünkü görüşün ən önəmli nəticəsi budur ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər. Bu da onu göstərir ki, ŞƏT-in Bişkek sammitinin regional diplomatiyaya təsiri danılmazdır. Bişkek görüşü Bakı ilə İrəvanı yekun sülhə bir addım da yaxınlaşdırdı.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.