Azərbaycan bu gün Türk dünyasının inteqrasiyası üçün ideya mərkəzi rolunu oynayır

 

Son günlərdə həm Azərbaycan, həm də Özbəkistanın xəbər gündəminin demək olar ki, bütünlüklə Prezident İlham Əliyevin Daşkəndə dövlət səfərinə fokuslanması tamamilə təbiidir. Bu diqqət təsadüfi deyil. Çünki bu səfər Əliyev və Mirziyoyevin Daşkəndə və Bakıya qarşılıqlı səfərlərinin xronologiyasında daha bir rəqəm artımına xidmət edən formal bir səfər deyil. Budəfəki Daşkənd səfəri sırf protokol hadisəsi çərçivəsindən çox-çox kənara çıxaraq, Azərbaycan–Özbəkistan münasibətlərində strateji dönüş nöqtəsi kimi tarixə yazıldı. Çünki bu səfərin gündəliyində nəinki Azərbaycan və Türkiyənin, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiyanın geosiyasi, geoiqtisadi arxitekturasını yenidən şəkilləndirən və eləcə də Türk dünyasının inteqrasiyasını daha da sürətləndirəcək olduqca mühüm strateji məsələlər yer almaqdadır. Eyni zamanda, burada söhbət iki qardaş türk dövlətinin münasibətlərində yalnız siyasi yaxınlaşmadan deyil, müttəfiqlik məzmunu daşıyan daha dərin institusional və strateji əməkdaşlıq modelinin formalaşmasından gedir. Bu, Türk dünyası daxilində dövlətlərarası münasibətlərin daha öncəki təcrübələrindən fərqlənən vacib bir inkişafdır. Bu mənada, İlham Əliyevin Özbəkistana dövlət səfəri böyük bir geosiyasi prosesin hərəkətverici tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Bəzi ekspertlər ümumi ifadə ilə bu səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirirlər. Amma əsl həqiqətdə isə məsələ münasibətlərin sadəcə yeni mərhələyə girməsindən getmir. Söhbət ilk növbədə bu iki türk dövlətinin müttəfiqlik münasibətlərinin tam fərqli mərhələyə girməsindən gedir (getməlidir). Çünki bundan əvvəl türk dövlətləri, TDT üzvləri arasında heç bir ölkə digəri ilə belə bir müqavilə imzalanmayıb. Daha doğrusu, türk dövlətləri (TDT üzvləri) arasında ilk dəfə Azərbaycanla Türkiyə arasında bütün sahələri, o cümlədən qarşılıqlı hərbi dəstəyi əhatə edən Şuşa Bəyannaməsi imzalanıb. Bu bir ilk idi bütün Türk dünyasında. Avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanması da tarixi əhəmiyyətli ilklərdən biridir. Biz bu müqaviləni tam əminliklə “İkinci Şuşa Bəyannaməsi” də adlandıra bilərik. Bu sənəd təkcə diplomatik mətn deyil, həm də siyasi və mənəvi baxımdan dərin mesaj daşıyan bir aktdır. Çünki bu müqavilə Azərbaycan və Özbəkistan münasibətlərini daha yüksək hüquqi-siyasi çərçivəyə daşımaqla yanaşı, Türk dövlətləri arasında əməkdaşlığın yeni modelinə dair də mühüm nümunə yaradır.

Bu kontekstdə Daşkənddə imzalanan bu müqavilənin ən mühüm siyasi və mənəvi əhəmiyyəti ondadır ki, bu addım digər türk dövlətləri üçün də hərəkətverici qüvvə roluna çevrilə bilər. Söhbət bu addımın bütün türk dövlətləri üçün müsbət presedentə çevrilə biləcəyindən gedir, əbədi dostluq müqaviləsinin Türk Dövlətləri Təşkilatının (TDT) bütün üzvləri üçün yaxşı örnək və stimul ola biləcəyindən gedir. Yəni Daşkənddə atılan bu addım təkcə iki ölkə arasında münasibətləri möhkəmləndirmir, həm də Türk dünyasında daha sıx siyasi həmrəyliyin və strateji yaxınlaşmanın əsaslarını gücləndirə bilər. Bu isə Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsi baxımından əhəmiyyətli perspektiv açır. Bu baxımdan, Azərbaycan Prezidentinin Özbəkistana səfəri coğrafi baxımdan Cənubi Qafqaz ölkəsi olan Azərbaycanın Mərkəzi Asiyada siyasi və iqtisadi mövcudluğunu gücləndirmək və ölkəmizi Mərkəzi Asiyada gedən proseslərin fəal aktorlarından birinə çevirməklə yanaşı, Türk dünyasının Asiya-Avropa iqtisadi münasibətlər sistemində mühüm bağlantı formalaşdırmasına yol açır. Azərbaycan bu prosesdə təkcə bağlantı rolunda, birləşdirici körpü rolunda deyil, həm də cığır açan missiyası ilə çıxış edir.

Azərbaycan Cənubi Qafqazın lider ölkəsi, Özbəkistan isə Mərkəzi Asiyanın iqtisadi lokomotividir. Və bu iki ölkə arasında onsuz da ortaq tarix, ortaq tale bağlılığı, iki xalq arasında bir-birilə tarixi və mənəvi yaxınlıq vardı. Keçmiş SSRİ-nin dağılmasından sonra isə Azərbaycan və Özbəkistan müstəqil dövlətlər kimi bir-birilə çoxşaxəli əməkdaşlıq münasibətləri qurmağa nail olublar. Lakin hazırda dünyanın geosiyasi düzəni kökündən yenilənir, ayrı-ayrı dövlətlər arasında qütbləşmə, bloklaşma prosesi güclənir. Əvvəlki əməkdaşlıq modelləri və hərbi-siyasi ittifaq formatları artıq bugünün tələblərinə cavab vermir. Ona görə də bu gün müttəfiq dövlətlər arasında münasibətlərin daha konkret və uzunmüddətli çərçivəyə salınması zərurəti yaranır. İki türk dövlətinin əməkdaşlıq münasibətlərinin əbədi dostluq müstəvisinə qaldırılmasının ideya müəllifi İlham Əliyevdir. Bu ideyanın gerçəkləşməsi bütün Türk dünyasının geosiyasi mənzərəsini dəyişəcək. İlham Əliyev ilə Şavkat Mirziyoyevin imzaladığı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”si bir yandan iki ölkə arasında qarşılıqlı dəstək, iqtisadi və siyasi əməkdaşlıq, eləcə də humanitar əlaqələri bundan sonra daha da inkişaf etdirəcək, digər tərəfdən isə Türk dünyasında birlik və həmrəyliyin güclənməsinə töhfə verəcək.

Əbədi dostluq münasibətləri beynəlxalq diplomatiyanın, dövlətlərarası əlaqələrin ən üst zirvəsi sayılır. Özbəklərdə Azərbaycana qarşı dərin rəğbət və sevgini həmişə müşahidə etmişik. Azərbaycanla Özbəkistan arasında əbədi dostluğun rəsmiləşdirilməsi xalqlarımız arasında yaxınlığı, həmrəyliyi daha da gücləndirəcək. Və burada ən önəmli məqamlardan biri də bundan sonra əbədi dostluq mirasının bütün gələcək nəsillərə ötürülməsidir. Ona görə də bu müqavilə Azərbaycan-Özbəkistan münasibətlərinin təkcə hazırkı durumunu nizamlayan hüquqi mexanizm deyil, həm də xalqlarımızın gələcək birliyinə yön verən mühüm siyasi təməldir. Əliyev və Mirziyoyevin xüsusi uzaqgörənliklə imzaladığı bu sənəd bundan sonra Azərbaycan və Özbəkistanın daim bir-birinin yanında olmağa və bir-birini müdafiə etməyə hazır olduğunu ortaya qoyur. Daşkənd səfərinin nəticələri onu göstərir ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazın aparıcı dövləti kimi deyil, həmçinin Mərkəzi Asiyada gedən proseslərə real təsir göstərən, onların fəal iştirakçısına çevrilən bir aktor kimi çıxış edir. Bu mövqe ölkəmizin həm siyasi, həm də iqtisadi baxımdan Avrasiya məkanında körpü funksiyasını daha da gücləndirir. Azərbaycan bu prosesdə təkcə birləşdirici əlaqə rolunu oynamır, eyni zamanda yeni əməkdaşlıq xəritəsi formalaşdıran, istiqamət verən və cığır açan dövlət kimi önə çıxır.

Beləliklə, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Türk dünyasının inteqrasiya prosesinə köklü təkan verən Azərbaycan əvvəlcə Türkiyə ilə Şuşa Bəyannaməsini, bu gün isə Özbəkistanla əbədi dostluq haqqında Müqavilə imzalamaqla bütün türk dövlətləri üçün fövqəladə dərəcədə önəmli presedent yaratdı. Bu iki tarixi addım TDT-nin yaxın gələcəkdə Türk Birliyinə çevrilməsi üçün real zəmin yarada bilər. Beləliklə, görünən budur ki, Azərbaycan bu gün Türk dünyasının inteqrasiyası üçün ideya mərkəzi rolunu oynayır. Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu iştirakçı statusunda qatılaraq “C5” formatının “C6”-ya çevrilməsinə nail olmaqla təkcə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında deyil, həm də Türküstan ilə Türkiyə arasında əlaqələri gücləndirmək missiyasını üzərinə götürüb. Yolun açıq olsun, Azərbaycan!

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »