İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində TDT haqqında səsləndirdiyi fikir Azərbaycanın bu təşkilatla bağlı mövqeyinin açıqlanması kimi dəyərləndirilməlidir

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibədə bir sıra önəmli strateji məqamlara toxunub, Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı vəziyyətini və TDT-nin gələcək perspektivlərini dəyərləndirib. Bu müsahibədə vurğulanan məqamların həm iki ölkə münasibətləri üçün, həm də bütövlükdə Türk dünyası üçün böyük əhəmiyyəti var. Müsahibədədən çıxan əsas xətt budur ki, Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərini sadəcə diplomatik əlaqə kimi yox, ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər, qardaşlıq, qarşılıqlı dəstək və şəxsi liderlərarası etimada söykənən strateji tərəfdaşlıq modeli kimi görür. Bu mənada, Azərbaycan-Özbəkistan münasibətləri artıq çoxdan sıravi dostluq səviyyəsini keçib və rəsmən müttəfiqlik mərhələsinə yüksəlib. İki ölkə arasındakı yaxınlıq artıq yalnız simvolik deyil, həm də institusional, iqtisadi, nəqliyyat, enerji və regional layihələrdə konkret nəticələr verən əməkdaşlığa çevrilib.

Prezident ilk növbədə müsahibədə Azərbaycan və Özbəkistan münasibətlərinin təməlinə nəzər salaraq, bu münasibətlərin təbii əsasını vurğulayıb, eyni kimlik və siyasi etimadı önə çəkib, ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və xalqlar arasında dərin qarşılıqlı rəğbət amillərinə vurğu edib. Bu, sadəcə diplomatik formula deyil, münasibətlərin niyə bu qədər sürətlə dərinləşdiyini izah edən təməl ideoloji və mədəni bazadır. Ona görə də Cənab Prezidentin müsahibəsində Azərbaycan və Özbəkistan münasibətləri artıq “inkişaf edir” mərhələsində deyil, “ən yüksək müttəfiqlik səviyyəsi” mərhələsində təqdim olunur. Bu, sadəcə ritorik ifadə deyil. Bu yanaşma göstərir ki, Bakı üçün Özbəkistanla əlaqələr artıq taktik deyil, strateji xarakter daşıyır.

İki ölkə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsində liderlərarası şəxsi dostluq faktoru da olduqca mühüm rol oynayır. Bu gün Əliyev–Mirziyoyev xətti Bakı-Daşkənd münasibətlərinin lokomotividir. Məhz buna görə də sözügedən müsahibədə İlham Əliyev Şavkat Mirziyoyevlə şəxsi münasibətinə xüsusi vurğu edir. Bu, siyasi cəhətdən vacibdir, çünki bu gün bir çox ikitərəfli əlaqələrin uğuru ilk növbədə liderlər arasındakı etimada bağlı olur. Liderlərarası şəxsi münasibətlər dövlətlərarası gündəmi sürətləndirir. Onların arasındakı şəxsi inam və siyasi etimad iqtisadi, humanitar və təhlükəsizlik sahələrinə də yansıyır. Bu baxımdan Əliyev–Mirziyoyev xətti Azərbaycan–Özbəkistan münasibətlərində ən önəmli sabitləşdirici və dərinləşdirici amildir. Bu, post-sovet məkanında nadir rast gəlinən, çox yüksək etimad üzərində qurulmuş münasibət modelidir.

Müsahibədə vurğulan mühüm məqamlardan biri də müttəfiqliyin hüquqi səviyyəyə qaldırılmasına təkan verən 2024 və 2025-ci illərdə imzalanmış sənədlərlə bağlıdır. Söhbət “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”dən gedir. Hüquqi çərçivə münasibətləri institusionallaşdırmaq üçün vacibdir. Bu mənada, bu cür yüksək səviyyədə imzalanmış sənədlər münasibətləri emosional-tarixi bağlar müstəvisindən çıxarıb dövlətlərarası hüquqi və siyasi çərçivəyə salır. Bu sənədlər göstərir ki, tərəflər münasibətləri şifahi dostluqdan çıxarıb hüquqi öhdəliklər sisteminə daxil ediblər. Yəni artıq Azərbaycan və Özbəkistan münasibətləri sadəcə qardaşlıq münasibətləri deyil, dövlətlər səviyyəsində təsbit olunmuş uzunmüddətli strateji istiqamətdir, yol xəritəsi”dir.

Eyni zamanda, 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura da münasibətlərin idarə edilməsi üçün olduqca vacib platformadır. Siyasi baxımdan bu, sadəcə görüş-iclas mexanizmi deyil, sıx əməkdaşlıq üçün uzunmüddətli koordinasiya institutudur. Başqa sözlə desək, Ali Dövlətlərarası Şura münasibətlərin institusional dayağıdır. Məhz buna görə də Cənab Prezident UzA-ya verdiyi geniş müsahibədə Özbəkistanla Azərbaycan arasında 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şuranın əhəmiyyətini xüsusi vurğulayır. Bu Şuranın fəaliyyəti həqiqətən də çox önəmlidir, çünki münasibətlərin davamlılığını təmin edən əsas alətlərdən biri məhz bu cür institutlardır. Daşkənd və Bakıda keçirilən iclaslar da göstərir ki, bu format formal deyil, real siyasi idarəetmə mexanizmidir.

Bütün bu deyilənləri nəzərə alsaq, İlham Əliyevin UzA-ya verdiyi müsahibə sadəcə informasiya çıxışı deyil, iki ölkə münasibətlərinin strateji manifesti kimi dəyərləndirilə bilər. Eyni zamanda, bu müsahibə təkcə Azərbaycan və Özbəkistan üçün deyil, bütövlükdə Türk dünyasının siyasi arxitekturası üçün də önəmlidir. Çünki müsahibədə Türk dövlətləri arasında yalnız mədəni yaxınlıq deyil, siyasi və iqtisadi inteqrasiyanın mümkünlüyü vurğulanır, ikitərəfli müttəfiqliyin Türk Dövlətləri Təşkilatının (TDT) məzmununu gücləndirdiyi qeyd olunur və Azərbaycan ilə Özbəkistanın koordinasiyasının Türk dünyasında vahid mövqe formalaşdırma potensialını artırdığı diqqətə çatdırılır. Bunlar Türk dünyası üçün olduqca önəmli mesajlardır. Bu gün Azərbaycan və Özbəkistan münasibətləri həqiqətən də bütün Türk dövlətləri arasında inteqrasiyanın real modelini göstərir, siyasi həmrəyliyin praktik nəticəyə çevrilməsini nümayiş etdirir və eyni zamanda, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında körpü rolunu möhkəmləndirir, Türk Dövlətləri Təşkilatına əlavə məzmun və dinamika verir. Bu, təkcə iki dövlətin yaxınlaşması deyil, Türk dünyasında əməkdaşlığın institusional və iqtisadi əsaslarla möhkəmlənməsi deməkdir.

İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində TDT haqqında səsləndirdiyi fikir Azərbaycanın bu təşkilatla bağlı mövqeyinin açıqlanması kimi dəyərləndirilməlidir. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir: “Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir”. Bu açıqlama Türk dünyasının gələcək inteqrasiyası kontekstində çox önəmlidir. Başqa sözlə desək, Prezident İlham Əliyevin TDT ilə bağlı mesajı Türk dünyasında simvolik birlikdən praktik inteqrasiyaya keçidin real göstəricisidir. Bu xətt yalnız ikitərəfli münasibətlərin deyil, həm də Türk dünyasının geosiyasi güclənməsinə xidmət edir.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »