Bəzi soydaşlarımızın Xameneinin dəfnini “əsrin hadisəsi” kimi təqdim etməsi, bir növ tarixi yaddaşın və reallıqların göz ardı edilməsidir
İranın keçmiş ali dini lideri Əli Xameneinin bir həftədən bəri davam edən vida və dəfn mərasimi ötən gün onun doğma şəhəri Məşhəddə başa çatdı. Bizim bəzi soydaşlarımızın, intellektual kimi tanınan insanlarımızın bu mərasimi “əsrin hadisəsi”, “bəşəriyyətin ən izdihamlı vida və dəfn mərasimi”, “vilayəti-fəqih sisteminə bütün Orta Şərq coğrafiyasında legitimlik qazandıran böyük bir siyasi hərəkat” kimi təqdim etmələri isə, yumşaq desək, dərin təəccüb və həm də təəssüf hissi doğurur. SEPAH-ın ifrat dərəcədə güclənməsinin, bütün regionu qan çanağına döndərən “Hizbullah”, husilər, şiə milisləri kimi proksi güc şəbəkəsinin formalaşmasının əsas səbəbkarı olan və Azərbaycan Respublikasına qarşı daim destruktiv siyasətin yürüdülməsinə rəvac verən bir dini-siyasi lideri bu qədər bütləşdirmək bizim soydaşlarımız üçün heç də bəyənilən, təqdir olunası hal deyil.
Hesab edirəm ki, biz Əli Xameneinin ölümündən sonrakı proseslərə matəm pəncərəsindən deyil, fərqli rakursdan, daha geniş kontekstdə yanaşmalıyıq. Niyə fərqli rakursdan baxmalıyıq? Çünki Xameneinin vəfatı İranın “təbii halqası” olan ideoloji ekspansionizmin (regional nüfuz dairəsinin genişləndirilməsi) zəifləməsi üçün bir fürsətdir. Bizim soydaşlarımızın bu mərasimlərə verdiyi aşırı dəyər, əslində, o ideologiyanın hələ də bəzi beyinlərdə yaşadığını göstərir. Halbuki, dövlətçilik baxımından bizim üçün önəmli olan İranın daxili sabitliyinin vəhdəti deyil, bu ölkənin bizim milli maraqlarımıza təhdid təşkil etməyən, praqmatik bir qonşuya çevrilməsidir.
Bu baxımdan, Xameneinin vəfatı ilk növbədə həm İranın özü üçün, həm də bütün Yaxın Şərq və Cənubi Qafqaz üçün yeni bir mərhələnin başlanğıcı kimi nəzərdən keçirilə bilər. Zənnimcə, indi regional məsələlərin qarşıdurma yolu ilə deyil, rasional dialoq vasitəsilə, dinc qonşuluq siyasəti müstəvisində həll olunması üçün daha münbit zəmin yaranır (əlbəttə, əgər Məsud Pezeşkian-Abbas Əraqçi-Məhəmməd Qalibaf üçlüyünün təmsil etdiyi islahatçılar qanadı SEPAH-ın hüdudsuz hökmranlığı üzərində qalib gələrsə). Artıq hadisələri emosional və ya ideoloji təsir altından çıxarıb, soyuq siyasi məntiq və milli maraqlar prizmasından dəyərləndirməyin vaxtıdır. Bu, çox vacibdir.
Xameneinin vəfatından sonrakı mənzərəni təhlil edərkən qeyd etdiyimiz məqamların başında ilk növbədə intellektual “bütləşdirmə” paradoksu gəlir ki, bu da İranın uzun illər ərzində Azərbaycanda apardığı dini-ideoloji təbliğatın nəticəsidir. Bəzi soydaşlarımızın Xameneinin dəfnini “əsrin hadisəsi” kimi təqdim etməsi, bir növ tarixi yaddaşın və reallıqların göz ardı edilməsidir. Dövlətçilik maraqlarını və milli təhlükəsizliyi bir kənara qoyub, uzun illər ərzində regional sabitliyi pozan, Azərbaycanın ərazi bütövlüyünə qarşı illərlə destruktiv siyasət yürüdən bir ideoloqu ilahiləşdirmək, həqiqətən də ciddi təəssüf hissi doğurur. Bu, bəzən dini simpatiya, bəzən isə formalaşmış ideoloji stereotiplərin tənqidi təfəkkürü üstələməsindən irəli gəlir.
İranın idarəçiliyi SEPAH-ın inhisarından çıxıb islahatçılar qanadının əlinə keçərsə, bu, Cənubi Qafqaz üçün də pozitiv nəticələr doğura bilər. Əli Xameneinin dövründə İranın Cənubi Qafqaz siyasəti daha çox Azərbaycanın güclənməsinə mane olmaq və Ermənistanı bir növ “geosiyasi dəyənək” kimi istifadə etmək prinsipinə əsaslanırdı. Lakin əgər yeni rəhbərlik qonşu ölkələrlə rasional dialoqa üstünlük versə, bu, regiondakı böyük layihələrin (məsələn, Zəngəzur dəhlizi və ya regional nəqliyyat qovşaqları) açılmasına da əlverişli şərait yarada bilər. Bunun baş verməsi üçün isə Tehranın “regional hegemonluq” kompleksindən əl çəkməsi, SEPAH-ın “ideoloji müharibə” konsepsiyasından imtina edilməsi vacibdir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.