Avropa İttifaqı Azərbaycanı Cənubi Qafqazda müstəqil xarici siyasət yürüdən, regional geosiyasi reallıqları formalaşdıran və öz maraqlarını qorumağı bacaran güclü bir tərəfdaş kimi qəbul edir

Sıralarında 27 üzv dövləti birləşdirən Avropa İttifaqının (Aİ) əsas siyasi siması hesab olunan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri xüsusi geosiyasi əhəmiyyət daşıyan mühüm hadisədir. Xanım Lyayenin Bakıya səfəri Brüsselin Azərbaycanı Cənubi Qafqazda etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi dəyərləndirməsinin göstəricisidir. Bunu Lyayenin ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında səsləndirdiyi “Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər” fikrindən də görmək mümkündür. Belə ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen açıq şəkildə etiraf edir ki, Azərbaycan özünün strateji əhəmiyyətini və regional nüfuzunu artırır. Bu gün Azərbaycanla Avropa İttifaqı bir çox sahələr üzrə yüksəksəviyyəli dialoq həyata keçirir. Bu kontekstdə Lyayenin ölkəmizə hazırkı səfərini Brüssel-Bakı münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar.

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərin hazırkı mərhələsində sözsüz ki, enerji təhlükəsizliyi və strateji əməkdaşlıq prioritet təşkil edir. Bu baxımdan, Ursula Fon der Lyayenin səfərinin və Bakı ilə intensiv dialoqunun mərkəzində də ilk növbədə məhz enerji təhlükəsizliyi dayanır. Azərbaycanın Aİ-nin enerji diversifikasiyası strategiyasında (“REPowerEU” planı) oynadığı rol, xüsusən də “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya nəql olunan qazın həcminin artırılması, ölkəmizi Avropanın enerji təhlükəsizliyinin qarantlarından birinə çevirib. Azərbaycanın nəqliyyat və logistika qovşağı kimi mövcud potensialı (Orta Dəhliz) Aİ üçün böyük maraq kəsb edir. Təsadüfi deyil ki, Fon der Lyayen Prezident İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən birmənalı şəkildə bildirdi ki, “mənim məqsədim Azərbaycanla tərəfdaşlığımızı möhkəmləndirməkdir”.

Bəs, xanım Lyayenin bu cür qətiyyətli mövqeyinin kökündə nə dayanır? Bu, ilk növbədə regionda baş verən mühüm geosiyasi proseslərin (Rusiya-Ukrayna savaşı və İran-ABŞ müharibəsi) iqtisadi nəticələri ilə bağlıdır. Onun sözlərinə görə, Rusiya qazının Avropa istiqamətində tədarükünün dayandırılmasından sonra Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayıb, “Cənub Qaz Dəhlizi” isə enerji resurslarının tədarükü sahəsində əsl “uğur hekayəsi”nə çevrilib: “Buna görə mən sizə minnətdarlığımı bildirirəm. İndi biz növbəti mərhələdəyik”.

Avropa Komissiyasının rəhbəri həmçinin qeyd edib ki, Azərbaycan yeni enerji layihələri, o cümlədən bərpa olunan energetika sahəsində layihələr həyata keçirir. Lyayen etiraf edir ki, Azərbaycan Xəzər regionunda əhəmiyyətli potensiala malikdir və təmiz elektrik enerjisinin tədarükü üçün mühüm enerji qovşağına çevrilə bilər: “Biz sizin regional enerji şəbəkələrinin inteqrasiyası üzrə planlarınızı dəstəkləyirik. Azərbaycan öz enerji sistemini Avropa İttifaqı ilə birləşdirəcək. Bu, həm də əlavə qaz həcmlərinin ixracı üçün imkanlar yaradacaq. Bu kontekstdə biz sizin təklifinizi də qəbul etdik”.

Brüsselin əsas simasının Azərbaycana regional sabitliyin təminatçısı və siyasi dialoqun, sülh danışıqlarının lokomotivi kimi baxması da olduqca önəmlidir. Belə ki, Lyayenin Azərbaycanı “regional sabitliyi və inkişafı irəli apara bilən” ölkə kimi xarakterizə etməsi Brüsselin Bakıya baxışındakı strateji xətti göstərir. Avropa İttifaqı Azərbaycanı Cənubi Qafqazda müstəqil xarici siyasət yürüdən, regional geosiyasi reallıqları formalaşdıran və öz maraqlarını qorumağı bacaran güclü bir tərəfdaş kimi qəbul edir. Ursula Fon der Lyayenin bu səfəri, sözügedən qarşılıqlı etimadın və strateji baxışın növbəti təsdiqidir.

Eyni zamanda, Avropa Komissiyasının rəhbərinin Azərbaycan Prezidentini Ermənistanla sülh prosesinin nəticələri münasibətilə təbrik etməsi də bu səfərin əsas məqamlarından biridir. Fon der Lyayen bildirib ki, Avropa İttifaqı Bakı ilə İrəvan arasındakı dialoqu dəstəkləyir: “Aİ Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir. Bu gün mən sizi tarixi sülh sənədini paraflamağınız münasibətilə təbrik etmək istərdim. Siz regionda sülhün bərqərar edilməsi üçün öz şəxsi liderliyinizi nümayiş etdirdiniz və bu, sabitliyə, etimada və birgə rifaha yol açır. Avropa İttifaqı bu sülh prosesini qətiyyətlə dəstəkləyir və biz bundan sonra da mümkün olan hər şeyi edəcəyik. Biz sülhə kağız üzərində deyil, reallıqda töhfə verməyə hazırıq və bu gün də, hər gün də bu istiqamətdə çalışmalıyıq”. Beləliklə, bu mərhələdə Aİ-nin vasitəçilik səylərini davam etdirməsi faktoru bir daha qabarıq şəkildə önə çıxır. Ermənistan-Azərbaycan normallaşma prosesində Aİ-nin vasitəçilik səyləri fonunda Bakı ilə birbaşa və konstruktiv dialoqun davam etdirilməsi, bölgədə sülhün və sabitliyin bərqərar olunması üçün olduqca vacibdir.

Bakı ilə Brüssel arasında münasibətlərin yeni mərhələsi daha böyük perspektivlərə malikdir. Münasibətlərin yeni mərhələsi dedikdə, tərəflər arasında yalnız enerji sahəsi deyil, həm də Xəzər dənizinin bərpaolunan enerji (yaşıl enerji) potensialının Avropaya ixracı layihələri, texnoloji və infrastruktur (rəqəmsallaşma və innovasiya) sahəsində intensiv əməkdaşlıq perspektivləri, eləcə də ticarət əlaqələrinin genişləndirilməsi də nəzərdə tutulur. Həm bizim ölkəmizin zəngin bərpaolunan enerji potensialı, həm də Mərkəzi Asiya ölkələrinin resurslarının Azərbaycan üzərindən nəqli perspektivləri ölkəmizi Avropa ilə Asiyanı birləşdirən mühüm geoiqtisadi-logistik mərkəz kimi önə çıxarır. Məhz bu məqamlara əsaslanaraq Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenlə mətbuata bəyanatında bildirdi ki, biz Avropa Komissiyası ilə əməkdaşlığımızın inkişafına böyük önəm veririk. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Aİ ilə strateji xarakter daşıyan münasibətlərimiz bundan sonra daha da dərinləşdiriləcək.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »