Paşinyanın Minsk qrupu ilə bağlı son etirafı əslində onun siyasi mövqeyində ciddi dönüşün göstəricisidir
Ermənistan Baş naziri Nikol Pashinyan ötən axşam seçkiqabağı debatlar zamanı İctimai Televiziyada bəyan etdi ki, böyük dövlətlər “Minsk qrupunu Qarabağ məsələsinin həll olunmaması üçün yaratmışdılar”. İlginc etirafdır. Bəs, Paşinyanın bu etirafını necə dəyərləndirmək olar? Axı bu, həmin Paşinyandır ki, 2025-ci ilin 8 avqustunda Vaşinqtonda imzalanan anlaşmalara qədər rəsmi Bakının Minsk qrupunun ləğv edilməsi ilə bağlı birgə sənəd imzalamaq barədə təklifindən hər vasitə ilə boyun qaçırırdı. Maraqlıdır, görəsən, indi nə dəyişib ki, Paşinyan 180 dərəcə əks mövqe sərgiləyir?
Bu sualın ən birinci cavabı budur ki, 44 günlük İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatından sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar Ermənistan rəhbərliyini rasional siyasət yürütməyə məcbur edir. Başqa sözlə desək, Dəmir Yumruğumuz öz işini görür, Ermənistan rəhbərliyi ağıllanır, sülhün alternativinin olmadığını və sülhə mane olan təsisatların (o cümlədən, Minsk qrupunun) tarixin arxivinə göndərilməli olduğunun vacibliyini tam şəkildə dərk etməyə başlayır. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra Minsk qrupunun faktiki olaraq iflası və regionda yeni reallıqların formalaşması Ermənistan rəhbərliyi üçün bu həqiqəti qəbul etməkdən başqa bir yol saxlamadı.
Bu mənada, Paşinyanın Minsk qrupu ilə bağlı son etirafı əslində onun siyasi mövqeyində ciddi dönüşün göstəricisidir. Bəli, hər kəsə bəllidir ki, Paşinyan illərlə bu qurumu “vasitəçi” kimi müdafiə edirdi, halbuki Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Minsk qrupunun fəaliyyətsizliyini və status-kvonun qorunmasına xidmət etdiyini vurğulamış, bu qrupun ləğv edilməsi ilə bağlı Ermənistan rəhbərliyinə çağırışlar etmişdi. Ancaq indi isə Paşinyan açıq şəkildə deyir ki, “Minsk qrupunu Qarabağ məsələsinin həll olunmaması üçün yaratmışdılar”.
Ermənistan liderinin mövqeyində bu cür köklü dəyişimin digər səbəbi isə ötən ilin 8 avqustundakı Vaşinqton anlaşmaları ilə bağlıdır. Ermənistan tərəfinin həmin sənədlərin imzalanmasına qədər Bakının Minsk qrupunun ləğvi ilə bağlı təklifindən yayınması, əslində, ilk növbədə daxili siyasi balansı qorumaq cəhdi idi. Amma Vaşinqtonda imzalanan anlaşmalardan sonra Ermənistan üçün bu quruma istinad etməyin artıq heç bir mənası qalmadı. Yəni Paşinyanın 180 dərəcə dönüşü həm daxili, həm də xarici amillərin nəticəsidir. Əvvəllər o, bu etirafı etməkdən çəkinirdi, çünki Ermənistan cəmiyyətinə Minsk qrupu illərlə “ümid yeri” kimi təqdim olunmuşdu. İndi isə həmin ümidin boş olduğu və keçmiş həmsədr dövlətlərin geosiyasi maraqlarına xidmət etdiyi açıq şəkildə etiraf edilir.
Paşinyanın seçki ərəfəsində bu cür açıqlamalarla çıxış etməsi həm beynəlxalq müstəvidə, həm də regional aspektdən fərqli məna daşıyır. Belə ki, Minsk qrupu ilə bağlı məlum fikri səsləndirməklə Paşinyan özünü “reallığı qəbul edən” lider kimi göstərməyə çalışır. Bu, həm Qərbə mesajdır – yəni Ermənistan artıq köhnə formatlara deyil, yeni regional düzənə uyğunlaşır, – həm də Bakıya dolayı yolla siqnaldır ki, “daha Minsk qrupuna istinad etməyəcəyəm”. Bakı üçün isə bu mövzu artıq çoxdan bağlanıb. Prezident İlham Əliyevin Minsk qrupu ilə bağlı qətiyyətli mövqeyi bu ədalətsiz təsisatın tam ləğvi ilə nəticələndi. ATƏT Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də Minsk qrupu və ona bağlı strukturların ləğvi ilə bağlı qərar qəbul etməsi ilə bu geosiyasi avantüra səhifəsi birdəfəlik qapandı. Erməni siyasətçiləri isə həmişəki kimi yenə də keçmişə ekskurs etməklə məşğuldurlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.