Rusiyanın Cənubi Qafqaz ölkələrinə qarşı ikibaşlı oyunları Kremlin hələ də məkrli niyyətlər yuvası olaraq qaldığını bir daha üzə çıxarır. Bir tərəfdən 7 iyun seçkiləri ərəfəsində Ermənistana qarşı şantaj və təzyiqləri daha da artıran və ən müxtəlif hibrid müharibə üsullarına əl atan Rusiya, digər tərəfdən isə Azərbaycanla ikitərəfli əlaqələrin bütün spektrini ardıcıl şəkildə inkişaf etdirmək niyyətində olduğunu bəyan edir və eyni zamanda, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün platforma olmağa hazır olduğunu bildirir. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin və Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarovanın Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində verdikləri açıqlamalardan da görmək mümkündür.
Məsələnin ən ilginc tərəfi də Azərbaycan və Ermənistan liderlərinin heç bir vasitəçiyə, üçüncü tərəfin moderasiyasına ehtiyac olmadan ikitərəfli formatda sülh danışıqlarını uğurla davam etdirdikləri bir vaxtda Rusiyanın yenidən özünü ortaya atmasaı, “mən də varam” deyərək vasitəçilik missiyasına qayıtmağa cəhd göstərməsidir. Elə Mixail Qaluzin də məhz bu məsələyə – ölkəsinin vasitəçilik missiyasına toxunaraq bildirib ki, “biz əvvəlki kimi, nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, humanitar məsələlərin həllində İrəvan və Bakıya kömək etməyə, həmçinin sülh müqaviləsinin imzalanması üçün Rusiya platformasını hazırlayıb təqdim etməyə hazırıq”. Sətiraltı mesajların yer aldığı bu açıqlama, əslində, Kemlin ABŞ və Avropa İttifaqının (Aİ) Cənubi Qafqazı Rusiyanın təsir orbitindən çıxarmaq səylərini əngəlləməyə hesablanıb. Məhz bu məqsədlə də Kreml hazırda Ermənistana qarşı “dəyənək”, Azərbaycana qarşı “kökə” siyasəti yürüdür.
Lakin Bakı və İrəvan hazırda kifayət qədər ölçülüb-biçilmiş rasional siyasət yürüdür və eyni zamanda, haqlı olaraq Moskvanın sözügedən təkliflərinə skeptik yanaşırlar. Hər iki tərəf yaxşı başa düşür ki, Kremlin təklifi real sülhə yox, Rusiyanın regionda mövcudluğunun qorunub saxlanmasına xidmət edir. Başqa sözlə desək, Rusiya tarixin arxivinə göndərilmiş “Qarabağ məsələsi”ni yenidən diriltmək istəyir. Ona görə də Rusiyanın Mixail Qaluzinin dili ilə səsləndirilən məlum təklifini qətiyyən qəbul etmək olmaz. Rusiya tərəfi 2020-2022-ci illərdə əldə edilən üçtərəfli razılaşmalar çərçivəsində öz vasitəçilik missiyasını artıq başa çatdırıb və Azərbaycan Ordusunun 2023-cü il 19-20 sentyabr tarixində həyata keçirdiyi antiterror əməliyyatından sonra onun vasitəçiliyinə heç bir zərurət qalmayıb. Ona görə də bu gün Putin Rusiyasını danışıqlar prosesindən uzaq tutmaq, əslində, ən yaxşı sülh platformasına nail olmaq deməkdir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.