Milli səfərbərlik

Bu fikirlər politoloq Asif Adilin “Milli səfərbərlik” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Qeyd olunanlar heç də hansısa nəzəri mülahizələrin məhsulu deyil, bu bir reallıqdır, həm də “yeni reallığın” özəl parçasıdır. Diqqət yetirirsinizsə, doğma məmləkətimizə qarşı uzun illər ərzində tətbiq olunan “ikili standartlar” siyasəti, həmçinin yaşanan təzyiq və informasiya təxribatları Qələbədən sonra heç də azalmayıb. Əksinə, onların sayı dəfələrlə artıb. Bəzən isə bu təzyiqlər hətta aqressiv formada cərəyan edir.

Bütün ağır təfərrüatlara varmadan ötən müddət ərzində yaşanmış ədalətsizlikləri, sadəcə, vergüllə yada salaq: diplomatik təzyiqlər, hərbi təhdidlər, iqtisadi təxribatlar, “çirkli” informasiya manipulyasiyaları, hədəfində siyasi sabitliyin pozulması olan demaqoji isterika, cəmiyyətin ideoloji parçalanmasına hesablanmış emosional siyasi ritorika və daha nələr-nələr. Hamımız onun şahidiyik ki, bu gün müxtəlif ünvanlardan ölkəmizə qarşı basqılar yaşanır. Əlbəttə ki, sadalanan bütün bu dağıdıcı təzahürlərin qarşısında Prezident İlham Əliyevin peşəkar siyasəti və prinsipial iradəsi, habelə cəmiyyətdə yaşanan milli həmrəylik mühiti dayanmasa idi dövlətçiliyimizin aqibəti sual altında qalardı. Təsadüfi deyil ki, mənfur qüvvələrin informasiya təxribatlarının strateji hədəfləri də hər zaman məhz qeyd etdiyimiz prinsipial siyasi iradə və cəmiyyətdə yaşanan milli həmrəylik olub. Şübhəsiz ki, təsvir etdiyimiz mənzərə vətənpərvər milli qüvvələrinin səfərbərliyini labüd edir.

Tərəddüd etmədən onu da qeyd edə bilərik ki, şərti “milli səfərbərliyin” təmin olunması vəzifəsi ilk növbədə ideoloji müstəviyə aid olan məsələdir. Mövcud kontekstdə Prezident İlham Əliyevin bu sözləri xüsusi məna daşıyır: “Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir”. Dövlətimizin başçısının bəhs etdiyi “ruhu” yaradan və onu dəstəkləyən başlıca amil isə yenə də ideologiyadır. Ona görə də bizim ideoloji sərhədlərimizin toxunulmazlığı mütləq olaraq təmin olunmalı və burada yumşaqlığın göstərilməsi lüzumsuzdur. Bu sərhədlərin toxunulmazlığı üçün milli səfərbərlik artıq zərurətə çevrilir.

Milli səfərbərlik, eyni zamanda, müstəqil siyasətin aparılmasını mümkün edən önəmli amildir. Təsadüfi deyil ki, dövlətimizin başçısı Şuşanın Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüş zamanı müstəqillik ilə bağlı məhz bu sözləri demişdir: “Müstəqillik – bu, böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin”. Odur ki, müstəqil siyasəti aparmaq və bu siyasəti qorumaq üçün də dövlətin və xalqın milli səfərbərlik potensialı daim dəstəklənməlidir.

Burada biz mütləq olaraq bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə təşviq olunan sağlam siyasi dialoq mühitini də yada salmalıyıq. Əlbəttə ki, təqribən son 5-6 il ərzində sağlam siyasi dialoq mühitinin aktiv şəkildə təşviq olunması və sözügedən prosesdə siyasi partiyaların yaxından iştirakı əsla təsadüfi hal deyil. Bəli, elə ona görə də radikallar milli səfərbərliyə xidmət edən siyasi dialoqa qarşı çıxış edir. Təkcə elə buna görə də dialoqu tənqid edən və bu prosesdən digərlərini yayındırmaq istəyənlər heç bir zaman milli qüvvə sayıla bilməz. Buna görə də dövlətin siyasi dialoq ilə bağlı olan şaxəli təşəbbüslər əcnəbi araçı vasitəçilərin və beynəlxalq “demokratik” təşkilatların hesabatlarına daxil olmur. Siyasətdə spekulyant araçıların lazımlığını heçə endirən həmrəylik mühiti ölkəmizə yırtıcı niyyətləri ilə yanaşan geosiyasi qüvvələrin maraqlarına daxil ola bilməz. Sözügedən fakt, eyni zamanda, son dövrlərdə heç bir mənəvi sərhəd tanımayan informasiya təxribatlarının artmasının əsas səbəbidir.

Canımızdan çox sevdiyimiz Azərbaycan üçün heç bir dövlət və milləti örnək gətirmək istəməzdik. Ancaq dünya tarixində dövlət və xalqın inkişafında milli ideologiya oynadığı müstəsna rolunu sübut edən müsbət örnəklər kifayət qədər çoxdur. Səmərəli milli səfərbərlik və mobilliyin əsas mənbəyi olan ideologiya, keçid dövrləri üçün aktual hesab olunan transformasiya proseslərini əsaslı şəkildə yumşaldır və cəmiyyətdə olan potensialı inkişafa, vahid məqsədlərə yönəldir. Zamanında milli səfərbərliyə xidmət etmiş Çinin “dövlət və cəmiyyətin inkişafı naminə hər bir fərd çalışmalı və bu yolda “qurbanlara” hazır olmalıdır” şərti adlı iqtisadi modelinin hesabına sözügedən dövlət bu gün dünyada birincilik uğrunda açıq mübarizə aparır. Budur milli birliyin və səfərbərliyin real potensialı. Mürəkkəb müasir beynəlxalq münasibətlər, habelə yaşanan tendensiyalar və dünyada hökm sürən sərt rəqabət mühiti milli səfərbərliyimizin hər zaman tonusda saxlanmasını tələb edir.

Comments are closed.

Tərcümə »