Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi rolunu davam etdirərək, enerji inteqrasiyasını sülhün möhkəmlənməsi üçün əsas mexanizm kimi görür
31-ci Bakı Enerji Həftəsi təkcə enerji sahəsində müzakirələrin aparıldığı ənənəvi beynəlxalq platforma deyil, həm də regionun siyasi gündəminə və sülh perspektivlərinə birbaşa təsir edən olduqca mühüm hadisədir. Bu baxımdan, ABŞ Prezidenti Donald Trampın Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı müraciət xüsusi əhəmiyyət daşıyır və diqqət çəkir. Sözügedən müraciətində Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edən ABŞ lideri, həmçinin enerji təhlükəsizliyi və ABŞ-Azərbaycan əməkdaşlığına toxunub. Belə ki, Tramp Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində lider rolunu xüsusi vurğulayıb və ABŞ ilə Azərbaycan arasında karbohidrogen sektorunda uzunmüddətli əməkdaşlığın mövcud olduğunu qeyd edərək, bu tərəfdaşlığın qlobal enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını bildirib. O, qeyd edib ki, Vaşinqton və Bakı arasında karbohidrogen sektorunda uzunmüddətli əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq bundan sonra da davam edəcək: “ABŞ Azərbaycanın neft-qaz sənayesinin uzunmüddətli tərəfdarı olub və hesab edirəm ki, qlobal enerji təhlükəsizliyi sahəsində fundamental tərəfdaşlığımız gələcək illərdə daha da güclənəcək”.
Trampın bu fikirləri Azərbaycanın enerji ixracatçısı kimi önəmli mövqeyini göstərməklə yanaşı, Vaşinqtonun Bakı ilə münasibətlərində enerji diplomatiyasının mərkəzi rol oynadığını təsdiqləyir. Enerji sahəsində strateji əməkdaşlığın xüsusi olaraq vurğulanması o deməkdir ki, ABŞ Azərbaycanın enerji sektorunu uzunmüddətli tərəfdaşlıq müstəvisində dəstəkləyir. Bununla yanaşı, ABŞ Prezidentinin müraciətində ən diqqətçəkən məqamlardan biri də Azərbaycan və Ermənistan arasındakı münasibətlərin hazırkı durumuna və sülh perspektivlərinə dair fikirləri oldu. Belə ki, Ağ Evin rəhbəri keçən ilin avqustun 8-də Vaşinqtonda keçirilən tarixi sülh sammitini xatırladaraq, regional enerji inteqrasiyasının sülhün əsas sütunlarından biri olduğunu vurğulayıb və Ağ Evdəki üçtərəfli görüş əsnasında Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh istiqamətində irəli addım atıldığını qeyd edərək, həmçinin 2026-cı ilin iyun ayında keçiriləcək yeni müzakirələrin sülh gündəliyində mühüm irəliləyişə səbəb ola biləcəyini bildirib.
Trampın Azərbaycan-Ermənistan sülh prosesinə dair mühüm mesajlar verməsi Vaşinqtonun regionda vasitəçi rolunu gücləndirmək niyyətini göstərir. Bu kontekstdə sözügedən müraciətində ABŞ liderinin enerji inteqrasiyası ilə sülh gündəliyi arasında paralel qurması həqiqətən də diqqətəlayiqdir. Onun avqustun 8-də Vaşinqtonda keçirilən tarixi sülh sammitində regional enerji inteqrasiyasının əsas sütunlardan biri olduğunu vurğulaması
“enerji və sülhün kəsişməsi” kimi yeni bir yanaşmanı ortaya qoyur. Bu yanaşma onu göstərir ki, enerji layihələri yalnız iqtisadi deyil, həm də siyasi sabitliyin təmin olunmasında mühüm vasitədir. Beləliklə, Donald Trampın Bakı Enerji Həftəsinə müraciətində yer alan mühüm mesajdan bəlli olur ki, ABŞ enerji əməkdaşlığını önə çəkərək regional sülhün təşviqinə çalışır. Başqa sözlə desək, Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi rolunu davam etdirərək, enerji inteqrasiyasını sülhün möhkəmlənməsi üçün əsas mexanizm kimi görür.
ABŞ Prezidentinin müraciətində enerji və sülhün bir-birini tamamlayan iki əsas sütun kimi təqdim olunması Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Müraciətdə ABŞ ilə Azərbaycanın qlobal enerji təhlükəsizliyi sahəsində fundamental tərəfdaşlığın gələcək illərdə daha da güclənəcəyinin xüsusi olaraq vurğulanması isə həm Azərbaycan üçün beynəlxalq arenada siyasi dəstəyin göstəricisi, həm də regionun gələcək sabitliyi üçün ümidverici siqnaldır. ABŞ liderinin müraciəti İlham Əliyevin sülh və enerji diplomatiyasının uğurlu olduğunu göstərir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.