Özünü ermənilərin dostu və müttəfiqi kimi göstərən ölkələr bu gün Ermənistanı silahlandırmağa yox, sülhə təşviq etməlidirlər
Bu gün (mayın 28-də) Ermənistanda hərbi parad keçirilməsinin fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa rayonunun Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü zamanı verdiyi mesajları necə dəyərləndirirmək olar? Dövlətimizin başçısının sözügedən mesajları ilk növbədə Ermənistanın Respublika Günü münasibətilə keçirilən hərbi parad fonunda bizim strateji üstünlüyümüzün əyani nümayişi kimi qiymətləndirilməlidir: İlham Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmliyini, Qarabağda əldə etdiyimiz şanlı Qələbəmizin mütləqliyini və bərpa işlərinin sürətini ön plana çıxardı. Bununla da bir daha həm ermənilərə, həm də bütün dünya birliyinə açıq mesaj verildi ki, biz bu torpaqların əzəli və əbədi sahibləriyik və İrəvandakı paradla nümayiş etdirilən silah gücü Azərbaycanın istər siyasi və mənəvi üstünlüyü, istərsə də hərbi gücü qarşısında təsirsizdir.
Bir məqamı da qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətindən sonra ilk dəfə hərbi parad keçirən Ermənistan bu gün Rusiya, Hindistan, Fransa, İran, Çin və digər ölkələrdən alınmış yeni silahlar nümayiş etdirməklə, əslində, Azərbaycana hərbi gücünü nümayiş etdirmək məqsədini yox, məhz postmüharibə dövründəki dirçəlişi daxili auditoriyaya göstərməyi hədəfləmişdi. Elə baş nazir Nikol Paşinyan da bu paradı “2022-dən sonra əldə edilən silahların hesabatı” kimi təqdim etməklə bir daha erməni ictimaiyyətinin rəğbətini qazanmağa çalışdı. Rusiyayönümlü radikal müxalifət isə bunu seçkiqabağı təbliğat kimi qiymətləndirdi. Lakin Ermənistanda kiminin parad vasitəsilə siyasi xal qazanmağa çalışmasından, kiminin isə Kremlin diktəsi ilə bu paradı tənqid etməsindən asılı olmayaraq, bu gün Cənubi Qafqazdakı proseslərə real təsir göstərmək imkanları məhz Azərbaycanın əlindədir.
Bu mənada, Ermənistanın bu gün Rusiyadan aldığı “TOS-1” odsaçan sistemlərini, Hindistan istehsalı “Pinaka” MLRS, “Akash” zenit-raketlərini, Fransa istehsalı “Sezar” haubitsalarını, İranın “Majid” HHM sistemini və ya Çinin “CH-4” dronlarını nümayiş etdirməsi onsuz da heçnəyi dəyişmir. Prezident İlham Əliyev eyni gündə Böyük Qaladərəsi kəndindəki çıxışında Qarabağ Zəfərinin qürur dolu səhifələrini – 2020-ci ildəki və 2023-cü ildəki uğurlu hərbi əməliyyatlarımızı haqlı olaraq Şanlı Zəfər nümunəsi kimi qiymətləndirərək, Ermənistanı “44 gün ərzində kapitulyasiyaya məcbur etdik” gerçəyini xatırlatmaqla regionda real güc sahibi olduğumuzu bir daha hər kəsin diqqətinə çatdırdı.
Prezidentin bugünkü çıxışı Azərbaycanın siyasi üstünlüyünü və faktiki nəzarətini ön plana çıxardı. Bu gün qalib Azərbaycan dövləti Dəmir Yumruğunu Böyük Qayıdış strategiyasına çevirərək Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirir. Bu baxımdan, İlham Əliyevin Şuşa rayonunun Böyük Qaladərəsi kəndindən səsləndirdiyi mesajlar bir tərəfdən keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı və bərpa işlərinin sürəti ilə bağlı gerçəkləri daxili auditoriyaya çatdırmağa hesablanıbsa, digər tərəfdən isə Azərbaycanın bölgədə qalib və söz sahibi olduğunu məhz xarici auditoriyaya göstərmək məqsədi daşıyır. Bu, həm də o deməkdir ki, özünü ermənilərin dostu və müttəfiqi kimi göstərən ölkələr bu gün Ermənistanı silahlandırmağa yox, sülhə təşviq etməlidirlər. Artıq hamı bir həqiqəti qəbul etməlidir ki, ermənilərin üzərindən Cənubi Qafqazda oynanılan bütün məkrli ssenarilər iflasa məhkumdur. Birdəki, Ermənistanı silahlandırmaqla erməni xalqından zorla “qəhrəman” düzəltmək mümkün deyil.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.