Prezident İlham Əliyev Ulu Öndərin strateji kursunu, uzaqgörən siyasətini uğurla davam etdirərək ərazi bütövlüyümüzü bərpa etdi

Bu gün biz Azərbaycanın dövlətçilik tarixinin ən şərəfli səhifələrindən birini – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 108-ci ildönümünü və yaxud, rəsmi ifadə ilə desək, 28 May – Müstəqillik Gününü böyük qürur və iftixar hissi ilə qeyd edirik. Dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarından Müstəqillik Günümüz ilə əlaqədar olaraq Prezident İlham Əliyevin ünvanına çoxsaylı təbrik məktubları gəlməyə davam edir. Müasir Azərbaycan dövlətçiliyinin təməl daşlarının qoyulduğu 1918-ci il mayın 28-i xalqımızın azadlıq arzusunun gerçəyə çevrildiyi bir gün kimi hər birimiz üçün qiymətli və dəyərlidir.

108 il öncə, mayın 28-də Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması milli dövlətçilik ənənələrimizin davam etdirilməsində, xalqımızın öz müqəddəratını təyin etməsində, azadlıq və müstəqillik ideallarının gerçəkləşməsində misilsiz rol oynayıb. Həmin gün Azərbaycan Milli Şurasının iclasında qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarixi hadisə xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Cümhuriyyətin qısa müddət yaşamasına baxmayaraq, onun qoyduğu siyasi, hüquqi və mənəvi irs bu gün müasir Azərbaycan Respublikasının dövlətçilik təməllərinin əsasını təşkil edir. Parlamentli idarəetmə, vətəndaş hüquq və azadlıqlarının tanınması, milli ordu quruculuğu, təhsil və mədəniyyət sahəsində atılan addımlar xalqımızın gələcək inkişaf yolunu müəyyənləşdirib.

Bu tarixi hadisə yalnız Azərbaycan xalqı üçün deyil, bütün türk-müsəlman xalqları üçün misilsiz əhəmiyyətə malikdir. Çünki bizim Cümhuriyyətimiz bütün Türk və İslam dünyasında ilk parlamentli, demokratik respublika kimi tarixə düşüb. Birincilik görəvinin, missiyasının daşıyıcısı bizik. Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti müddətində həqiqətən də çox böyük işlər görüb, iqtisadi-siyasi, sosial-mədəni, humanitar sahələrdə bir çox ilklərə imza atıb. Cümhuriyyətin mövcud olduğu qısa müddət ərzində həyata keçirilən islahatlar, qəbul edilən qanunlar və dövlət quruculuğu sahəsində atılan addımlar müasir Azərbaycan dövlətçiliyinin təməl daşlarını qoydu. Milli ordu quruldu, dövlət atributları təsbit edildi, təhsil və mədəniyyət sahəsində mühüm yeniliklər həyata keçirildi.

Ən əsası isə Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoylu, Əlimərdan bəy Topçubaşov və digər milli istiqlal mücahidlərinin fədakar fəaliyyəti nəticəsində Cümhuriyyətimizin qurulması ilə xalqımızın öz müqəddəratını təyin etmək hüququ beynəlxalq miqyasda tanındı. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, xalqımızın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb, ərsəyə gəlib. Həmin dövrdə, olduqca mürəkkəb siyasi burulğanlar şəraitində dövlət bayrağımızın, dövlət himnimizin və gerbimizin qəbul edilməsi, Azərbaycan vətəndaşlığının təsis edilməsi, milli ordunun qurulması, ilk universitetin yaradılması və Azərbaycan türkcəsinin dövlət dili elan edilməsi milli dövlətçilik şüurumuzu özümüzə qaytarmaqla yanaşı, həm də xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu bir daha nümayiş etdirdi.

Lakin 1920-ci il aprelin 27-də sovet-bolşevik Rusiyasının işğalçı XI Qırmızı ordusunun hissələrinin ölkəmizə müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması qarşıya qoyulan məqsədlərə tam müvəffəq olmağa imkan vermədi. Azərbaycanda repressiv sovet-sosialist rejiminin qurulması cümhuriyyətçilik ənənələrimizin güclənməsinin qarşısını zorakı şəkildə aldı. 70 il davam edən sovet-kommunist quruluşu Azərbaycan xalqının azadlıq hissini boğmaq üçün hər şeyi etdi. Ancaq müstəqillik ideyası heç bir zaman unudulmadı. Xalqımız 1991-ci ildə öz dövlət müstəqilliyini yenidən bərpa edərək, Cümhuriyyətin tarixi varisliyi prinsipi əsasında üçüncü respublikanı – müstəqil Azərbaycan Respublikasını yaratdı.

Onu da ayrıca olaraq qeyd etməliyik ki, müstəqilliyimizin bərpasının ilk illəri ölkəmiz və xalqımız üçün heç də asan keçmədi. 1990-cı illərin əvvəllərində yaşanan faciəli, dramatik hadisələri bu gün də hamımız yaxşı xatırlayırıq. Dövlətçiliyimiz bərpa ediləndən qısa müddət sonra yenidən parçalanmaq, məhv olmaq təhlükəsi ilə üzləşdi. Ancaq 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycanın rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi və müstəsna liderliyi, idarəçiliyi sayəsində müstəqilliyimizi qoruyub saxlamaq və möhkəmləndirmək mümkün oldu. Ulu Öndərin vurğuladığı kimi, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da, onu qoruyub saxlamaq daha çətin və məsuliyyətli bir işdir. Məhz Heydər Əliyevin sarsılmaz iradəsi və dövlətçilik təcrübəsi nəticəsində həmin təlatümlü dövrdə Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı.

Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmləndi, siyasi böhranlar tam olaraq aradan qaldırıldı, iqtisadi dirçəliş üçün zəmin yarandı, ordumuz möhkəmləndirildi, hərbi sənayemiz qurulmağa başladı. Prezident İlham Əliyev isə Ulu Öndərin strateji kursunu, uzaqgörən siyasətini uğurla davam etdirərək ərazi bütövlüyümüzü bərpa etdi, Azərbaycanı qalib dövlətə, Cənubi Qafqazın lider ölkəsinə çevirdi. Hazırda Azərbaycan sadəcə müstəqil dövlət kimi deyil, fəal geosiyasi aktor kimi dünya birliyində nüfuzlu söz sahibinə çevrilib. “Bir kərə yüksələn bayraq bir daha enməz” həqiqəti öz təsdiqini tapıb. Bu gün hər bir azərbaycanlının qürur duya biləcəyi güclü bir dövlətimiz var – qalib Azərbaycan dövləti! Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »