Fransanın Avropa İttifaqında, Azərbaycanın isə Cənubi Qafqazda mühüm oyunçu olması hər iki region üçün unikal əməkdaşlıq imkanları yaradır

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib və telefon söhbəti zamanı prezidentlər Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin gündəliyindəki məsələləri nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar. Maraqlıdır, Azərbaycan Prezidentinin bu yaxınlarda bəzi Avropa liderlərinin və eləcə də Avropa Parlamentinin ünvanına səsləndirdiyi sərt bəyanatlardan sonra Makronun sanki heçnə baş verməyibmiş kimi Əliyevə zəng etməsinin məqsədi nədir? Fransız liderin azərbaycanlı həmkarına bu zəngi bir neçə məqsədə xidmət edə bilər. İlk növbədə məhz ikitərəfli münasibətlərin saxlanılması və inkişafı Fransa üçün çox önəmlidir.

Fransa ilə Azərbaycan arasında münasibətlər son illərdə məhz Makronun günahı üzündən bəzən gərginləşsə də, bu cür birbaşa əlaqə göstərir ki, tərəflər dialoqu tam kəsmək niyyətində deyil. Dialoqun davamlılığı həqiqətən də vacibdir. Makronun Əliyevə zəngi münasibətlərdə bir növ yumşalma siqnalıdır. Bu, diplomatik kanalların açıq qalmasına və gələcək əməkdaşlıq üçün zəminin qorunmasına xidmət edir. Başqa sözlə desək, Makron Azərbaycana münasibətdə yol verdiyi səhvlərini düzəltməyə çalışır.

O ki qaldı Makronun Əliyevə bu zəngi Fransa-Azərbaycan münasibətlərinə necə təsir göstərəcək və bu zəngin Azərbaycan üçün xeyri nədir məsələsinə, hesab edirəm ki, liderlərin telefon söhbətinin nəticələri Fransa–Azərbaycan münasibətlərinə müsbət təsir göstərəcək. Uzun müddət Fransadakı erməni lobbisinin diktəsilə anti-Azərbaycan siyasəti yürüdən, lakin bütün cəhdləri fiaskoya uğrayan Makron artıq gec də olsa başa düşüb ki, bu gün Cənubi Qafqazda sabitlik Fransa üçün də çox önəmlidir. Ona görə də bu zəng, Fransa tərəfinin regiondakı proseslərə diqqətini və Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq yoluyla regionda təsir imkanlarını qorumaq istədiyini göstərir.

Eyni zamanda, Azərbaycan da öz mövqelərini Fransa kimi güclü bir ölkəyə birbaşa çatdırmaq imkanı qazanır. Bu isə Fransa ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin yenidən aktuallaşmasına zəmin yarada bilər. Fransa ilə münasibətlərin yaxşılaşması Azərbaycanın Avropa ilə iqtisadi-energetik əməkdaşlıq və diplomatik manevr imkanlarını daha da genişləndirəcək. Onu da nəzərə alsaq ki, Fransa Avropa İttifaqının (Aİ) aparıcı ölkələrindən biridir, Fransa ilə Azərbaycanın birbaşa əlaqələrinin inkişaf etməsi bütün tərəflər üçün faydalıdır. Fransanın Avropa İttifaqında, Azərbaycanın isə Cənubi Qafqazda mühüm oyunçu olması hər iki region üçün unikal əməkdaşlıq imkanları yaradır. Bu kontekstdə, Makron-Əliyev dialoqu Paris-Bakı münasibətlərinə yeni məzmun gətirə bilər. Əsas odur ki, Makron artıq Azərbaycanın regionda yaratdığı yeni reallıqları qeydsiz-şərtsiz qəbul edir.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »