Biz yan-yörəmizdəki qonşularımızı kifayət qədər yaxşı tanıyırıq. Ermənilərlə bərabər, rusların və farsların da xislətinə yaxından bələdik. Bu mənada, Rusiyanın və İranın hakim dairələrinin və onların propoqandaçı medialarının, əlaltı “ekspert”lərinin Ermənistanda davam edən seçki-təbliğat kampaniyasının gedişini və xüsusən də Nikol Paşinyanın çıxışlarını ermənilərin özlərindən də qat-qat artıq diqqətlə izləmələrinin səbəbini, motivlərini də yaxşı başa düşürük. Paşinyanın Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı az qala hər yeni açıqlaması ya Moskvada, yadaki Tehranda ciddi rezonans doğurur və onların sözügedən açıqlamalara qeyri-adekvat reaksiyaları da regionda sülhün əsas əleyhdarlarının kimliyini bir daha açıq şəkildə ortaya qoyur.
Paşinyanın son çıxışlarının birində Azərbaycanın işğal olunmuş anklavları, o cümlədən Kərki (onlar “Tiqranaşen” deyirlər) kəndini Bakıya təhvil verəcəkləri barədə səsləndirdiyi bəyanatın cənub qonşumuzun hakim dairələrində və ekspert camiəsində böyük ajiotaj doğurması ciddi mətləblərdən xəbər verir. Maraqlıdır, görəsən, Paşinyanın bu açıqlaması nədən Tehranda bu qədər ciddi narahatlıq doğurub? Erməni baş nazirin “Kərkini Azərbaycana qaytaracağıq” ifadəsində İranı bunca əndiləşəndirən hansı qorxulu məqamlar ola bilər? Bu sualların cavabı öz əksini İranın qatı fars-şovinist ekspertlərindən biri olan Ehsan Movadehianın sərsəm fikirlərində tapıb. Belə ki, molla rejiminə “SOS” siqnalı verən Movadehian məhz Kərki kəndi ilə bağlı sayıqlamalarını “xəbərdarlıq” adlandıraraq bunları yazıb: “Qafqazı öz taleyinə buraxan İran İslam Respublikasının rəsmilərinə son xəbərdarlıq!
Bu kəndi ələ keçirməklə Bakı təkcə “saxta” Zəngəzur dəhlizinin enini genişləndirməyəcək, həm də hava məkanı üzərində suverenliyini təsdiqləyəcək, eyni zamanda İranın Ermənistana tranzit yolunu kəsəcək. Türkiyə ilə birlikdə onlar İranın Qafqaza və Avropaya bütün çıxış yollarına nəzarəti ələ keçirəcəklər. Azərbaycan Kərkiyə nəzarəti ələ keçirsə, yüksəkliklərdə mövqelər tutaraq E117 yolunu atəş nəzarətinə ala biləcək və potensial müharibədə Sünik (Zəngəzur) əyalətini İranla əlaqəsini kəsə biləcək. Xəbərdarlığım bitdi! İndi arxayın oturun və yenidən izləyin!”.
Bu məqamda ortaya növbəti çarpaz sual çıxır: böyük Zəngəzur dəhlizinin ardınca kiçik bir kənd – Kərki nə üçün molla rejiminin “qorxulu röya”sına çevrilib? Rəsmi Tehran Movadehian kimi rejim təbliğatçısını Kərki kəndindən dolayı nə üçün bu qədər əsəbi, isterik şəkildə dilləndirir? Movadehianın isterikası, əslində, molla rejiminin özünün heç cürə gizlədə bilmədiyi bərk narahatlıqdan doğur. Məsələ burasındadır ki, Kərki kəndi sadəcə, sıradan bir kənd deyil, olduqca mühüm əhəmiyyətli strateji nöqtədir. Çünki bu kənd Zəngəzur dəhlizinin və yaxud, hazırkı İran-Ermənistan tranzit yolunun lap yaxınlığında yerləşir. Məhz bu baxımdan molla rejimi həmin kəndin Azərbaycana qaytarılmasını özü üçün həyati əhəmiyyətli təhlükə hesab edir. Movadehianı Paşinyanın açıqlamasına qarşı rejim köpəyi kimi qısqırtmaqları da elə bundan qaynaqlanır. Görünən budur ki, mollalar və onların saxta “ekspert”ləri Azərbaycanın qanuni torpağı olan və 1990-cı illərin əvvəllərində işğal olunmuş Kərkinin qaytarılmasının labüdlüyünü hələ də başa düşməyiblər. Onlar hələ də köhnə stereotiplərlə, narrativlərlə düşünür, qondarma “qırmızı xətt”lərinin girovluğunda qalırlar. Biz mollaları yeni reallıqlara dəvət edirik. Belə onlar bilməlidirlər ki, Kərki kəndinin Azərbaycana təhvil verilməsi qaçılmazdır. Çünki bunu həm beynəlxalq hüquq, həm də Azərbaycanın delimitasiya şərtləri tələb edir. Kərkinin qaytarılması da məhz iki ölkənin – Azərbaycan və Ermənistanın sərhəd delimitasiyası proqramının tərkib hissəsidır. Odur ki, mollalara təklif edirik, yaxalarını cırmasınlar, yeni reallıqlarla barışsınlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.