Mamdani üçün erməniçilik Azərbaycan və Türkiyədən daha önəmlidir

Hər ilin aprelin 24-ü düşmənlərimizin kimliyini tanımaq və məkrli siyasətlərini daha düzgün bəlirləmək baxımından olduqca əhəmiyyətli təqvimdir. Ötən gün Fransa prezidenti Emmanuel Makrondan tutmuş Rusiya lideri Vladimir Putinə qədər dünyanın bir sıra siyasi xadimləri növbəti dəfə 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi, “barbarlıq” kimi təqdim etdilər. Klinton-Obama-Bayden “məktəb”inin yetirməsi olan ABŞ-ın Nyu-York şəhərinin meri Zohran Mamdani də çox təəssüf ki, aprelin 24-də “timsahın göz yaşları”na bələnərək ermənilərin saxta “kədər”inə şərik olanların sırasında yer aldı.

Belə ki, Nyu-Yorkun bu gənc meri “X” platformasında 1915-ci ilin aprelində Osmanlı dövlətinin ermənilərin xəyanətinin qarşısını almaq məqsədilə həyata keçirdiyi məcburi köçürmə siyasətini qəsdən “erməni soyqırımı” kimi təqdim edib və utanmadan tarixi həqiqətlərin təhrifinə yol verib. Mamdani sözügedən paylaşımında yazıb ki, “bu gün “erməni soyqırımı”nın 111-ci ildönümüdür. Osmanlı İmperiyası tərəfindən müasir Türkiyə, Suriya və Ermənistan ərazilərində qətlə yetirilmiş 1,5 milyon ermənini anarkən, tarixin təkrarlanmasına imkan verməməliyik”.

Bu da azmış kimi Z.Mamdani, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə də həqiqətdən uzaq fikirlər səsləndirib və bunu da “100 il əvvəl başlamış soyqırımı kampaniyasının davamı” kimi qiymətləndirib: “2020-ci ildə Azərbaycan və Türkiyənin hərbi qüvvələri Dağlıq Qarabağdakı erməni əhalisinə hücum etdi. 2023-cü ildə isə Azərbaycan 100 mindən çox ermənini Dağlıq Qarabağdan qovdu və bununla da 100 ildən artıq əvvəl başlamış soyqırımı kampaniyasını davam etdirdi. Bu anım günündə biz erməni xalqının, eləcə də bütün xalqların azadlıq, təhlükəsizlik və öz müqəddəratını təyin etmə hüququnu bir daha təsdiqləyirik”.

Biz Nyu York merinin bu cür ağ yalanına və siyasi həyasızlığına təəccübləndikmi? Yox, qətiyyən təəccüblənmədik. Çünki necə deyərlər, Mamdaninin zatına-kökünə yaxşı bələdik, onun hansı “yuvanın quşu” olduğunu bilirik. Bu adam ABŞ-ın Demokratlar Partiyasının “mətbəx”ində böyüyüb, onun düşüncələri və siyasi dünyagörüşü Hillari Klinton, Barak Obama, Barni Sanders, Co Bayden kimi tipik liberal-demokratların, radikal solçuların ideoloji təsiri altında formalaşıb. Mamdani sümükdən iliyinə, təpədən dırnağına qədər potensial liberal-solçudur. Bu da o deməkdir ki, onunçün milli və dini kimlik qətiyyən önəmli deyil. Mamdaninin müsəlmanlığı da, şiəliyi də formal bir şeydir. Ona görə də Mamdani üçün erməniçilik Azərbaycan və Türkiyədən daha önəmlidir. Bu dırnaqarası “müsəlman” heç bir vicdan ağrısı hiss etmədən açıq-aşkar erməniçilik edir və Türkiyə ilə Azərbaycanı saxta “soyqırımı”nda ittiham edir, böhtan atır.

Mamdani kimi “müsəlman”lar müsəlmanlıq adına ləkədir. Onun “xaç ata”sı kimi dəyər verdiyi Baydenin yolunu davam etdirərək qondarma “erməni soyqırımı” ifadəsini dilə gətirməsi təkcə Türkiyəyə qarşı deyil, bütün müsəlmanlara qarşı xəyanətdir. Bu mənada xəyanətkar “müsəlman” merin xəyanətkar ermənilərin yanında yer alması əsla təəccüblü deyil. Azərbaycan və Türkiyə başda olmaqla bütün müsəlman-türk dövlətləri Mamdaninin adını “qara siyahı”ya salmalı, onu “arzuolunmaz şəxs” (persona non grata) elan etməlidirlər.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »