Türkiyəyə qarşı atılan addım həm də Azərbaycana və digər türk dövlətlərinə qarşı atılmış addım deməkdir
Bayraq yandırmaq gücün yox, gücsüzlüyün, acizliyin, çarəsizliyin və məğlubluğun göstəricisidir. Bayraq yandırmaq tərbiyəsizlikdir, vəhşilikdir, vandallıqdır. Lakin çox təəssüf ki, hər ilin 24 aprel tarixində dünya birliyinin diqqətini uydurma “erməni soyqırımı”na cəlb etməyə, dünya dövlətlərindən dəstək almağa çalışan cahil ermənilər bu həqiqəti dərk edə bilmirlər. Ötən gün Ermənistanın paytaxtı İrəvan şəhərində (Respublika meydanında) qondarma “soyqırımı”nın ildönümü ilə bağlı keçirilən yürüş zamanı Türkiyənin dövlət bayrağının yandırılması faktı da bir daha onu göstərir ki, erməni cəmiyyəti normallaşmaqdan, sivilləşməkdən, adekvat və sülhsevər topluma çevrilməkdən hələ çox uzaqdır.
Düzdür, Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın mərkəzində baş tutmuş bayraq yandırma barbarlığını məsuliyyətsiz və qəbuledilməz hərəkət kimi qiymətləndirərək, bu hadisəni qınadı. Lakin sadəcə qınamaqla azğınlaşmış faşist kütləni, revanşist millətçiləri cilovlamaq və islah etmək mümkün deyil. Bütün radikalların cəmləşdiyi “Ermənistan” bloku, “Daşnaksütyun” partiyası, “Güclü Ermənistan”, “Çiçəklənən Ermənistan”, “Şərəfim var” kimi blok və fraksiyaların Türkiyə bayrağını yandıranları dəstəkləməsi Ermənistanın müxalif siyasi dairələrinin Türkiyə və Azərbaycan başda olmaqla bütün Türk dünyasına qarşı dözümsüzlüyünün, irqi-milli ədavətin göstəricisidir. Bu cür radikal ünsürləri, zombiləşmiş yaratıqları qınamaqla erməni cəmiyyəti düzələn deyil. Onlar cinayət məsuliyyətinə cəlb edilməli, azadlıqdan məhrum edilməlidir. Paşinyan seçkilərdə qalib gələrsə, həm bayraq yandıran qrupları, həm də qonşu ölkələrə qarşı düşmənçilik siyasətini təbliğ edən, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyən sabiq prezidentləri və nazirləri Ermənistanın siyasi vitrinindən uzaqlaşdırmalı və hətta onların bəzilərini tutub Azərbaycana təhvil verməlidir.
Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan, Samvel Babayan, Vitali Balasanyan kimi “müharibə bayquşları” mütləq ədalət məhkəməsində mühakimə olunmalıdırlar. Bu yaratıqlar regionda sabitliyin yaranmasını istəməyən qüvvələrin başında gəlirlər. Cənubi Qafqazda sülh və sabitliyin dayanıqlılığının təmin edilməsinin yolu müharibə canilərinin həbsindən, revanşistlərin siyasi səhnədən silinməsindən keçir. Əks təqdirdə, Moskvadan və xaricdəki erməni lobbisindən dəstək alan radikal qüvvələr Azərbaycana qarşı sosial media üzərindən nifrət körükləməklə, Türkiyə bayrağının yandırılması kimi təxribatçı hərəkətlərlə sülh prosesini əngəlləməyə davam edəcəklər.
Daşnaklar bayraq yandırmağı erməni xalqının irsi-genetik vərdişinə çevirməyə çalışırlar. Onlar əvvəlki illərdə Türkiyə bayrağı ilə birlikdə Azərbaycan bayrağını da yandırırdılar. Budəfə isə Türkiyənin dövlət bayrağını yandırmaqla kifayətləndilər. Bu da erməni riyakarlığının və erməni cahilliyinin başqa bir nümunəsidir. Beyinləri türkəfobiya ilə zəhərlənmiş erməni radikalları başa düşə bilmirlər ki, Türkiyəyə qarşı atılan addım həm də Azərbaycana və digər türk dövlətlərinə qarşı atılmış addım deməkdir. Görünən budur ki, erməni cəmiyyəti hələ uzun müddət millətçi-irqçi zehniyyətin məngənəsində vurnuxmağa davam edəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.