Belçika parlamentinin regionda guya “gərginlik” və “hərbi risk”lərin mövcudluğunu iddia etməsi doğrudan da çox gülünc görünür

Bəzi ölkələr var ki, onların dünyanın mövcud geosiyasi proseslərində varlığı ilə yoxluğu əsla hiss olunmur və bilinmir (ərazisinin həcmindən və əhalisinin sayından asılı olmayaraq). Belçika və Niderland da məhz bu kateqoriyaya aid olan ölkələr sırasındadır. Və bu ölkələr öz varlığını göstərmək, natamamlıq kompleksini aradan qaldırmaq üçün bəzən olduqca qeyri-adi, ekstravaqant üsullara əl atırlar. Niderland parlamentinin aprelin 16-da Azərbaycanda həbsdə olan erməni separatçılarının “hərbi əsir” kimi təqdim edilərək azad olunması və qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı iki qətnamə qəbul etməsi və elə həmin gün Belçika Nümayəndələr Palatasının isə Qarabağı könüllü tərk etmiş mülki ermənilərin beynəlxalq zəmanətlərlə geri qayıtmaq hüququnu dəstəkləməsi də az öncə qeyd etdiyimiz qeyri-adiliyin, əcaibliyin bariz nümunələridir.

Əlbəttə, biz Belçika və Niderland parlamentləri tərəfindən qəbul edilmiş sözügedən sənədləri ciddiyə almaya bilərdik. Çünki bu sənədlərin heç bir hüquqi əsası və icra imkanları yoxdur. Həmin sənədləri qəbul edən belçikalı və holland parlamentarilər özləri də çox yaxşı bilirlər ki, onların səs verdikləri sənəd ən yaxşı halda makulaturadan başqa bir şey deyil. Lakin Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri Julyen de Frepon və Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Marian de Yonqun ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılmaları və onların təmsil etdikləri ölkələrin parlamentlərinin qəbul etdikləri bu sənədlərə qarşı kəskin etiraz bildirilməsi tamamilə düzgün addımdır. Biz bu ölkələrə sərt cavab verməliyik ki, onlar, necə deyərlər, öz yerlərini bilsinlər və yersiz ermənipərəstlik azarından əl çəksinlər.

Bəli, görünən budur ki, Belçika, Niderland kimi bəzi ölkələrin hakim dairələrini və siyasi elitalarını erməni lobbisinin “əsarət”indən qurtarmaq missiyası məhz Azərbaycanın üzərinə düşür. Belçika və Niderland parlamentarilərini reallıq hissinə qaytarmaq lazımdır. Onlara Cənubi Qafqazın real xəbərlərini çatdırmaq və sülh gündəliyini onların gözlərinə soxmaq lazımdır. Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağa qayıdış mövzusunu bağlamışıq” dediyi bir vaxtda, Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında növbəti görüşün baş tutduğu bir məqamda və Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağının yola salınması ərəfəsində Belçika və Niderland parlamentlərinin son qətnamələrindəki iddialar və ittihamlar həqiqətən də onların reallıq hissini itirdiklərini göstərir.

Belçikalılar və niderlandlı parlamentarilər bu cür paradoksal addımları ilə siyasi “kloun” olduqlarını göstərdilər. Onların yeri parlament yox, sirk səhnəsidir. Çünki parlament üzvləri bu qədər savadsız, informasiyasız və cahil ola bilməzlər. Və bunca qeyri-ciddilik ola bilməz. Hətta ən adi “obıvatel” də görür və anlayır ki, Belçika və Niderland parlamentlərinin qəbul etdikləri anti-Azərbaycan xarakterli sənədlər heç bir hüquqi əsaslara və eləcə də regiondakı real geosiyasi vəziyyətə söykənmir. Xüsusən də hazırda Ermənistanla Azərbaycan arasında tam sabit vəziyyət hökm sürdüyü və de-fakto sülh mövcud olduğu bir halda, Belçika parlamentinin regionda guya “gərginlik” və “hərbi risk”lərin mövcudluğunu iddia etməsi doğrudan da çox gülünc görünür.

Niderland və Belçika parlamentariləri Azərbaycanı “işğalçı” kimi təqdim etməyə cəhd göstərmək əvəzinə, ilk növbədə gedib öz ölkələrinin rüsvayçı müstəmləkəçi keçmişini araşdırmalıdırlar və dünyanın müxtəlif xalqlarına qarşı törətdikləri istismarçılıq və vəhşiliklərə görə üzr istəməlidirlər. Onlar öz neokolonialist keçmişlərindən utanmalıdırlar. Belçika və Niderland Cənubi Qafqazda heç kimə “vəkil”lik etməməlidir. Nə Azərbaycanın, nədəki Ermənistanın belə “çağırılmamış vəkil”lərə ehtiyacı yoxdur. Çünki hər iki ölkə postmüharibə dövrünə qədəm qoyub və son 2 ildə Azərbaycan-Ermənistan sərhədində heç bir insident, atəşkəs pozuntusu qeydə alınmayıb. Hazırda bu iki ölkə ən sabit və dinc qonşuluq dönəmini yaşayır. Ona görə də Belçika və Niderland parlamentarilərinə aranı qarışdırmamağı məsləhət görürük. Ermənilərdən çox erməniçilik etməyin, cənablar!

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »