Güney Azərbaycandakı soydaşlarımızın hazırkı durumu və gələcək taleyi barədə düşünməliyik

İranın ruhani elitası – 88 nəfərlik Ekspertlər Şurası nəhayət ki, bu ölkənin yeni dini-siyasi liderini, ali rəhbərini seçdi, kimliyini bəyan etdi. Bu şəxs fevralın 28-də ABŞ-İsrail hücumu nəticəsində öldürülən Seyid Əli Xameneinin oğlu Müctəba Xameneidir. Beləliklə, Müctəba Xamenei 90 milyonluq qalmaqallı bir ölkənin yeni ali dini lideridir. Atasının siyasi hakimiyyətinə və fiziki-cismani varlığına son qoyan ABŞ və İsrail Müctəba adlı avantüristi sağ saxlayacaqmı, bu, bir ayrı söhbətin mövzusudur. İndki məqamda bizim hamımızı dərindən düşündürməli olan əsas məsələlərdən biri isə budur ki, bizim toplumun bəzi fərdləri nə üçün bu adamın İranın yeni rəhbəri seçilməsini belə böyük sevinc hissilə, coşquyla, məmnunluqla qarşılayır. Hələ sosial şəbəkələrdə bir-birinə gözaydınlığı verənlərin, rəy yazıb təbrik edənlərin sayını demirəm. Belələrinin sayı-hesabı yoxdur.

Onlardan soruşmaq lazımdır ki, ay manqurtlar, Tehran sakinlərinin bir çoxu yeni dini lideri qarğış-nifrətlə qarşılayıb, “Ölüm olsun Müctəbaya!” şüarları səsləndirdikləri halda, bəs, siz nəyə və niyə sevinirsiniz? Məgər siz Müctəba Xameneinin necə toksik, zərərli, məkrli bir şəxs olduğunu bilmirsiniz? Onun Azərbaycana qarşı düşmən münasibətindən heç xəbəriniz yoxdur? Əgər bütün bunları qəsdən görməzdən-bilməzdən gəlirsinizsə, məlumunuz olsun ki, Müctəbanın namizədliyini dəstəkləyən əsas qüvvə məhz Azərbaycana qarşı daim qatı düşmənçilik mövqeyi sərgiləyən SEPAH -dır. Bu adam SEPAH-ın dəstəyi ilə bir çox qanunsuz işlərə əl atıb, zorakılıqlara yol verib. Eyni zamanda, qonşu ölkələrə, xüsusən də Azərbaycan və Türkiyəyə qarşı hər zaman aqressiv münasibətilə fərqlənib. SEPAH-ın “xeyir-dua”sı ilə ali dini rəhbər kürsüsünə oturandan sonra da bu adamın Azərbaycana qarşı neqativ münasibəti əsla dəyişməyəcək. Ölkəmizə qarşı düşmən gözüylə baxan bir şəxsin ali dini rəhbər təyin olunmasına sevinmək xalqımızdan qopmaq və düşmənin yanında yer almaq deməkdir. Görünən budur ki, fars-molla rejimi son 30 ildə həqiqətən də Azərbaycanda qurduğu gizli təbliğat şəbəkəsinin vasitəsilə bu adamların beyinlərini əməlli-başlı “yuyub”.

Deyirlər, coğrafiya taledir və qonşuları seçmək mümkün deyil. İran kimi cığal, problemli, destruktiv, narahat, qalmaqallı və davakar bir ölkə ilə qonşu olmaq da məhz coğrafiyanın təyin etdiyi bir taledir. Belə bir ölkə ilə qonşu olmaq doğrudan da olduqca çətin məsələdir. Lakin bütün bunlara baxmayaraq Azərbaycan dövləti cənub qonşumuzla normal, dinc qonşuluq münasibətlərinin qurulması üçün səylərini heç vaxt əsirgəmir. Prezident İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyini ziyarət etməsi və Seyid Əli Xameneinin ölümü ilə əlaqədar başsağlığı verməsi də məhz Azərbaycan xalqının və dövlətinin humanist qonşuluq anlayışının təzahürü idi. Dövlətimizin başçısı martın 8-də İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı da İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığı verib. Lakin bununla yanaşı, İlham Əliyev Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini də Pezeşkianın diqqətinə çatdırıb. Bu da bir daha onu göstərir ki, Azərbaycanın suverenliyinin toxunulmazlığı bizim üçün hər şeydən öndə gəlir. Sıravi insanlarımız da Azərbaycanın milli dövlətçilik maraqlarını eynilə bu cür prinsipiallıqla qorumalıdırlar. Həmçinin Güney Azərbaycandakı soydaşlarımızın hazırkı durumu və gələcək taleyi barədə düşünməliyik. Vəssalam, hazırkı kritik məqamda bizim əsas prioritetlərimiz, bax, bunlar olmalıdır. İran isə bu gün molla rejiminin bərbad siyasətinin bədəlini yaşayır. Ona görə də ayrı-ayrı insanlarımız fars-molla rejiminin “vəkil”i kimi çıxış etməməlidirlər.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »