Əvvəllər anti-Azərbaycan şəbəkəsində əsas etibarilə liberal-solçu Qərb və molla İranı yer alırdısa, son bir neçə ildə (xüsusən də AZAL-a məxsus sərnişin təyyarəmizin Qroznı səmasında vurulmasından və Yekaterinburq hadisələrindən sonra) isə Putin Rusiyası da bu şəbəkəyə aktiv şəkildə qoşularaq ölkəmizə qarşı təzyiq və şantajların, dezinformasiya kampaniyalarının, müxtəlif təxribatların törədilməsində, informasiya savaşı və hibrid müharibənin təşkil edilməsində xüsusi fəallıq göstərir. Ona görə də Azərbaycan Prezidentinə qarşı Münhen və Vaşinqton təxribatlarının pərdə arxasında Kremlin dayandığına dair təxminləri qəribçiliyə salanların arqument və əsaslandırmalarını qətiyyən ciddiyə almaq lazım deyil. Çünki onların əks arqumentləri izləri itirməyə və Rusiya izini diqqətdən yayındırmağa xidmət edir.
Unutmamalıyıq ki, bu gün müxtəlif ölkələrə qarşı hibrid müharibələrin təşkilatçıları sırasında ən başda gələn Rusiya Federasiyası keçmiş Sovetlər Birliyinin hüquqi varisidir. Ötən əsrin sonlarında tarixin arxivinə qovuşan SSRİ-nin dünyada “şər imperiyası” kimi tanınmasının bir səbəbi də onun müxtəlif ölkələrə qarşı hibrid müharibələrin törədilməsində, dövlət çevrilişlərinin təşkil edilməsində, sosialist yönümlü marionet rejimlərin hakimiyyətə gətirilməsində xüsusi fəallıq göstərməsi ilə bağlı idi. Sosializmin hökmranlıq etdiyi dövrdə Kreml ABŞ-ın qulağının dibində – Kuba və Nikaraquadan tutmuş Əfqanıstan və Yəmən, Kamboca və Şimali Koreyaya qədər, Yer kürəsinin ən müxtəlif nöqtələrində solçu-kommunist hərəkatlara, inqilabçı və terrorçu qruplaşmalara gizli və ya açıq dəstək verərək onların hakimiyyəti zorla ələ keçirmələrini təmin edirdi. Bütün bunlar danılmaz tarixi faktlar və həqiqətlərdir.
İndi “dekorasiya”lar dəyişsə də və SSRİ tarix səhnəsindən silinsə də, lakin onun hüquqi (və həm də mənəvi) varisi olan, keçmiş “KQB” podpolkovnikinin idarə etdiyi Rusiya dövlətinin dəst-xətti əsla dəyişməyib. Keçmiş KQB-nin “şinel”indən çıxmış Vladimir Putinin hazırkı aqressiv xarici siyasəti Sovet İttifaqının mənfur ekspansionist siyasətindən elə də kəskin fərqlənmir. Fərq yalnız ondadır ki, keçmiş SSRİ bu və ya digər ölkələrdə hakimiyyət çevrilişlərini yalnız yerli sosialistlərin, radikal solçu qruplaşmaların əliylə həyata keçirirdisə, hazırkı Putin Rusiyası isə özüyçün heç bir siyasi-ideoloji sərhəd qoymur və hədəfə aldığı ölkələrin müstəqil siyasətinə son qoymaq üçün həmin ölkələrin solçularıyla da, sağıçılarıyla da, liberallarıyla da, dindar kəsimi ilə də illeqal əməkdaşlıq edir və onlara hər cürə dəstək verir.
Kremlin son illərdə Gürcüstan, Qırğızıstan, Moldova və digər postsovet ölkələrində öz əlaltılarını hakimiyyətə gətirmək istiqamətində atdığı addımlar hamımıza yaxşı məlumdur. “Xüsusi Hərbi Əməliyyat” kimi qondarma-aldadıcı ad altında hazırda Ukraynaya qarşı aparılan işğalçı müharibə də elə Putinin bu ölkəni zorla Rusiyanın “təsir dairəsi”nə qaytarmaq istəyindən qaynaqlanır. Həmçinin qarşıdan gələn seçkilər zamanı Nikol Paşinyanı Ermənistanın rəhbərliyindən uzaqlaşdırmaq üçün Kremlin bu ölkənin rusiyapərəst siyasi qüvvələrinə sıx dəstək verməsi də heç kimə sirr deyil. Regional və qlobal proseslərdə fəal subyekt kimi iştirak edən, suveren siyasət yürüdən Azərbaycan da Kremlin hədəfindədir.
Belə ki, yeni dünya nizamının qurulması proseslərində fəal iştirak edən, müxtəlif geosiyasi blok və platformaların (o cümlədən ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının) formalaşdırılmasında qurucu üzv kimi iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin öz mövqeyini açıq şəkildə ortaya qoyması, müstəqil siyasət yürütməsi keçmiş SSRİ-nin bərpa edilməsi xülyaları ilə yaşayan neoimperiyaçı Putini özündən çıxarır və hiddətləndirir. Prezident İlham Əliyevin Ermənistanla ikitərəfli müstəvidə (Rusiyanın heç bir vasitəçiliynə yer qoymadan) fəal sülh siyasətini davam etdirməsi, Azərbaycanın ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasını imzalayaraq əlaqələri gücləndirməsi, Suriyanın yenidən qurulmasında Türkiyəyə sıx dəstək verməsi, habelə Ukraynaya humanitar yardımlarla yanaşı siyasi dəstəyi də davam etdirməsi Rusiyanın qisasçı rəhbərliyinin qəzəbinə səbəb olur. Həmçinin Kiyevdəki Səfirliyimizə Rusiya tərəfindən vurulan zərbələrin Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev tərəfindən bütün dünyanın gözü qarşısında ifşa edilməsi də Kremlin hiddətinə səbəb olub.
Bir sözlə, Kreml rəhbərliyi İlham Əliyevin Qarabağda erməni separatizminə son qoyması və bununla da Cənubi Qafqazın geosiyasi reallıqlarını dəyişməsi nəticəsində regionun Rusiyanın təsir dairəsindən çıxmasını və Azərbaycanın regionun gerçək liderinə, diktə edən gücünə çevrilməsini heç cürə qəbul edə bilmir. Məhz buna görə də son vaxtlar Rusiyanın anti-Azərbaycan xarakterli fəaliyyətləri daha da intensivləşib. Hətta bir neçə gün öncə Vaşinqtonda baş verən və özünü “azərbaycanlı fəallar” kimi tanıdan bir qrupun icraçılığı ilə həyata keçirilən son təxribatçı aksiya da ilk baxışdan bir neçə gəncin adi ictimai aksiyası təəssüratını bağışlasa da, lakin Azərbaycana qarşı qərarların qəbul edilməsində xüsusi təşəbbüskarlığı ilə fərqlənən qatı şovinist erməni lobbi təşkilatının – Amerika Erməni Milli Komitəsinin (ANCA) bu aksiyaya dərhal dəstək verməsinin də Rusiyanın anti-Azərbaycan addımları ilə sinxron əlaqəsi var.
Onu da nəzərə almalıyıq ki, Paşinyana qarşı barışmaz mövqe tutan və Azərbaycanı ciddi şəkildə hədəfə alan qlobal erməni lobbisinə bu gün ABŞ və Fransa yox, məhz Kreml “xaç ata”lığı edir. Lakin Azərbaycan artıq Kremlin bütün kirli oyunlarına və sifarişli təxribat üsullarına bələddir. Biz istənilən təxribatları neytrallaşdırmaq təcrübəsinə malikik. Ona görə də anti-Azərbaycan güclərin təxribat ssenariləri iflasa uğramağa məhkumdur. Kremlin və erməni lobbisinin sıx işbirliyi Azərbaycanın regionda yaratdığı yeni reallığı dəyişə bilməz.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.