Vensin Azərbaycana səfəri ölkəmizin həm ABŞ üçün əhəmiyyətini, həm də Cənubi Qafqazdakı güclü mövqeyini təsdiq edir

ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə daxil olur. Birləşmiş Ştatların vitse-prezidenti Ceyms Vensin fevralda Azərbaycana gözlənilən səfəri də məhz yeni mərhələnin başlandığını göstərir. ABŞ prezidenti Donald Trampın bununla bağlı yanvarın 24-də “Truth Social” platformasında verdiyi anonsdan belə məlum oldu ki, Vensin həm Bakıya, həm də İrəvana səfəri ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasından sonra iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin edilməsi istiqamətində səyləri davam etdirmək və “TRIPP marşrutu”nu (Zəngəzur dəhlizi) irəli aparmaq məqsədini daşıyır.

ABŞ Prezidenti, həmçinin sözügedən bəyanatında Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək niyyətində olduğunu bildirib. Vensin Azərbaycana səfəri də təbii ki, ilk növbədə strateji tərəfdaşlıq sənədinin imzalanması ilə bağlı olacaq. Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıqla bağlı sənədin hazırlanması üçün məsləhət və işçi qrupunun yaradılması barədə razılaşma avqustun 8-də Vaşinqtonda əldə olunmuşdu. Bu sənəd demək olar ki, artıq hazırdır və böyük ehtimalla Vensin Azərbaycana səfəri əsnasında imzalanacaq.

ABŞ-ın hazırkı rəhbərliyi Azərbaycanın strateji əhəmiyyətini yaxşı başa düşür və Prezident Donald Tramp Azərbaycan ilə münasibətləri inkişaf etdirməyə davam edir. Xəzər bölgəsində aparıcı ölkə kimi Azərbaycanın ABŞ-ın yeni dünya düzəni planlarında vacib rol oynaya biləcəyini Ağ Evdə düzgün qiymətləndirirlər. Prezident İlham Əliyev Azərbaycanın etibarlı müttəfiq imicini uğurla formalaşdırıb.

Vensin Azərbaycana səfəri ölkəmizin həm ABŞ üçün əhəmiyyətini, həm də Cənubi Qafqazdakı güclü mövqeyini təsdiq edir. Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasına böyük töhfə verə biləcəyi faktoru da heç şübhəsiz ki, Ağ Ev rəhbərliyi tərəfindən nəzərə alınır. Azərbaycan ABŞ-ın strateji tərəfdaşı kimi Trampın qlobal sülh təşəbbüslərinə fəal dəstək verəcək.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »