Azərbaycan qalib və güclü dövlət olduğunu əyani təsdiqlədiyi kimi, gərəkdiyində humanist və sülhpərvər dövlət kimi davranmağı da bacarır

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər erməniəsilli şəxsin yanvarın 14-də Ermənistan tərəfinə təhvil verilməsi ilk növbədə geniş çərçivədə sülh xəttimizə, dövlət maraqlarımıza xidmət edir. Bu addım hazırkı sülh prosesi fonunda Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa əsasən atılıb. Eyni zamanda, biz bu addımı humanizm prinsiplərinə uyğun olaraq atmışıq. Bütün dünya birliyi də bir daha gördü ki, Azərbaycan sözdə yox, əməli olaraq ümumbəşəri dəyərlərə sayğı ilə yanaşan humanist dövlətdir.

Ermənistana təhvil verilən məhkumların arasında Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonunun Meşəli kəndində törədilmiş soyqırımında iştirakda ittiham olunaraq 15 il azadlıqdan məhrum edilmiş Vaqif Xaçatryan adlı cinayətkar da var və bir sıra insanlarımızın onun Ermənistana təhvil verilməsinə emosional reaksiya vermələri tamamilə təbiidir. Çünki insanlarımız onun xalqımıza qarşı düşmən hərəkətlərini bu gün də xatırlayırlar. Lakin gələcək milli mənafelərimiz baxımından bu gün sözügedən erməni cinayətkarların İrəvana təhvil verilməsi Azərbaycanın strateji hədəflərinə uyğundur. Bu gün Azərbaycanın əsas prioritet hədəfi lideri olduğu regionda qalıcı sülhə nail olmaqdır. 4 erməninin qarşı tərəfə təhvil verilməsi prosesi də məhz Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olunmasının praktik nəticəsi kimi həyata keçirilib.

Rəsmi Bakının Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David və Euljekyan Vigen Abrahamı İrəvana təhvil verməsinin həm Azərbaycanda, həm də Ermənistanda müzakirələrə səbəb olması normaldır. Çünki hər iki ölkə 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton razılaşmalarının məntiqinə uyğun olaraq bu kimi cari addımları atmaqla öz xalqlarını real sülhə hazırlayırlar. Azərbaycan da bu addımı öz mövqeyindən geri çəkilən zəif ölkə kimi yox, tam əksinə, öz ərazi bütövlüyü və suverenliyini bərpa etmiş və separatçıları da tutub Bakıya gətirərək ədalət məhkəməsinin qarşısına çıxartmış qalib ölkə kimi atıb. Ona görə də “4 erməni məhbus nəyə görə qaytarılıb” sualı üzərindən manipulyasiyalar edənlərin həmişəki kimi fürsətçilik göstərib ictimai rəydə çaşqınlıq yaratmaları, suyu bulandırmaları yersizdir.

Azərbaycan qalib və güclü dövlət olduğunu əyani təsdiqlədiyi kimi, gərəkdiyində humanist və sülhpərvər dövlət kimi davranmağı da bacarır. Dövvlətimiz və ordumuz 44 günlük müharibə və 23 saatlıq antiterror əməliyyatı zamanı öz sözünü döyüş meydanında dedi və həmçinin dövlətçiliyimizə qarşı çıxmış erməniləri ələ keçirərək cinayət məsuliyyətinə cəlb etdi. Bəli, biz onları tutub Bakıya gətirməklə hansı gücə malik olduğumuzu hamıya göstərdik. Müasir dövrümüzdə bunu bacaran çox az dövlət var. Bu gün Azərbaycanın sülhün əsas təşəbbüsçüsü olan dövlət kimi sözügedən məhbuslardan bir neçəsini qarşı tərəfə təhvil verməsi də güclü dövlətin praqmatik siyasətinin göstəricisidir.

Azərbaycan artıq əsas hədəflərinə nail olub və indi postmüharibə dövrünün məntiqi ilə hərəkət edərək sülh və əməkdaşlıq yolunu seçib, regionda sabitliyin bərqərar olunmasına start verib. Bu addım ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqelərini və regionda davamlı inkişafın, təhlükəsizliyin təmin olunmasına töhfə verən sülhsevər ölkə imicini daha da möhkəmləndirəcək. Bizim sülhsevərliyimiz gücümüzə və qalibiyyətimizə əsaslanır.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »