İlham Əliyevin mükəmməl diplomatiyası Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratmaqla Kremlin oyunlarını pozdu
Paşinyan hökumətinin ictimaiyyət üçün açıqladığı və bəzi ekspertlərin “Qarabağ faylları” adlandırdığı Ermənistan–Azərbaycan danışıqlarına dair sənədlərin Ermənistanı çalxalaması təbiidir. Həmin sənədlər 44 günlük İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə aparılan danışıqların məzmununu, gerçək mahiyyətini açıq göstərir. Ermənistan hökuməti uzun illər Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda müzakirə olunmuş sənədləri dərc etmək üçün uğurlu vaxt seçib. Bu sənədlərdə ATƏT-in keçmiş Minsk Qrupunun uzun illər ərzində təqdim etdiyi müxtəlif təklif paketləri ilə bağlı məqamların və Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan kimi işğalçı prezidentlərin mövqelərinin yer alması Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində bu müharibə canilərinin ifşa edilməsi baxımından olduqca əhəmiyyətlidir.
Yeri gəlmişkən, açıqlanan materiallar arasında Serj Sərkisyanın 2016-cı ilin Aprel döyüşlərindən sonra Vladimir Putinə yazdığı məktub da var. Məktubun məzmunu Ermənistana rəhbərlik etmiş bu şəxslərin nə qədər miskin və qul xislətli olduqlarını, onların Kremlin marionetləri, əlaltıları kimi fəaliyyət göstərdiklərini bir daha təsdiqləyir. Ermənistan hökumətinin dekabrın 2-də ictimaiyyətə təqdim etdiyi sözügedən 13 sənəddə üzə çıxan həqiqətlər və faktlar aydın şəkildə göstərir ki, yuxarıda adları çəkilən sabiq prezidentlər Ermənistanı həqiqətən də Rusiyanın vassalına, forpostuna çevirərək, həm Kremlin Cənubi Qafqazdakı geosiyasi planlarının icraçısı rolunda çıxış ediblər, həm də “miatsum”, “njdeizm”, “böyük ermənistan” kimi yırtıcı-anneksionist ideologiyaların “çətir”i altında Azərbaycana qarşı qatı düşmənçilik, irqçilik siyasəti yürüdüblər.
Açıqlanan sənədlər bir daha sübut edir ki, nə Kreml, nədəki İrəvan keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin real həllində heç vaxt maraqlı olmayıb. Qarabağa aid danışıqlar prosesi heç vaxt Qarabağ probleminin həllinə yönəlməyib. Danışıqlar sadəcə imitasiya xarakteri daşıyıb, onlar daim görüntü yaradıblar. Əsl həqiqətdə isə, Kremlin hiyləgərcəsinə moderatorluq etdiyi bütün danışıqlar prosesi Ermənistanı və Azərbaycanı geosiyasi “tələ”də saxlamaq məqsədini güdüb. Bu acı həqiqəti Nikol Paşinyan da dekabrın 3-də parlamentdə hökumət saatı zamanı çıxışında etiraf etdi. Belə ki, Ermənistanın baş naziri bildirdi ki, bu danışıqlarda əsas “məqsəd Qarabağ problemini həll etmək deyil, Ermənistan Respublikasını müstəqil dövlətə çevrilmək imkanından məhrum etmək” olub. Söhbət təbii ki, Kremlin geosiyasi məqsədindən gedir. Çünki Kreml daim Ermənistana Azərbaycan və Türkiyəyə qarşı istifadə ediləcək “dəyənək” kimi baxıb.
Lakin 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələri Kremlin Cənubi Qafqazla bağlı bütün geosiyasi hədəflərini alt-üst etdi. Prezident İlham Əliyevin mükəmməl diplomatiyası Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratmaqla Kremlin oyunlarını pozdu. İlham Əliyevin liderliyi ilə bölgədə aparılan sülh, təhlükəsizlik və etimad quruculuğu siyasəti bu gün Ermənistanı da Azərbaycanın xətti üzrə hərəkət etməyə, normallaşdırma kursunu dəstəkləməyə məcbur edir. Bu gün regionun təhlükəsizlik arxitekturasına real töhfə verən əsas aparıcı tərəf məhz Azərbaycandır.
Hazırda Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslər Rusiya və Ermənistan liderlərinin gizli məktublaşmaları əsasında yox, rəsmi Bakının diktəsilə formalaşır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməyə nail olan Azərbaycan bu gün beynəlxalq müstəvidə prinsipiallığı ilə seçilən, mövqeyi nəzərə alınan, hörmət edilən, fikrinə istinad olunan nüfuzlu ölkələrdən birinə çevrilib. Azərbaycanın müstəqil xarici siyasəti Ermənistanın da Kremlin “tələ”sindən qurtulmasında və sülh yolunu seçməsində mühüm rol oynadı. Paşinyanın açıqladığı sənədlərin erməni ictimai rəyində siyasi sarsıntı yaratması isə köçəryanların, sərkisyanların tarixin zibilliyinə atılmasına səbəb olacaq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.