Prezident İlham Əliyev Minsk Qrupunun tarixin arxivinə göndərilməsində xüsusi rol oynadı

ATƏT yarandığı dövrdən indiyə qədər Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırmaqla bəlkə də öz tarixində ilk dəfə düzgün addım atdı. Çünki Minsk Qrupu özünü doğrulda bilməyən bədnam və bivec bir təsisata çevrilmişdi. Üç həmsədrdən ibarət bu ermənipərəst qrupu, əslində, çoxdan tarixin zibilliyinə göndərmək lazım idi. Və rəsmi Bakı da uzun müddətdi ki, məhz bu tələblə çıxış edirdi. Lakin Qərbin ikili oyunları və Ermənistan tərəfinin Minsk Qrupunun mövcudluğundan Azərbaycana qarşı əlavə təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri formal təsisata çevrilmiş həmsədrlik institunu rəsmi olaraq ləğv etməyə imkan vermirdi.

Azərbaycan isə bu məsələdə faktiki olaraq axıra qədər prinsipial mövqe nümayiş etdirdi. Xüsusən də 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıqlar yaratması, fərqli kohfiqurasiya formalaşdırması nəticəsində ATƏT-in sözügedən uğursuz həmsədrlik institutunun de-yure ləğv edilməsi rəsmi Bakı üçün əsas prioritet məsələlərdən birinə çevrilmişdi. Həmsədr ölkələr və İrəvan isə Minsk Qrupunun ləğvinə bütün vasitələrlə mane olmaq xəttini seçmişdilər. Məhz buna görə də onlar Minsk Qrupunu nəinki 44 günlük müharibədən sonra, hətta 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatından sonrakı dövrdə də yenidən prosesə qoşmaq istəyirdilər. Lakin rəsmi Bakı bütün bu cəhdlərin qarşısını müvəffəqiyətlə ala bildi.

Prezident İlham Əliyev Minsk Qrupunun tarixin arxivinə göndərilməsində xüsusi rol oynadı. Belə ki, dövlətimizin başçısı 44 günlük müharibədən dərhal sonra (2020-ci ilin dekabrında) Bakıda həmsədrləri qəbul edərkən Minsk Qrupunun fəaliyyətini (daha doğrusu, fəaliyyətsizliyini) açıq mətnlə və çox sərt şəkildə tənqid etdi. Onlara başa salındı ki, Minsk Qrupu artıq keçilmiş, geridə qalmış mərhələdir. Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində parlaq qələbəsi Minsk Qrupunu de-fakto ölü quruma çevirmişdi. 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan liderləri tərəfindən Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasından sonra isə Minsk Qrupunun de-yure buraxılması da artıq tam qətiləşdi.

ATƏT rəhbərliyi Vaşinqtonda qəbul olunmuş həmin qərarı noyabrın 30-da həyata keçirdi və qurumun bununla bağlı yaydığı bəyanat Minsk Qrupunun ləğvini de-yure rəsmiləşdirmiş oldu. Bununla da Minsk Qrupunun 33 illik tarixçəsinə sonuncu nöqtə qoyuldu. Ermənistan–Azərbaycan münaqişəsinin həlli ilə deyil, onun dondurulması ilə məşğul olan və Azərbaycan xalqını işğal faktı ilə barışdırmağa çalışan Minsk Qrupu beləliklə rüsvayçı şəkildə tarix səhnəsindən silindi. Minsk Qrupu Azərbaycan xalqının yaddaşında ədalətsizliyin simvolu kimi qalacaq.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »